AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – # 1119 (1997)1

XİN Lion məhkəməsinin Azərbaycanın işğal olunmuş rayonları ilə imzaladığı “saziş”lərin ləğvini alqışlayır
Avropa Komissiyası AVCİYA-nın da daxil olduğu beynəlxalq konsorsiumun layihəsinin maliyyələşdirilməsi haqqında qərar verib
“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI
ZAQAFQAZİYADA MÜNAQİŞƏLƏRƏ DAİR QƏTNAMƏ 1119 (1997)1

1.Assambleya hesab edir ki, Zaqafqaziya münaqişələrində, xüsusilə Abxaziya və Dağlıq Qarabağda 1994-cü ilin mayından etibarən atəşkəsin qüvvədə saxlanılması gərginlik zonalarında siyasi sabitliyin yaradılmasına kömək etməlidir.
2.Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin keçirdiyi müxtəlif dinləmələrdən sonra o ümid edir ki, bu münaqişələrin siyasi həlli istiqamətində sürətli, həlledici irəliləyiş ediləcək.
3.Hər üç Zaqafqaziya ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan – xüsusi qonaq statusuna malikdirlər və Avropa Şurasının tam üzvlüyü üçün müraciət etmişlər. Assambleya hesab edir ki, bütün tərəflərin bu münaqişələri həll etmək üçün həqiqi siyasi iradəsi qəbul proseduralarını sürətləndirməyə kömək edəcək.
4.Assambleya bu münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb olunmuş bütün tərəfləri, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi vasitəçilik işində konstruktiv şəkildə iştirak etməyə çağırır.
5.Bu iki münaqişənin xarakterinə görə fərqli olmasına baxmayaraq, Assambleya vurğulayır ki, cəlb olunan bütün tərəflər onların siyasi həllinə dair danışıqları, xüsusilə 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyasına əsaslanan aşağıdakı prinsiplər üzərində aparmalıdırlar:
◦sərhədlərin pozulmazlığı;
◦aidiyyatı ərazilərdə bütün xalqların, xüsusilə çoxmillətli sülhməramlı qüvvələr vasitəsilə təmin olunmuş təhlükəsizliyi;
◦Abxaziya və Dağlıq Qarabağ üçün bütün maraqlı tərəflərin razılaşdırdığı geniş muxtariyyət statusu;
◦qaçqın və məcburi köçkünlərin geri dönmək hüququ və insan hüquqlarına hörmət kimi onların vətəndaşlığının bərpa olunması.
6.Assambleya hesab edir ki, Zaqafqaziya ölkələrində qanunun aliliyi, plüralist demokratiya, insan hüquqlarının müdafiəsi və ictimai bazar iqtisadiyyatının yaradılmasında Avropa Şurası həqiqi töhfə verməlidir.
A. Abxaziya ilə əlaqədar,
7.Assambleya Tbilisi və Suxuminin mövqeləri arasında xoş münasibətlərin bərpa olunmasının müəyyən əlamətlərini qeyd etməkdə maraqlıdır və ümid edir ki, yuxarıda qeyd olunmuş prinsiplər əsasında məsələnin danışıqlar vasitəsilə əldə olunmuş siyasi həllinə tezliklə nail olunacaq.
8.O ümid edir ki, maraqlı tərəflər, həmçinin Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Rusiya Federasiyasının səyləri tezliklə Tbilisi və Suxumi üçün əlverişli təsisatı balansın yaradılmasına aparacaq ki, qaçqınlar yüksək təhlükəsiz şəraitdə geri dönə və region əhalisi sülh və iqtisadi çiçəklənməyə qayıda bilsin.
B. Dağlıq Qarabağa münasibətdə,
9.Assambleya Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında, xüsusilə onun Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin 26 yanvar 1997-ci ildə təşkil etdiyi Zaqafqaziyada münaqişələrə dair seminarının bir hissəsi kimi davam edən dialoqu və bununla əlaqədar münaqişənin erkən həllinin təmin edilməsi məqsədilə danışıqları davam etdirməyə həvəsləndirən Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsini alqışlayır.
10.O, işğal edilmiş ərazilərin qaytarılması və qaçqın və köçkünlərin geri dönməsi, Dağlıq Qarabağın əlverişli alternativ statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa danışıqları gücləndirməyə çağırır.
11.Nəhayət o, üç Zaqafqaziya ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstanın – nəticə etibarı ilə Zaqafqaziya dövlətləri birliyinin yaradılması və birgə parlament assambleyasının təsis edilməsini nəzərdən keçirəcəyinə dair arzusunu ifadə edir.
1 – 22 aprel 1997-ci ildə Assambleyanın müzakirəsi (10 və 11-ci iclas) (bax Sənəd 7793, Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Sietlinger)
Qətnamənin mətni 22 aprel 1997-ci ildə Assambleya tərəfindən qəbul edilmişdir (11-ci iclas).