Azərbaycanda yeddi möhtəşəm karvansara

“Opinion Way”: Seçicilərin 86,53 faizi İlham Əliyevə səs verib
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib
AVCİYA Ağdam rayonunu işğaldan azad edilməsi münasibətilə Azərbaycan Xalqını və Ali Baş Komandanı təbrik edib.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan Böyük İpək yolunda əsrlər boyu mühüm mərkəz olub. Azərbaycanın Şəki, Gəncə, Bakı və digər şəhərlərinə axışıb gələn tacirlər, sövdəgərlər ədviyyat, ipək və digər mallar gətirərdilər. Onlar özləri ilə zərgərlik məmulatı, musiqi alətləri, xalçalar, silah, neft və s. apara bilərdilər. Təəccüblü deyil ki, Azərbaycanda qalmaq üçün bir çox karvansaralar tikilmişdi. Neçə-neçə ticarət sazişləri karvansaralarda bağlanmışdı. Həmin karvansaralardan bəziləri indiyədək qalıb.

Şəkinin Yuxarı və Aşağı karvansaraları

Orta əsrlərdə karvansaralar həm şəhərlərdə, həm də ticarət yolları üzərində tikilirdi. Fərq ondan ibarət idi ki, şəhərdəki karvansaralar təkcə karvanların və səyahətçilərin qalması üçün deyil, həm də ticarət üçün nəzərdə tutulurdu. Odur ki, şəhər karvansaralarında ticarət sazişlərini bağlamaq üçün xüsusi otaqlar var idi. XVIII-XIX əsrlərdə Şəkidə fəaliyyət göstərmiş beş böyük karvansaradan dövrümüzə ikisi gəlib çatıb. Onlar quruluşuna, böyüklüyünə və ticarət üçün əlverişli olmasına görə Cənubi Qafqazda ən böyük karvansaralardır.

Özünəməxsus işgüzar mərkəz olan Şəki şəhərində Gürcənçayın sağ sahilində yerləşən Yuxarı və Aşağı karvansaralar əsas görməli yerlərdir. Ümumi sahəsi 8 min kvadratmetr olan Aşağı karvansara 242 otaqdan ibarətdir. Binanın dörd tərəfdən giriş qapısı var. Onlar bağlananda karvansara alınmaz qalaya çevrilir. XVIII əsrdə tikilmiş Yuxarı karvansara ümumi sahəsi 6 min kvadratmetr, hündürlüyü 14 metr olub, 300-dən çox otaqdan ibarətdir. Karvansaranın əsas fasadı çaya baxır. Girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilib. Qeyd etmək lazımdır ki, azərbaycanlı memar relyefdən məharətlə istifadə edib. Karvansarada bütün otaqları bərabər ölçüdədir və tağla örtülüb. Saray lociyaları, hovuzlar və ətraf yaşıllıq binanın ümumi kompozisiyası ilə harmoniya yaradır.

Maraqlıdır ki, Yuxarı karvansara indiyədək təyinatı üzrə istifadə olunur – orada “Sheki Karvansaray Hotel” fəaliyyət göstərir. Bu bina onunla diqqətəlayiqdir ki, orada keçmiş zamanların ruhunu duymaq mümkündür. Otaqların tağlı tavanları, tökmə qapıları və əzəmətli daş divarları var. Mehmanxanada restoran-bağ və qış yeməkxanası fəaliyyət göstərir. Restoran-bağda oturmaq və Şəki halvası ilə çay içmək adama xoş gəlir. Mehmanxana ərazisində, həmçinin diskoteka, əyləncə mərkəzi fəaliyyət göstərir.

Otelin girişində zınqırovlu tökmə qapılar diqqəti cəlb edir. Biz burada öyrəndik ki, Azərbaycan karvansaralarında müxtəlif qapı zınqırovlarından istifadə edilib, yəni kişi və qadın qonaqlar üçün ayrı-ayrı zınqırovlar olub. Beləliklə, zınqırovların fərqli səsinə əsasən, müsəlman adəti üzrə, qapıya ya qadın, ya da kişi çıxıb. Bu cür zınqırovlar bir növ indiki domofon rolunu oynayıb.

Bakının Buxara karvansarası

İçərişəhərdə Qız qalası yaxınlığında yerləşən Buxara karvansarası XV əsrdə Şamaxı darvazasından keçən ticarət yolu üzərində tikilib. Karvansarada əsasən Orta Asiya tacirləri qalırdı ki, binanın adı da buradan götürülüb.

Kvadrat formaya malik tikili qabarıq piştağ ilə tamamlanır. Perimetr boyunca eyvan və hücrələrlə əhatə edilən səkkizguşəli həyət gündəlik alverdən sonra tacirlər, habelə səyahətçilər üçün gözəl istirahət yeri olub. Daxili həyətin bütün perimetri boyunca memarlıq kompozisiyasının əsas hissəsini təşkil edən çatma tağlar yerləşib. 1964-cü ildə aparılan bərpa işləri zamanı karvansara binası sonradan əlavə edilmiş tikililərdən təmizlənib və bu milli əhəmiyyətli abidənin nəhəng miqyaslı strukturunu üzə çıxarmağa imkan verib.

Hazırda burada fəaliyyət göstərən restoranda müştərilərə Azərbaycan milli yeməkləri təklif olunur.

Bakının Multanı karvansarası

Buxara karvansarası ilə üzbəüz yerləşən Multanı karvansarası XIV əsrdə tikilib. Multan Pakistanda şəhərdir. Karvansarada Hindistandan gəlmiş tacirlər və atəşpərəstlər qalıblar. Məlumdur ki, Suraxanıdakı “Atəşgah” məbədi vaxtilə atəşpərəstlər tərəfindən tikilib.

Kvadrat formasında olan Multanı karvansarasının daxili həyəti var. Həyətin perimetri boyunca eyvanlar yerləşir, onların arxasında biradamlıq ayrıca otaq-hücrələr var.

Abidə milli əhəmiyyətlidir. İndi burada da milli yeməklərin verildiyi restoran fəaliyyət göstərir.

Bakının “Kiçik” karvansarası

İçərişəhərdəki karvansaralardan biri də XII əsrdə tikilmiş “Kiçik” və ya “Xan” karvansarasıdır. Kvаdrаt fоrmаlı binanın içərisində küncləri kəsik, iri dördbucаq şəkilli həyəti vаr. Bina pеrimеtr bоyunca еyvаnlа əhаtə оlunub. Eyvаnın аrхаsındа isə şəхsi istifаdə üçün nəzərdə tutulmuş оtаqlаr yеrləşir. Karvansaranın şimal və cənub girişi portal formasındadır. Orta əsrlərdə əsas giriş dəniz tərəfdən olub. Cənub tərəfdən karvansaranın ikimərtəbəli fasadı istehkamı xatırladır.

Orta əsrlərdə karvansara ticarət küçəsi tərəfdən, həyətlə birbаşа əlаqəsi оlmаyаn dükаnlаrdаn ibаrət idi. Lakin bu tikili kаrvаnsаrа kimi fəaliyyət göstərməmişdən əvvəl Cümə məscidinin mədrəsəsi olub və hücrələr mədrəsədə oxuyanların qalması üçün nəzərdə tutulmuşdu.

Hazırda bu milli əhəmiyyətli abidədə rəsm qalereyası, bir neçə sənətkar emalatxanasından ibarət “İncəsənət bağı” (Art Garden), milli və Avropa yeməkləri restoranı fəaliyyət göstərir. Binanın fərqli xüsusiyyəti ondadır ki, hücrələrdən hər biri azərbaycanlı rəssam tərəfindən ayrıca işlənilib.

Gəncənin Şah Abbas karvansarası

Azərbaycanın daha bir tarixi karvansarası XVII əsrdə Gəncədə Şah Abbas tərəfindən inşa etdirilib və onun adını daşıyır. Bu, memar Şeyx Bahəddin tərəfindən yaradılmış memarlıq ansamblının bir hissəsidir. Kompleksə Cümə məscidi (Şah Abbas məscidi) və Çökək hamam (orta əsrlər hamamı) daxildir.

Ənənəyə görə binanın tikintisində bişmiş kərpic və yumurta ağı ilə gil-əhəng qatışığından istifadə olunub. Şərq üslubunda tikilmiş ikimərtəbəli bina 54 otaq və 13 zaldan ibarətdir. Həyətdə yükdaşıyan heyvanlar üçün yerlər ayrılıb. Karvansarada qonaqlar üçün xidmət heyəti, eləcə də aşpazlar və musiqiçilər olub.

Karvansara binası son vaxtlaradək təhsil ocağı rolunu oynayıb – XX əsrin sonlarında burada Gəncə humanitar kolleci yerləşib. Binada, həmçinin Məhsəti Gəncəvinin muzeyi yerləşdirilib. Bərpadan sonra bina muzey kimi fəaliyyət göstərir.

Gəncənin Uğurlu Xan karvansarası

Şah Abbas karvansarasının yaxınlığında Uğurlu Xan karvansarası yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Uğurla Xan karvansarasının binası tipik feodal üslubunda tikilib. Kompleksin iki böyük həyəti var.

Bəziləri səhv olaraq güman edirlər ki, karvansara Cavad xanın oğlu Uğurlu xanın adını daşıyıb. Lakin bu, belə deyil, çünki karvansaranın tikintisi Cavad xanın (1748-1804) yaşadığı dövrə yox, XVII əsrə aiddir. Çox ehtimal ki, karvansara 1663-64-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuzaquluxan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu xan tərəfindən tikdirilib. Uğurlu bəy xan titulunu birbaşa şaha tabe olan bəylərbəyi olduqdan sonra alıb. 1804-cü ildə rus qoşunları Gəncəni tutduqdan sonra bütün xan mülkiyyəti kimi bu karvansara da müsadirə edilib və xəzinənin hesabına keçirilib. Sonralar karvansara binasının bir hissəsini Şərbatlar (kəlağayı hazırlayanlar) icarəyə götürüb və o vaxtdan etibarən bina el arasında “Şərbatçı karvansarası” adı ilə tanınıb.

Emil Eyyubov,  AZƏRTAC