AVCİYA prezidenti: “Sərsəng məsələsi Azərbaycanın daxili işidir, Prezidentimiz tezliklə bunu da həll edəcək”

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə start verilir
Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib

Elxan Süleymanov: “Sərsəng su anbarının idarə edilməsi, istifadəyə verilməsi, təmiri və digər məsələlərin hamısı Azərbaycanın daxili işidir, bu işə hər hansı digər dövlət müdaxilə edə bilməz”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) rəhbəri Elxan Süleymanovun Sərsəng su anbarı ilə bağlı vəziyyətə dair müsahibəni təqdim edirik:

– Elxan müəllim, AŞPA 2016-cı ildə 2085 saylı qətnamə qəbul etdi. Layihənin müəllifi kimi, Sərsəng su anbarı və Azərbaycana qarşı törədilən ekoloji fəlakətlə bağlı uzun müddət kampaniya da apardınız. Ancaq qətnamə hələ də icra edilməyib, baxmayaraq ki, Azərbaycan 2020-ci ilə Qarabağı işğaldan azad edib. İndiki mərhələdə qətnamənin icra mexanizmləri haqda fikirlərinizi bilmək istərdik.

– Mən millət vəkili və Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olduğum dövrdə işğal altında qalmış Sərsəng su anbarının problemlərini beynəlxalq siyasi gündəliyə gətirdik. Rəhbəri olduğum Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi. Sərsəng su anbarının strateji, siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırdıq, AŞPA, Avropa Parlamenti və AVRONEST PA kimi beynəlxalq qurumlarda böyük işlər gördük. AŞPA-da 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamlərinin qəbul edilməsi layihənin əsas nailiyyətlərdən biri oldu.
Qətnamədə çox mühüm müddəalar öz əksini tapmışdı. Bu müddəalar sırasında aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm:

– Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və işğal altında saxlanması vurğulanmış;
– Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilmiş;
– Azərbaycanın Ermənistan işğalı altındakı ərazilərində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə baxımsızlığın xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanmış;
– Təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş, “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilmiş;
– Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilmişdi.

2-308-6374700940.jpg (48 KB)

Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, bu ölkənin müxtəlif ölkələrdəki diplomatik korpusları, erməni kilsələri, erməni diaspor təşkilatları bu qətnamələrin qarşısını almaq üçün 2015-ci ilin dekabr ayından başlayaraq bütün səylərini səfərbər etmişdilər. Ermənistan tərəfi məruzəçini ölkəyə buraxmadı və ona qarşı kampaniyalar aparıldı. Mənim özüm AŞPA-da üzv kimi Sərsəng su anbarına dair qətnamə layihəsi verdikdən sonra anti-Azərbaycan və ermənipərəst qüvvələr tərəfindən təzyiqlərə məruz qaldım. Bu çətinliklərə və təzyiqlərə baxmayaraq AŞPA-da qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsinə nail olduq. Təəssüflər olsun ki, sonradan digər təşkilatların işğalla bağlı qəbul etdiyi sənədlər kimi AŞPA-nın 2085 (2016) qətnaməsi də icra olunmadı və kağız üzərində qaldı.

Vəziyyət yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin payızında 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində dəyişdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Amma etiraf etməliyik ki, bəzi məsələlər özünün tam həllini tapmayıb. Məhz buna görə, üçtərəfli 10 noyabr 2020-ci il bəyanatına əsasən Azərbaycanın suveren ərazisi olan Qarabağın müəyyən hissəsində müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Sərsəng su anbarı da Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə qalıb. Odur ki, AŞPA-nın qətnamənin icrası ilə bağlı hansı addımlar atıb-atmayacağı kimi mülahizələr 44 günlük Zəfər müharibəsi nəticəsində yaranmış yeni geosiyasi reallıq şəraitində aktuallığını itirib. Söhbət bu və ya digər formada hansısa texniki ekspertlərin gələcək bərpa işlərinə cəlb edilməsindən gedə bilər. Bu isə yalnız Azərbaycanın dəvəti və istəyi ilə ola bilər. Sərsəng su anbarının fəaliyyətinin bərpa edilməsi məsələsinə gəldikdə isə bunun artıq yaxın gələcəkdə mümkün olacağına inanıram. Bu Azərbaycan hakimiyyətinin hələ sülhməramlılar bölgədə qaldığı müddətdə müəyyən razılaşmalar nəticəsində baş verə bilər, ya da ki, sülhməramlılar səlahiyyət müddəti başa çatması səbəbindən bölgədən getdikdən sonra ola bilər. Mən bu məsələdə optimistəm, inanıram ki, cənab Prezident İlham Əliyevin sərrast siyasəti nəticəsində Sərsəng su anbarının Azərbaycan xalqının istifadəsinə verilməsi tezliklə baş verəcək.

– Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi “Sərsəng su anbarına dair beynəlxalq və konstitusion tələblər: hövzənin əhəmiyyəti, hazırkı vəziyyəti – araşdırma və mediada, sosial şəbəkələrdə təbliğat kampaniyası” adlı layihənin icrasını davam etdirir. Bu layihə çərçivəsində apardığımız araşdırma və monitorinqlər zamanı bəlli olub ki, Sərsəngdən Azərbaycanın rayonlarına su verilişinə ermənilər yenə də əngəllər törədir. Hazırda Sərsəng su anbarı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidədir. Sizcə Sərsəng su anbarının idarəetməsinin Azərbaycana verilməsi üçün sülh müqaviləsini gözləmək lazımdır, yoxsa bu məsələ həllini dərhal tapmalıdır?

– Zənnimcə, sualın qoyuluşu korrekt deyil. Belə ki, Sərsəng su anbarı yuxarıda qeyd etdiyim kimi Azərbaycanın strateji xarakterli obyeklərindən biridir, Azərbaycanın suveren ərazisində yerləşir, uzun müddət Ermənistanın işğalı altında olub. Hazırda ərazilərimiz işğaldan azad edilib, bölgədə müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin kontingenti yerləşdirilib. Sərsəng su anbarı Azərbaycanın Qarabağ iqtisadi zonasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşiyi ərazidə qalıb. Beləliklə, Sərsəng su anbarının idarə edilməsi, istifadəyə verilməsi, təmiri və digər məsələlərin hamısı Azərbaycanın daxili işidir, bu işə hər hansı digər dövlət müdaxilə edə bilməz. Yalnız qeyd etdiyim işlər sülhməramlı qüvvələr bölgədə qaldığı müddət ərzində baş verərsə, onda anlaşılmazlıq və ya hər hansı gərginliyik olmaması üçün Rusiya tərəfi ilə işləri uzlaşdırmaq lazım gələcək. Bu işlər Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra həyata keçiriləcəyi təqdirdə Azərbaycan hakimiyyəti qərar qəbul edərkən heç bir kənar subyektlə razılaşdırmağa və ya uzlaşdırmağa ehtiyac qalmayacaq.
O ki, qaldı sizin dediyiniz “sülh müqaviləsini gözləmək” məsələsinə, bunun Sərsəng su anbarı ilə heç bir əlaqəsi və ya hər hansı bir bağlılığı yoxdur. Sülh müqaviləsi Azərbaycan və Ermənistan arasında olan məsələdir, yəni 2 dövlət arasındakı məsələdir, Sərsəng su anbarı isə ölkədaxili məsələdir. Odur ki, hər hansı bir gözləmədən söhbət gedə bilməz.

– Sərsənglə yanaşı, mənbəyini Qarabağın dağlıq ərazisindən götürən çayların – məsələn, Xaçınçay, Qarqarçay və s. – də qarşısı kəsilib. Bu məsələlər sizcə necə tənzimlənməlidir?

– Qarabağın sülhməramlıların müvəqqəti yerləşdiyi hissəsində müəyyən süallar qalmaqdadır. Üçtərəfli 10 noyabr 2020-ci il bəyanatına əsasən sülhməramlılar erməni silahlı dəstələrinin bölgədən çıxarılması ilə paralel yerləşdirilməli idilər. Təəssüflər olsun ki, bəyanatın bu hissəsi indiyədək yerinə yetirilməyib. Ondan əlavə, erməni tərəfi, əsasən də erməni separatçıları İkinci Qarabağ müharibəsindən düzgün nəticə çıxarmayıblar, hələ də revanşist xülyalarla yaşayırlar. Odur ki, belə təxribatlar böyük ehtimalla gələcəkdə də olacaq. Belə təxribatların qarşısını almaq üçün dövlətin müəyyən mexanizmləri olur, antiterror və sairə kimi diversiyalara qarşı əməliyyatlar keçirilə bilər və s. Təəssüflər olsun ki, siz dediyiniz faktlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə baş verir və sülhməramlılar belə halları “görmürlər” və biganəlik görüntüsü yaradırlar. Səmimi olaraq etiraf etməliyik ki, sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində müəyyən suallar var. İnanıram ki, bu kimi suallar müvafiq dövlət kanalları ilə müzakirə edilir. İstənilən halda biz bilirik ki, lazım gəldikdə Azərbaycan tərəfi özü mövcud problemi həll edir. Biz bunun Fərrux yüksəkliyində silahlı qüvvələrimizin mövqelərini möhkəmləndirəndə şahidi olduq. Odur ki, sizin qaldırdığınız məsələlərin də həllinin uzaqda olmadığına inanıram. Sadəcə biz bilməliyik ki, Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış suveren ərazisi çərçivəsində bütün problemləri həll etməyə qadirdir.

– AVCİYA-nın yenidən – postmüharibə dövründə müvafiq beynəlxalq qurumlara müraciətlər göndərməsi mümkündürmü?

– AVCİYA öz fəaliyyəti dövründə daim Azərbaycan cəmiyyəti üçün aktuallıq kəsb edən genişmiqyaslı layihələr həyata keçirib, bu layihələrin böyük əksəriyyətinin Azərbaycanın hüdudlarını aşaraq müraciətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rolu olub. Bu sıradan AVCİYA-nın Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması üzrə həyata keçirdiyi “Xocalı soyqırımı: Milyon imza bir tələb”, “Sərsəng harayı”, Azərbaycana qarşı Ermənistanın təcavüzü və işğalın nəticələri və sairə kimi layihələri xüsusilə qeyd etmk istərdim. AVCİYA hazırda bir sıra layihələr üzrə fəaliyyətini davam etdirir, eyni zamanda postmüharibə dövründə beynəlxalq səviyyədə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr üzrə müəyyən ideyalar müzakirə edilir. Odur ki, gələcəkdə AVCİYA-nın yeni beynəlxalq layihələr həyata keçirməsi istisna edilmir və həmişə olduğu kimi beynəlxalq qurumlara müraciətlər göndərməsi nəinki mümkündür, hətta vacibdir.
Qeyd: Müsahibə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin “Sərsəng su anbarına dair beynəlxalq və konstitusion tələblər: hövzənin əhəmiyyəti, hazırkı vəziyyəti – araşdırma və mediada, sosial şəbəkələrdə təbliğat kampaniyası” layihəsi çərçivəsində hazırlanıb.

Musavat.com