AVCİYA prezident seçkiləri öncəsi monitorinqlər və seminarlar keçirəcək

Hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında Prezidentin Sərəncamı
Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
“Airbus” şirkəti ilə “Azərkosmos” arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin daha demokratik və şəffaf təşkilinə dəstək məqsədilə müşahidə missiyası həyata keçirir. Artıq fevralın 5-dən uzunmüddətli müşahidə missiyasına başlamışıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov fevralın 9-da keçirilən mətbuat konfransında deyib.

AVCİYA-nın müşahidə missiyası barədə məlumat verən E.Salmanov bildirib ki, Assosiasiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki ilə bağlı şikayətləri və qanunverici baza, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK, Dairə və Məntəqə Seçki komissiyalarının fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə start verib. Qanunvericilik bazası, seçkilər ərəfəsində ölkədə ictimai-siyasi vəziyyətlə bağlı monitorinqlər aparılacaq və nəticələr barədə hesabatlar veriləcək. “Bu missiya çərçivəsində yalnız seçkilər günü seçkilərin monitorinqi aparılmayacaq. KİV-in fəaliyyəti, Mərkəzi Seçki Komissiyasının seçki komissiyalarının müşahidəsi və digər məsələlər həyata keçiriləcək”, – deyə E.Salmanov əlavə edib.

Qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, uzunmüddətli müşahidə ilə bağlı aralıq hesabat aprelin 6-da ictimaiyyətə təqdim ediləcək. Seçkilər günü müşahidə və seçkilərin nəticələrinə dair ilkin münasibət isə aprelin 12-də səhər saatlarında elan olunacaq. Tam yekun hesabatın da aprelin 26-da geniş ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Gələn həftədən AVCİYA Şirvan, Salyan, Hacıqabul və Sabirabad rayonlarında ilk seminarlara və treninqlərə başlayacaq. Seminarların məqsədi yerlərdə müşahidəçiləri maarifləndirmək və demokratik, şəffaf seçkilərə dəstək verməkdir.

M.Zülfüqarlı, eyni zamanda, seçki qərargahının rayon əlaqələndiricilərinin attestasiyasının, regional ofislərinin işinin prezident seçkilərinə uyğunlaşdırılmasının da tamamlandığını bildirib. O deyib ki, hətta seçicilərin fəallığının artırılması ilə bağlı fevralın 16-dan aprelin 10-dək regionlarda seminarlar və müşahidəçilər üçün treninqlər keçiriləcək. Yaxın günlərdə isə müşahidəçilərə kömək məqsədilə “Yaddaş kitabçası” nəşr olunacaq.

Vurğulanıb ki, seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin təbliğinə önəm verir, eləcə də beynəlxalq qurumlarla əməkdaşlığa da müsbət yanaşır. M.Zülfüqarlının sözlərinə görə, KİV-in monitorinqi müxtəlif yönümlü 8 qəzeti və 2 agentliyi əhatə edir.