
Çıxışda Stalinqrad döyüşünün, ümumən müharibənin Azərbaycanda ədəbi resepsiyasının da kifayət qədər geniş və çoxcəhətli olduğu iştirakçıların diqqətinə çatdırılıb. Müharibə mövzusunun Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə, o cümlədən sayı beş yüzə çatan rusdilli məktəblərdə öyrənildiyini, dərslərdə və sinifdənkənar maarifçi tədbirlərdə tarixi yaddaşın uşaqlara aşılandığını bildirib. Eyni zamanda İkinci Dünya müharibəsinə, eləcə də Stalinqrad döyüşünə həsr olunmuş bədii əsərlər və tarixi hadisələr haqqında Azərbaycanın ali təhsil müəssisələrində, o cümlədən universitetlərin rus dili və ədəbiyyatı bölmələrində və digər humanitar ixtisaslar üzrə Azərbaycan və rus dillərində tədris aparılan bölmələrdə akademik və tələbə tədqiqatları aparıldığı dinləyicilərin diqqətinə çatdırılıb.
Professor Asif Hacıyev çıxışında müharibə mövzusunun Azərbaycan xalqı üçün xüsusilə aktual olduğunu, otuz il ərzində qonşu ölkə tərəfindən ərazi iddiaları ilə təcavüzə məruz qalmış və torpaqları işğal olunmuş Azərbaycan Respublikasının hazırda tarixi ərazilərini işğaldan azad etdiyini və Prezident İlham Əliyevin bəyan etdiyi kimi bütün ölkələrlə dostluq və əməkdaşlıq münasibəti qurmaq əzmində olduğunu vurğulamışdır.