Noyabrın 24-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ofisində yenicə nəşr olunmuş “Göyşay döyüşləri Türkiyə tarixşünaslığında” kitabının təqdimat mərasimi keçirilib. Bu kitab AVCİYA-nın layihəsi çərçivəsində “Göyçay döyüşləri”nə həsr olunmuş ikinci kitabdır. Layihə çərçivəsində 2017-ci ildə “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri ( iyun-iyul 1918-ci il)” kitabı nəşr edilib.
Kitabda Göyçay qəzasında bolşevik, erməni-daşnak qüvvələrinə qarşı 1918-ci ilin iyun-iyul aylarında baş vermiş döyüşlərdə Türkiyə və Azərbaycan döyüşçülərinin qəhraman mübarizəsi Türkiyə tarixşünaslığı əsasında tədqiq edilib. Kitabda Qardaş Türkiyə tarixçilərinin Qafqaz İslam Ordusu və Azərbaycan döyüşçülərinin qəhrəman mübarizəsindən bəhs edən elmi əsərləri araşdırılıb, müqayisəli təhlil edilib.
Təqdimat mərasimini giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev Assosiasiyanın adı çəkilən layihəsi ilə bağlı ətraflı məlumat verib.
Kitabın müəllifi, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı kitab üzərində iş prosesindən danışıb və Qafqaz İslam Ordusunun yeni yaranmış Azərbaycan Milli Ordusu ilə birlikdə Göyçay döyüşündəki qələbəsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini vurğulayıb. Müəllif layihənin rəhbəri, AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanova öz minnətdarlığını bildirib.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi Tuğba Uzel, tarix üzrə elmlər doktoru, professor Qasım Hacıyev, “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, tarix üzrə fəlsəfə doktoru Samir Baxşəliyev və başqaları çıxış edərək, kitab haqqında təəssüratlarını bölüşüblər. Qeyd edilib ki, kitabın elektron variantı ilə “1905.az” portalında tanış olmaq mümkündür.
Kitab “1905.az Studio”da çapa hazırlanıb.