Antonio Quterreş: Maliyyələşdirmə sədəqə deyil, dağıntılara və iqlim xaosuna qarşı investisiyadır

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib
QDİƏT-in baş katibi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
Mərkəzi Seçki Komissiyasında MDB PA-nın ekspert qrupu ilə görüş olub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur.

Bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur: “Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.

A.Quterreş bildirib ki, Rioda keçirilən G20 sammitindən yenicə qayıdıb və COP29 orada gündəliyin mühüm hissəsi olub:

“Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil”.

BMT-nin Baş katibi vurğulayıb ki, bu həm qısamüddətli fəaliyyətləri, həm də yeni milli iqlim planlarının hazırlanmasında ambisiyaları təhlükə altına ala bilər.

O bildirib ki, bu, qaçılmaz olaraq Braziliyada COP30-un uğurunu çətinləşdirəcək: “Bakıda ambisiyalı yeni iqlim maliyyələşdirmə hədəfi barədə aydın Sazişə ehtiyacımız var. Bu hədəf öz müxtəlif komponentləri vasitəsilə inkişaf etməkdə olan ölkələr üçün lazım olan maliyyəni səfərbər etməlidir”.

“Bütün tərəflərin 1,5 dərəcə hədəfinə uyğun yeni milli planlar təqdim edə bilməsi, hər bir hökumətin təmiz, ucuz bərpa olunan enerji mənbələrindən və ədalətli enerji keçidindən faydalanması, eyni zamanda emissiyaların azaldılmasını sürətləndirməsi üçün maliyyələşdirmənin artırılması lazımdır”, – A.Quterreş qeyd edib.

Baş katibin sözlərinə görə, Paris Sazişinə fokuslanmış beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir: “Geosiyasi fikir ayrılıqları və qeyri-müəyyənlik fonunda dünya ölkələrin birləşməsinə ehtiyac duyur”.

O, nazirlərə və danışıqlar aparanlara müraciət edib: “Sərt mövqeləri yumşaldın. Fikir ayrılıqlarınızdan çıxış yolu tapın. Daha geniş olan mənzərəni gözdən qaçırmayın! Maliyyələşdirmə sədəqə deyil. Bu, nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı investisiyadır. Yer üzərindəki hər bir millət üçün daha təhlükəsiz, daha firavan gələcəyə ilk töhfədir”.

Report