Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında keçirilən debatlarda məruzə ilə çıxış edib

İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə artıq başlanıb
Vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər
Qanunsuz ağackəsmə və balıq ovu faktları ilə bağlı cinayət işləri başlanıb

BMT Təhlükəsizlik Şurasında gündəliyin “Silahlı münaqişədə mülki əhalinin müdafiəsi” bəndi üzrə “Mülki əhalinin salamat qalması üçün zəruri obyektlərin müdafiəsi” mövzusunda virtual açıq debatlar keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev debatlarda məruzə ilə çıxış edib.

Azərbaycanlı diplomat öz bəyanatında qeyd edib ki, mülki şəxslərin birbaşa hücumlardan və müəyyən hədəflər seçilməyən həmlələrdən qorunması beynəlxalq humanitar hüquq rejiminin əsas məqsədlərindən biridir və bu məqsədə xələl gətirən hərəkətlər barəsində çoxsaylı qadağalar mövcuddur. Bu rejimin əsasını fərqləndirmə prinsipi təşkil edir. Y.Əliyev qeyd edib ki, mülki şəxslər barəsində görülən müdafiə tədbirləri mülki obyektlərə də tətbiq edilməlidir. Onun sözlərinə görə, Azərbaycan münaqişənin dağıdıcı nəticələrindən ciddi zərər çəkmiş ölkələrdən biridir. Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəlində başladığı tammiqyaslı müharibə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi zəbt edilib və təxminən otuz il ərzində işğal altında qalıb.

Bu münaqişə müddətində mülki əhaliyə qarşı yönəlmiş, mülki şəxslərə və mülki obyektlərə qeyri-mütənasib dərəcədə zərər vurmuş hücumlar barəsində qadağalar Ermənistan tərəfindən dəfələrlə pozulub. Müharibə on minlərlə insanın həyatına son qoyub, işğal edilmiş ərazilərdə 700 mindən çox azərbaycanlı barəsində etnik təmizləmələr aparılıb. İşğal edilmiş şəhər, qəsəbə və kəndlərin əksəriyyəti yerlə-yeksan edilib. Beynəlxalq birlik Ermənistan tərəfindən ətraf mühitə vurulmuş dağıdıcı zərbələri ekoloji təcavüzün bir forması kimi səciyyələndirib.

Diplomat qeyd edib ki, 2015-ci ildən bəri Azərbaycanın işğal edilmiş ərazilərində və ətraf bölgələrdə təkrar eskalasiya müşahidə olunurdu. 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında Ermənistan cəbhə xəttində və Ermənistan ilə Azərbaycanın sərhədində genişmiqyaslı döyüş əməliyyatlarına təhrikçilik edib. 2016-cı ilin may ayında BMT Ali Komissarının qaçqınlar üzrə idarəsi münaqişə zonasının yaxınlığında yerləşən Azərbaycan kəndlərində artilleriya atəşləri və partlamamış döyüş sursatlarının tətbiqi nəticəsində mülki əmlaka ziyan vurulmasını bildirib. 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsindəki hücumları Azərbaycan ərazisində strateji əhəmiyyətli beynəlxalq neft və qaz kəmərləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu üçün təhlükə yaradıb.

2020-ci il sentyabrın axırlarında Ermənistan tərəfindən törədilmiş növbəti təcavüz aktı və bunun ardınca başlanmış döyüş əməliyyatları Azərbaycanın dinc əhalisi arasında çoxsaylı tələfata səbəb olub. Münaqişə zonası hüdudlarından kənarda Azərbaycanın bir neçə iri şəhərlərində mülki infrastruktura ciddi ziyan vurulub.

Ermənistan silahlı qüvvələri həm də Azərbaycanın enerji infrastrukturunu məhv etməyə məqsəd qoymuşdu. Mingəçevir şəhərinə atılmış ballistik raket Cənubi Qafqazda ən iri su anbarında, Mingəçevir hidroenergetika kompleksində yerləşən Azərbaycan istilik elektrik stansiyasının binasının bilavasitə yaxınlığında yerə düşüb. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin təqribən 10.000 kvadrat kilometri, bu ərazidə yerləşən 300-dən çox şəhər, qəsəbə və kənd işğaldan azad edilib.

Həmin ərazilər işğaldan azad ediləndən sonra orada törədilmiş dağıntıların, vandalizmin, qarət və soyğunçuluğun görünməmiş miqyası şoka səbəb olur. Bu ərazilərin çox hissəsi sözün hərfi mənasında kabus şəhər və kəndlərə çevrilib, bütün mülki infrastruktur dağıdılıb və qarət edilib. Bundan əlavə, geri çəkilən erməni qüvvələri və bu əraziləri tərk edən qeyri-qanuni məskunlar evləri, məktəbləri və digər mülki infrastruktur obyektlərini söküb, sonra isə yandırıblar, elektrik kabellərini və dirəkləri kəsib, yanacaqdoldurma stansiyalarını dağıdıb, işğal olunmuş ərazilərdən gedərkən orada olan hər şeyi məhv etmək məqsədilə ağacları kəsib, meşələri yandırıblar.

Mülki infrastrukturun məhv edilməsi və işğaldan azad edilmiş rayonlarda geniş sahələrin minalanması məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ciddi problemlər yaradır. Azərbaycan hökuməti bu ərazilərin bərpasına və yenidən qurulmasına, orada yaşayışın, əsas nəqliyyat və rabitə xidmətlərinin bərpasına birinci dərəcəli diqqət yetirir. Münaqişədən sonrakı dövrdə dinc quruculuq və regionun sosial-iqtisadi bərpasını tezliklə təmin etmək üçün tədbirlər görülür. Bütün şəhərlərin baş planları hazırlanır, beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra layihələr həyata keçirilir. Eyni zamanda, törədilmiş hüquq pozuntularının labüd nəticəsi kimi beynəlxalq hüququn ciddi pozulmasına görə məsuliyyət məsələsi qaldırılmalıdır. Cəzasızlığa qarşı mübarizə də möhkəm sülh və həqiqi barışıq yolunda mühüm preventiv vasitə və zəruri ilkin şərtdir.

AZƏRTAC-ın Vaşinqton bürosu