AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamənin tam mətni

ABŞ diplomatları məcburi köçkünlərlə görüşüb
Qarabağda rusiyalı və azərbaycanlı deputatların iştirakı ilə beynəlxalq konfrans keçirilib
Mədəniyyət naziri: “UNESCO-nun Azərbaycanı əsassız olaraq günahlandırması qərəzli yanaşmadır”

Ötən gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edilib.

APA qətnamənin mətnini təqdim edir:

Avropa Şurası Parlament Assambleyası
1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.

2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.

3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.

4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.

5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə edəcəyinə ümid edib.

6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.

7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb edir:
7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:
7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;
7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;
7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;
7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.
8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.

9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər.

Apa.az