AVCİYA-nın eksperti professor Asif Hacıyev nüfuzlu beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib

Hande Harmancı: Xəstəlikdən xilas olmaq üçün peyvəndlə yanaşı maskadan istifadə etmək çox vacibdir
Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib
COP29 çərçivəsində iqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası müzakirə olunub

AVCİYA-nın ekspertiprofessor Asif Hacıyev bu günlərdə Rusiya Federasiyasında onlayn formatda keçirilən iki beynəlxalq elmi konfransda təşkilatçıların şəxsi dəvəti ilə iştirak edərək ölkəmizi uğurla təmsil etmişdir. Rusiya fundamental tədqiqatlar fondunun dəstəyi ilə Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetində keçirilmiş “Rus dili müasir onlayn-təhsildə” adlı konfransda professor Hacıyev Azərbaycan Respublikasında rus dilinə münasibət, bütövlükdə rusdilli təhsilin vəziyyəti və miqyası, rus dili və ədəbiyyatının onlayn-təhsil şəraitində tədrisinin elmi-metodik və filoloji məsələləri haqqında geniş məruzə ilə çıxış etmişdir. Dünyanın 11 ölkəsindən və Rusiyanın 18 şəhərindən 79 iştirakçının qatıldığı konfransda rus dilinin Azərbaycan cəmiyyətində geniş işləndiyi, Respublikamızda sayı yüzlərlə ölçülən rusdilli təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirildiyi və təchiz edildiyi, yerli mütəxəssislərin hazırladığı tədris resursları ilə təmin olunduğu göstərilmişdir. Eyni zamanda məlum pandemiyanın reallıqları ilə əlaqədar onlayn-təhsilin ölkəmizin orta və ali məktəblərində, o cümlədən rusdilli təhsil ocaqlarında və bölmələrində yüksək səviyyədə qurulduğu, onlayn formatda təhsilin gələcək inkişaf perspektivləri və müvafiq nəzəri-metodoloji və təcrübi-metodik meyarlar iştirakçıların diqqətinə çatdırılmışdır. Nüfuzlu beynəlxalq konfransın plenar iclasında çıxış edən professor Asif Hacıyev eyni zamanda konfransın materiallarının dərc edildiyi böyük həcmli elmi toplunun beynəlxalq redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.

 İkinci tədbir Moskva Pedaqoji Dövlət Universitetində gerçəkləşən ənənəvi “Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq” silsiləsi çərçivəsində onlayn formatda təşkil olunan “Beynəlxalq təhsil və inteqrasiya: yeni çağırışlar və həllər” adlı seminardan ibarət olmuşdur. Bir sıra beynəlxalq və federal təşkilatların dəstəyi və yüzə qədər mütəxəssis və təhsil işçisinin iştirakı ilə keçirilən beynəlxalq seminarda professor Asif Hacıyev Respublikamızdakı  tolerant ictimai mühit, ölkəmizdə yaşayan bütün xalqların milli hüquqlarının tam təmin olunması, ana dillərində təhsilləri və mədəni inkişafı, dövlətçilikdə bərabərhüquqlu iştirakı barədə ətraflı məlumat vermişdir. Azərbaycan multikulturalizm modelini səciyyələndirən Asif Hacıyev bunun parlaq təzahürü kimi, rus dilinin cəmiyyətdə və təhsildə geniş istifadəsi, rus dili və ədəbiyyatının orta məktəblərdə kütləvi tədrisi barədə konkret faktlara əsaslanan analitik məlumat vermişdir. Azərbaycanda kütləvi xarakter daşıyan rusdilli və digər dillərdə tədrisin Respublikamızda aparılan dövlət təhsil siyasətinin tərkib hissəsi olduğu, ictimaiyyətimizin tolerantlığından, mədəniyyətimizin polikultur səciyyəsindən, ölkəmizdə müxtəlif din mənsublarının və etnik qrupların vətəndaş həmrəyliyindən, Azərbaycan və rus xalqları arasında səmimi dostluq əlaqələrindən və ölkələrimizin sıx əməkdaşlığından qaynaqlandığı qeyd olunmuşdur. Azərbaycanda rus dili və rus ədəbiyyatının tədrisində tarixən qazanılmış qabaqcıl təcrübəni qeyd edən professor Hacıyev bu prosesin ümumi filoloji və metodik prinsiplərlə yanaşı, təhsil alanların mental xüsusiyyətlərinə və vətəndaş identikliyi meyarına uyğun qurulduğunu, xalqlarımız arasında tarixi dostluq əlaqələrinin və ölkəmizdə vətəndaş həmrəylinin möhkəmlənməsinə yönəldiyini vurğulamışdır.