Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı 26-38 faiz olub – exit-poll

Regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib
AVCİYA-nın monitorinqləri şimal bölgəsində də uğurla davam edir
Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində exit-poll ilkin nəticələrini açıqlayıb.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Trend -a bildirib ki, Bakının Nərimanov rayon bələdiyyəsi üzrə 28,7, Nəsimi – 26,4, Səbail – 31,3, Xətai – 28,3, Xırdalan – 38, Şirvan – 37,8, Gəncənin Nizami bələdiyyəsi – 26,1, Xaçmaz bələdiyyəsi üzrə 27,1 faiz seçici fəallığı qeydə alınıb.

Tədqiqat 8 bələdiyyə ərazisində – Bakı şəhərində – Xətai, Səbail, Nərimanov, Nəsimi bələdiyyələri, Abşeron rayonunda Xırdalan bələdiyyəsi, Gəncə şəhərində Nizami bələdiyyəsi, Xaçmaz bələdiyyəsi və Şirvan bələdiyyəsi ərazisində keçirilib. Bu bələdiyyələr ümumilikdə 17 dairəni əhatə edir. Hər bələdiyyədə müəyyən məntəqələr seçilib və exit-poll tədqiqatı beynəlxalq səviyyədə qəbul olunmuş metodologiyalara uyğun şəkildə həyata keçirilib.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin ilkin nəticələrinə görə, ölkədə seçici fəallığı 31,86 faiz olub.

/ Trend , müxbir Şahin Cavadsoy/