AVCİYA sentyabrda “Körpülərin Salınması” adlı beynəlxalq konfrans keçirəcək

AVCİYA Seçki Qərargahını rəhbəri Jarl Hjalmarson Fondunun nümayəndəsi ilə görüşdü
Xaricdə oxuyanların işlə təmin olunması problemi müzakirə edilib
AVCİYA seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Avropa Məsələləri üzrə İnstitutun (İNEA) 2 nümayəndəsi Michel Achenbach və xanım Lieselotte Gramke Azərbaycanda olub. AVCİYA-dan APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İNEA-nın təşkilatçılığı ilə sentyabrın 27-29-da Qəbələdə “Körpülərin Salınması” adlı beynəlxalq konfransın keçirilməsinə dair hazırlıq işlərinin başlanması olub. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov bildirib ki, Avropa Məsələləri üzrə İnstitut dünyanın tanınmış və mötəbər beyin mərkəzlərindən biridir: “İnstituta 4 ildən bir təyin edilən Şura rəhbərlik edir və hazırda Almaniyanın keçmiş dövlət naziri professor Yurgen Qramke Şuranın sədridir. Bundan başqa institutun 16 mötəbər siyasətçilərdən ibarət İdarə Heyəti var. İdarə Heyətində Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz, Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis, Avstriyanın keçmiş vitse-kansleri Busek Erhard, Norveçin keçmiş xarici işlər naziri Qodal Byoern Tore, Almaniyanın keçmiş dövlət naziri Yurgen Qramke, Avstriyanın keçmiş federal kansleri Alfred Qusenbauer, Almaniyanın keçmiş dövlət katibi Auqust Hanninq, Avropa Mərkəzi Bankının İcraedici Şurasının keçmiş üzvü Otmar İssinq, Avropa İcmaları Ədalət Məhkəməsinin üzvü Egil Levits, Finlandiyanın keçmiş ticarət naziri Eero Rantala, Avropa Komissiyasının keçmiş prezidenti, Lüksemburqun keçmiş dövlət naziri Jak Santer, Bolqarıstanın keçmiş baş naziri Simeon Saks-Koburq, Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster, Sloveniyanın keçmiş xarici işlər naziri İvo Vayql, Qərbi Avropa İttifaqının keçmiş baş katibi, Niderlandın keçmiş dövlət naziri Villem Van Eekelen və polşalı diplomat, Yanuş Reiter təmsil olunurlar.
Bir il öncə Azərbaycana səfəri zamanı cənab Qramke mənimlə görüşü zamanı Azərbaycanda böyük bir beynəlxalq konfransın keçirilməsi ideyasına münasibətimi bilmək istədi. Rəhbərlik etdiyim AVCİYA uzun illərdir bu kimi tədbirlərin təşkili və keçirilməsi məşğuldur. Bu səbəbdən də biz bu təklifi məmnuniyyətlə qəbul etdik. Fevralın 1-3-də Avropa Məsələləri üzrə İnstitutun (İNEA) nümayəndələri cənab Michel Achenbach və xanım Lieselotte Gramke tədbirin hazırlıq mərhələsinin başlanması ilə bağlı Azərbaycana səfər etdilər. Səfər zamanı onlar tədbirin keçiriləcəyi məkan, Qəbələdə konfrans zalı və qonaqların qalacaqları şəraitlə tanış oldular. Bundan savayı, qonaqlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədovla görüşlər keçirdilər. Görüşlərdə qonaqlar konfransla bağlı ətraflı məlumat verməklə bu qurumların tədbirdə iştirakları modellərini müzakirə etdilər.
Qeyd edim ki, sentyabrda keçirilək “Körpülərin Salınması” adlı beynəlxalq konfransda xaricdən 100-dən artıq mötəbər qonaqlar – hazırkı və sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edəcəklər. Tədbirdə Azərbaycan prezidenti cənab İlham Əliyevin, Türkiyənin prezidenti cənab Abdulla Gülün, Gürcüstan prezidenti cənab Mixail Saakaşvilinin, FİFA-nın prezidenti cənab Blatterin və başqa yüksək səviyyəli qonaqların iştirakı gözlənilir”.