AVCİYA prezident seçkiləri ilə bağlı fəaliyyət planını açıqlayıb

AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
AVCİYA regionlarda əhalini kommunal xidmətlər və istehlakçı hüquqları ilə bağlı maarifləndirir
Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı 26-38 faiz olub – exit-poll

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) prezident seçkiləri ilə bağlı fəaliyyət planını açıqlayıb. APA-nın xəbərinə görə, AVCİYA-nın qərargahında keçirilən mətbuat konfransında qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı fəaliyyət planı barədə məlumat verib.

M. Zülfüqarlı bildirib ki, bu il may ayından AVCİYA-nın seçki qərargahı fəaliyyətə başlayıb və 12 qəzetin (4 iqtidar, 4 müxalifət, 4 müstəqil) monitorinqi aparılır: “Bizim birinci monitorinqlərimiz namizədlərin imza toplaması və qeydiyyatı, ikinci monitorinq namizədlərin seçki kampaniyasının müşahidəsi, üçüncü isə seçkilərin müşahidəsi olacaq. Bütün bunlara öz münasibətimizi bildirəcəyik”.

M. Zülfüqarlı qeyd edib ki, AVCİYA-nın bütün bəyanatları ingilis, Azərbaycan və rus dillərində nəşr olunacaq. Assosiasiyanın seçkilərlə bağlı xüsusi internet saytı da fəaliyyətə başlayacaq. Regionlarda AVCİYA-nın ofisləri fəaliyyət göstərəcək. Sentyabr ayınadək seçkiləri müşahidə edən heyətlərə treninqlər keçiriləcək.

M. Zülfüqarlı Venesiya Komissiyasının seçki komissiyalarının 50-50 nisbətində formalaşdırılması təklifini real saymadıqlarını bildirib: “Müxalifət vahid birliyi olmadığı üçün komissiyaların paritet əsasla formalaşdırılması mümkün deyil. AVCİYA olaraq biz təklif etmişik ki, seçki komissiyaları siyasi partiyaların nəzarətindən çıxarılsın və müstəqil ekspertlərdən formalaşdırılsın”.

Seçki qərargahının rəhbəri əvvəlki seçkilərlə müqayisədə müxalifətdə fəallığın aşağı olduğunu, qarşıdakı aylarda bu sahədə aktivliyin artmasının gözlənildiyini vurğulayıb.

Təşkilat nümayəndəsi “exit-poll”un keçirilməsi barədə hələ ki hər hansı qərarın qəbul edilmədiyini söyləyib.