Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib

Şvıdkoy: “Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır”
Pre-COP29 konfransının ikinci gününə start verilib
Ərəb dünyasının mətbuatında Azərbaycanla bağlı materiallara geniş yer ayrılır

Aprelin 11-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış etdi. O, Forumun əhəmiyyətini vurğuladı, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini dedi.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun roluna toxundu.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.

Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.

President.az