ATƏT-in Minsk Qrupunun həmsədrləri sürətini artırmaqla hərəkət edən qatara minmək istəyirlər

İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin roluna dair müzakirələr aparılıb
Küveytdə Ərəb Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 46-cı konfransı keçirilib
Finlandiyada Datse Ştrausanın “Qarabağ atları” rəsm sərgisi keçirilib

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti ilə başa çatmasından, Ali Baş Komandan İlham Əliyevin iradəsi və  Azərbaycan hərbçilərinin rəşadəti sayəsində 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan tərpaqlarının azad edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi öz destruktiv və təxribat xarakterli əməllərindən əl çəkmir, məqsədyönlü şəkildə dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyasının qarşısını alır, silahlı insidentlərə əl atır, regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin, ən başlıcası isə Zəngəzur dəhlizinin açılmasına müxtəlif bəhanələrlə maneçilik törədir. Bu dövlət hər vəchlə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsinə açıq-aşkar əngəl törədir. Ermənistan nümayiş etdirmək istəyir ki, münaqişə başa çatmayıb, müharibənin başa çatmasını ehtiva edən 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq hələ də “Dağlıq Qarabağın statusunun müəyyən edilmədiyini iddia edirlər və bu məsələnin ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməli olduğu barədə sayıqlamalarla çıxış edirlər.

İkinci Qarabağ müharibəsinin başalaması göstərdi ki, ATƏT-in Minsk Qrupu öz vəzifəsinin öhdəsindən gələ bilməyib və münaqişənin dinc yolla həll edilməsinə nail ola bilməyən bu qrup vasitəsilik təsisatı kimi uğursuzluğa düçar oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi nəticəsində münaqişə başa çatdı, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etmiş olduğu 4 qətnamənin müddəalarını yerinə yetirdi. Müharibədən sonra regionda yeni reallıqlar formalaşdı. ATƏT-in Minsk Qrupu bütün bu proseslərdən kənarda qaldı. Bu azmış kimi, müharibənin gedişatında və postmüharibə dövründə ATƏT MQ həmsədr ölkələrindən biri olan Fransa açıq-aşkar beynəlxalq hüquq normalarına zidd olaraq işğalçı Ermənistana dəstək verdi və eyni zamanda vasitəçi kimi neytrallığını pozaraq hüquqi və mənəvi baxımdan öz nüfuzuna ciddi zərbə vurdu, bununla da həmsədr kimi ona olan inam itirildi. Digər həmsədr ölkə olan ABŞ da özünün Ermənistandakı səfirinin dili ilə son zamanlar açıq-aşkar təxribat xarakterli bəyanatlarla yadda qalıb, Ermənistana reallıqlardan tam uzaq olan illüziyalarla yaşamaq barədə ümidlər vəd edir.

Bir məsələ tam aydındır: ATƏT-in Mİnsk Qrupu bölgədə baş verən proseslərdən tam geri qalıb, Mİnsk Qrupu bu proseslərlə ayaqlaşa bilmir və bu proseslərə uyğun şəkildə özü üçün vəzifələr müəyyən edə bilmir. Azərbaycan Respublikasın Prezidenti İlham Əliyev hələ 2020-ci ilin dekabr ayında Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrlərini qəbul edərkən bildirmişdi ki, “Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu, müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb”. Həmin görüşdə həmsədrlərə bildirildi ki, görülməli işlər çoxdur, yeni reallıqlara uyğun olaraq təkliflərinizi hazırlayın, baxaq, müzakirə edək. Lakin indiyədək Minsk Qrupu tərəfindən heç bir təklif irəli sürülməyib, onlar da elə Ermənistan tərəfinin sərsəm “status” iddialarını tutuquşu kimi təkrarlayırlar. Onlar başa düşmək istəmirlər ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur, belə bir süni inzibati ərazi bolşeviklər tərəfindən 100 il əvvəl bölgədə gərginliyi saxlamaq və gələcəkdə həmin ərazini Ermənistana birləşdirmək məqsədilə yaradılmışdı. İkinci Qarabağ müharibəsindən sonra tarixi həqiqətlər bərpa edilməkdədir, artıq Şuşa və Xankəndi də daxil olmaqla Qarabağ iqtisadi sonası yaradılıb. Görəsən, ATƏT Minsk Qrupunun həmsədrləri mövcud olamayan əraziyə hansı statusun müəyyən edilməsi barədə iddialar səsləndirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmsədrləri qəbul edərkən maraqlı bir məqamı diqqətə çatdırıb və həmsədlərə sual ünvanlayıb: “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həllini tapmayıb? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bunu bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir, artıq münaqişə həll olunub.”

Mən uzun müddət Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvu olmuşam. Həmin dövrdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıq-aşkar işğalçı dövləti dəstəkləməsinin şahidi olmuşam. Belə ki, biz gərgin mübarizədən sonra 2014-cü ildə AŞPA-da mənim müəllifliyimlə irəli sürülmüş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihələri üzrə məruzələrin hazırlanmasına dair qərarın qəbul edilməsinə nail olduq. Britaniyalı deputat Robert Volter “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, Bosniya və Hersoqovinalı deputat Miliça Markoviç isə Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”  qətnaməsi üzrə məruzəçilər təyin edilmişdi. Ermənistan tərəfi hər iki məruzəçi ilə əməkdaşlıqdan imtina etdi və onların faktaraşdırıcı missiya ilə bölgəyə səfər etməsinə imkan vermədi. Həmin dövrdə Ermənistan hakimiyyəti bütün resurslarını səfərbər edərək məruzəçilərə təzyiqlər göstərirdi və bu qətnamələrin AŞPA gündəliyindən çıxarılmasına çalışırdı.

Ən təəccüblü və təəssüfedici məqam ondan ibarətdir ki, həmin vaxt ATƏT-in Minsk Qrupunun həmsədrləri plenar iclas öncəsi AŞPA-ya bəyanat ünvanlayaraq vurğulayırdılar ki, ““Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır” Həmsədrlər həmin bəyanatda eyni zamanda AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndirdiklərini diqqətə çatdırır və bildirirdilər ki, “ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”. Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi ilə məsələnin yalnız ATƏT-in Minsk Qrupu səlahiyyətlərinə aid olduğunu və AŞPA-nın bu məsələ ilə məşğul olmadığını bildirmişdilər. Məhz bu qərəzli, hüquqa zidd, etik normalara yaraşmayan bəyanat AŞPA üzvlərində çaşqınlıq yaratdı və deputatlara qarşı edilmiş təziqlər nəticəsində Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzəsi cəmi 4 səs fərqi ilə qəbul edilmədi. Bu isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin faktiki olaraq işğalçı dövləti dəstəkləməsindən və danışıqlar prosesini öz monopoliyasında saxlamaq istəyindən xəbər verirdi. Bu isə o demək idi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətləri dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb, onlar status-kvonun saxlanmasında və bununla da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qorunub saxlanmasında maraqlı olublar.

Amma Azərbaycan məsələni çox qısa bir zamanda, cəmi 44 gün ərzində həll etdi, torpaqları işğaldan azad etdi, bölgədə beynəlxalq hüququn pozulmuş normalarını bərpa etdi, hazırda məcburi köçkünlərin Böyük qayıdışı məqsədilə azad edilmiş ərazilərdə irimiqyaslı infrasrtuktur işləri aparılır. Bölgədə quruculuq işləri sürətlə davam edir. Bu proseslər sanki sürətini artırmaqla hərəkət edən qatarı xatırladır. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə sürətini artırmaqla hərəkət edən qatara minmək istəyirlər.

Onların əsas məqsədi isə sürətini artırmaqla hərəkət edən qatarı səngitməkdir…

Elxan Süleymanov,

AVCİYA prezidenti