Azərbaycan KİV-i parlament seçkilərinə hazırdırmı?

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Polis Günü münasibətilə paylaşım edilib
Prezident İlham Əliyev 110/35/6 kilovoltluq “Binəqədi” yarımstansiyasının açılışını edib
N.M.Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bütün dünyada «cəmiyyətin güzgüsü» sayılan medianın rolu yüksək qiymətləndirilir. Xüsusən, seçki ilində KİV-ə böyük üstünlük verilir. Siyasilər öz təbliğatlarının aparılmasında hər zaman istər yazılı media, istərsə də elektron kütləvi informasiya vasitələrində getməsində maraqlı olurlar. Azərbaycanda indiyədək 12 seçki keçirilib ki, bunlardan 6 prezident, 3 parlament və 3 bələdiyyəyə aid seçkilər olub. Hər seçki dövründə Azərbaycan KİV-i daha fəal şəkildə iştirak edir. Bu il keçiriləcək parlament seçkilərinə KİV-lər necə hazırlaşırlar? Seçkilərlə bağlı vətəndaşlara hansı yenilikləri təqdim edəcəklər?
«Həftə içi» qəzetinin baş redaktorunun müavini Vüqar Bektaş avciya.az xəbər portalına bildirib ki, təmsil oluduğu mətbu orqanda parlament seçkiləri ilə bağlı hazırlıqlar davam etdirilir. Onun sözlərinə görə, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə yardımı əsasında qəzetin texniki imkanları yaxşılaşdırılıb. V.Bektaş həmçinin parlament seçkiləri ilə bağlı qəzet tərəfindən yeni layihələrin hazırlandığını, lakin bu sahədə işlərin hələ başa çatmadığı üçün ictimaiyyətə açıqlanmadığını diqqətə çatdırıb: «Ötən seçkilərdə olduğu kimi bu il keçiriləcək parlament seçkilərində də mövcud qanunvericilikdə nəzərdə tutulan səviyyədə iştirak edəcəyik».
«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı açıqlmasında parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası başlamamış mediada aktivlik müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi KİV orqanı bu sahədə geniş təcrübəyə malikdir: «Artıq «Şərq» qəzeti uzun illərdir fəaliyyət göstərir və keçirilən seçkilərdə öz təcrübəsi və aktivliyi ilə seçilib. Bu il keçiriləcək parlament seçkilərinə də redaksiya hazırlıq işləri görür. Təbliğat və təşviqat kampaniyasında qəzetimizdə yer alacaq siyasi reklamların tarifləri müəyyən olunub və biz onu Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik».
Qəzet rəhbəri onu da vurğulayıb ki, seçkilərlə bağlı hansısa yeni layihələr olmayacaq. A.Aşırlı ötən parlamet seçkisində olduğu kimi hansısa partiyalarla müqavilələr imzalanaraq, müvafiq işlər həyata keçirilməsinin mümkünlüyünü qeyd edib: «Biz bu zaman həmin partiyanın platformasını, şüarlarını çap etməklə yanaşı, seçkiyə aid bütün məlumatları qəzetimizdə yerləşdiririk. Belə layihələr eyni zamanda ayrı-ayrı namizədlərlə də həyata keçirilə bilər».
«Mərkəz» qəzetinin baş redaktorunun birinci müavini Nicat Sadıxlı bildirib ki, gündəlik çıxan mətbu orqan kimi parlament seçkilərinə hazırlıqla bağlı məlumatlar dərc edilir. Onun sözlərinə görə, bu məlumatlar əsasən, dairə seçki komisiyyalarının formalaşdırılması, seçki hazırlığı və digər bu kimi məsələlərlə bağlıdır: «Parlament seçkiləri ilə bağlı yeni layihələrimizin olacağını güman etmək olar. Amma qeyd etməliyəm ki, artıq bir ilə yaxındır «Hesabat» rubrikası adı altında millət vəkillərinin fəaliyyətini əhatə edən materiallar dərc olunur».
N.Sadıxlı təbliğat dövründə siyasi reklamların qəzetdə gedib-getməyəcəyi ilə bağlı rəhbərlik tərəfindən hələlik hansısa qərarın qəbul edilmədiyini diqqət çatdırıb.
«Ekspress» qəzetinin siyasət üzrə redaktoru Qalib İbrahimoğlu bu il keçiriləcək parlament seçkilərində digər media qurumları kimi fəallıq nümayiş etdirəcəyini diqqətə çatıdırb. Onun fikrincə, təbliğat və təşviqat kampaniyasına strat verildiyi gündən başlayaraq, seçki prosesi, namizədlərin təbliğatı ilə bağlı materiallara geniş yer veriləcək: «Həmçinin qəzetimizin əməkdaşları seçki günü ayrı-ayrı məntəqələrdə müşahidələr aparacaqlar və eyni zamanda «exit-poll» keçirəcək təşkilatlardan mütəmadi məlumatlar alacaqlar. Bir məqamı da qeyd edim ki, siyasi reklamların qəzetlərdə verilməsi ilə bağlı qərar açıqlandıqdan sonra biz bu əməsələ ilə əlaqədar öz tariflərimizi müəyyənləşdirib Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik».
«Üç nöqtə» qəzetinin redaktoru Şahin Əliyev isə bildirib ki, ötən parlament seçkilərində olduğu kimi bu ildə qəzet fəallıq nümayiş etdirəcək. Onun sözlərinə görə, seçki marafonu başlanmadığı üçün qəzet hazırlıqla bağlı gündəlik məlumatlara üstünlük verir: «Əsasən, Mərkəzi Seçki Komissiyasının və digər bu kimi seçki ilə bağlı materiallar işıqlandırılır. Seçki marafonu başlandıqdan sonra namizədlərin təbliğatı, seçki günü komisiyaların fəaliyyəti və bu kimi materiallara üstünlük veriləcək. Qeyd edim ki, siyasi reklamların tariflərinə seçkilərə start verildikdən sonra yenidən baxılacaq və müəyyən olunacaq».
Ş.Əliyev seçkilərlə bağlı «Üç nöqtə» qəzetinin hansısa yeni layihələrinin olmadığını da diqqətə çatdırıb.
P.S. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən digər KİV-lərin də seçkilərə hazırlığı ilə bağlı mövqeyi avciya.az saytında davamlı olaraq yerləşdiriləcək.

AVCİYA.AZ