Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkındakı Uşaq festivalında olub

Mədəniyyətimiz və milli mətbəximiz Meksikada keçirilən beynəlxalq festivalda
Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır
Prezident və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İyunun 2-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı davam edib. Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin ikinci günündə də Bakının azyaşlı sakinləri və qonaqları müxtəlif əyləncələrdə iştirak edib, asudə vaxtlarını dostları ilə birgə keçiriblər.

Festivalın ikinci günündə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib, Mərkəzin parkında uşaqlar üçün yaradılmış əyləncə məkanları ilə tanış olub.

Xatırladaq ki, Uşaq festivalı iyunun 1-dən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə start götürüb. Festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

Hər iki gündə uşaqlar üç saat ərzində bayramlarını əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını nümayiş etdirib, intellektual yarışlarda, maarifləndirici təlimlərdə iştirak ediblər. Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub.

Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada müxtəlif idman və incəsənət meydançaları yaradılıb, uşaqlar küçə incəsənəti üçün ərazidə asfalt üzərində müxtəlif rəsmlər çəkib, kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.

Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar da quraşdırılıb.

Cizgi filmlərinin qəhrəmanlarının iştirakı ilə nağıllar aləminə səyahət təşkil olunub. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

Həmçinin azyaşlılar üçün uşaq yaradıcılıq mərkəzləri və studiyalarının çıxışlarından ibarət konsert proqramı təqdim edilib.

Uşaqlar şahmat oynayıb, idmanın müxtəlif növləri üzrə master-klaslar təşkil olunub.

Heydər Əliyev Mərkəzinin parkında yaradılan maraqlı və sevilən zonalardan biri isə “Safari turu”, “Mini ferma” olub. Burada azyaşlılar bir sıra heyvanlarla canlı tanış ola biliblər.

Qeyd edək ki, festivalın birinci günündə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. Onlar hazırladıqları müxtəlif əl işlərini sərgiləyib, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Sonda uşaq evləri və internat məktəblərindən olan qonaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Festival iyunun 2-də başa çatıb.

AZƏRTAC