ATƏT və Aİ nümayəndələri prezident seçkilərinə hazırlıqlarla maraqlanıb

Şuşada ilk uşaq tədbiri keçirilib
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
İlham Əliyev Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoyub

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskasla görüşüb.

MSK-dan Trend-ə verilən məlumata görə, M.Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub və bildirib ki, MSK-nın xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərdə Aİ ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib.

Səfir K.Yankauskas səmimi qəbula görə təşəkkür edərək, ölkəmizin seçki sistemi, eləcə də 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlarla maraqlanıb.

M.Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işlər, eləcə də nəzərdə tutulan genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə də görüşüb.

Sədr nümayəndə heyətini salamlayaraq, Mərkəzi Seçki Komissiyasında keçirilən görüşdən məmnunluğunu bildirib.

Səmimi qəbul üçün sədr M.Pənahova təşəkkürlərini bildirən ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş seçkilərə hazırlıqla maraqlanıb.

Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu və bu münasibətlərin Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm rol oynadığını vurğulayan MSK sədri ölkəmizin seçki sistemi barədə ətraflı danışıb. M.Pənahov həmçinin, diqqətə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən intensiv şəkildə atılan addımlar ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.