Azərbaycanın böyük, tarixi qələbəsinə təsadüf edən Azərbaycan Respublikası Konstitusiyasının 25 ili tamam olur

Əli Həsənov: Növbədənkənar seçkilərin keçirilməsi haqqında Sərəncam Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur
BORÇALI SÖHBƏTLƏRİ: “Borçalı türklərinin yaylaq və qışlaq gələnəyi”
Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu gün Azərbaycan üçün tarixi bir gündür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı. Konstitusiyanın 25-ci ildönümünün Vətən Müharibəsində böyük qələbəmizə təsadüf etməsi bu tarixi daha da əlamətdar etdi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla icra edərək böyük qələbəyə imza atmışdır.

Qırx dörd gün sürən zəfər yürüşü ərzində ölkəmiz döyüş meydanında hərb tarixinə düşəcək böyük uğurlar əldə etmişdir. Bu müddət ərzində hər gün cəbhədən yaxşı xəbərlər gəlmişdir. Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində işğal olunmuş torpaqlarımızın böyük hissəsi bu müddət ərzində işğalçılardan azad edilmişdir, 300-ə yaxın yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılardan azad olunmuşdur. Bu gün böyük qürur və fəxarət hissi ilə deyə bilirik ki, Azərbaycanın şanlı bayrağı millətimizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanır.

Simvolik haldır ki, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiyamızın qəbul edilməsinin 25 illik yubileyi Böyük Qələbəyə təsadüf edib. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan bu Konstitusiya Azərbaycan xalqının keçdiyi inkişaf yolunun məntiqi nəticəsidir.

Hələ 1918-ci ildə Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə olaraq xalq cümhuriyyəti yaratmış, özünün demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına sadiqliyini bəyan etmişdi. Azərbaycanın indiki Konstitusiyası isə xalqımızın müstəqil, azad, demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini vermək əzmini və iradəsini nümayiş etdirir. Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 25 il bundan əvvəl qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.

Bir qayda olaraq, müstəqillik əldə edən və demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yeni konstitusiyanın qəbulu zərurətə çevrilir. Belə ki, müasir demokratik dövlətlərdə konstitusiya dövlətin bütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə və hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Ölkədə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, şəxsiyyətin statusunu, insan hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, konstitusiyalar həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.

Azərbaycan konstitusionalizminin tarixinə nəzər saldıqda, görərik ki, Azərbaycanın Konstitusiyasının ilk qəbulu məhz SSRİ dövrünə təsadüf edir. 1921-ci il may ayının 19-da I Ümumazərbaycan Qurultayı tərəfindən 1918-ci il RSFSR Konstitusiyasının əsasında hazırlanmış Azərbaycan SSR-in Konstitusiyası qəbul olunmuşdur. Bu, ümumilikdə, Azərbaycanın dövlətçilik tarixinin bir mərhələsidir və burada bir çox hüquq və azadlıqlar da öz əksini tapmışdı, mərkəzi dövlət – hakimiyyət orqanlarının təşkili və fəaliyyətinin əsasları müəyyən olunmuşdu.

Azərbaycanın sayca ikinci Konstitusiyası 1927-ci ilin mart ayında qəbul olunmuşdur. Həmin Konstitusiyada 1921-ci ilin Əsas Qanunundan ciddi şəkildə fərqlənən məsələlər yox idi. Bu Konstitusiya daha çox sovet hakimiyyətinin əsaslarını təsbit edən Əsas Qanun kimi yadda qalmışdır.

Daha sonra 1936-cı ildə SSRİ Konstitusiyasının qəbulu 1937-ci ildə Azərbaycan SSR-in sayca üçüncü Konstitusiyasının qəbul olunmasına gətirib çıxardı. SSRİ Konstitusiyasına müvafiq olaraq 1937-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında bir sıra yeniliklər nəzərə çarpırdı. İlk dəfə olaraq vətəndaşlıq hüququ, vətəndaşların sosial-iqtisadi hüquqları, Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı bir çox müddəalar öz əksini tapmışdır.

Azərbaycan SSR-in sayca dördüncü Konstitusiyası 1978-ci il aprelin 21-də 1977-ci ilin SSRİ Konstitusiyası əsasında qəbul edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu Konstitusiyanın qəbul olunmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdu. Məhz Ümummilli lider Heydər Əliyevin tələbi ilə 1978-ci il Konstitusiyasında dövlət dili kimi Azərbaycan dili təsbit edildi. Bu Konstitusiyada, həmçinin Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisində verilmişdi, yəni ona ayrıca – xüsusi önəm verilmirdi. Hansı ki, əvvəlki konstitusiyalarda buna ayrıca fəsil həsr olunmuşdu. Bu da, təbii ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən biri idi.

Müasir dövrə nəzər saldıqda isə görərik ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyini elan edən Azərbaycan Respublikasının qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu. Lakin ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik nəticəsində Azərbaycan vətəndaş qarşıdurması astanasına gəlmiş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə qarşılaşmışdı. Məhz belə bir çətin məqamda xalqın təkidi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyimizin tarixi səhifələrini yazdı.

Belə ki, qeyd olunduğu kimi, həmin illərdə ölkədə yaşanan siyasi destabillik, dövlət idarəçiliyindəki xaos və dərəbəylik, Konstitusiya yaradıcılığı sahəsindəki çalışmalara da təsir edərək bu mühüm prosesə ətalət və durğunluq gətirmişdi. 1991-ci il fevralın 19-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılmış 74 nəfərdən ibarət işçi komissiyasının fəaliyyəti gözlənilən nəticəni vermədi.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra məhz onun təşəbbüsü ilə müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasına başlanıldı. İşçi komissiyasının tərkibi Prezident tərəfindən parlamentə təqdim olunmuş və Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etmişdi. Bu dəfə komissiya 33 nəfərdən ibarət idi və onun tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. Layihənin işlənib hazırlanmasına şəxsən dövlət başçısının özü rəhbərlik edirdi ki, bu da prosesin sürət və keyfiyyətinə müsbət təsirini göstərməyə bilməzdi.

Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan sonra həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa olundu. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi.

Nəhayət, Konstitusiyanın layihəsi ümumxalq müzakirəsi üçün 1995-ci il oktyabrın 15-də dərc edilmiş və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

Ümummilli Liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılmışdır. Müdrik şəxsiyyətin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin insan hüquq və azadlıqları ilə bağlı olması da Ulu Öndərin ümumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.

Ölkədə demokratik quruluşun və hüquqi dövlətin sarsılmaz təməlini qoyan, hüquqi islahatların aparılmasına zəmin yaradan Azərbaycanın yeni Əsas Qanunu humanizm və demokratiya prinsiplərini özündə ehtiva edərək dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli özül yaratdı. Bu ali hüquqi sənəd dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edərək hüquqi dövlət ideyalarının inkişaf istiqamətlərini milli dəyərlərlə və müasir yanaşmalarla zəngin hala gətirmişdir. Burada hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi bəyan edilmişdir.

Konstitusiya dövlətin əsas vəzifələrini, Azərbaycan dövlətinin başqa dövlətlərlə münasibətini tənzimləyən prinsipləri özündə əks etdirməklə yanaşı, ali hakimiyyətin xalqa məxsus olduğunu göstərir, bu isə, öz növbəsində, Azərbaycanın məhz demokratik yolla inkişafını nəzərdə tutur. Əsas Qanunda öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək xalqımızın suveren hüququ kimi təsbit olunur.

Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur. Belə ki, Konstitusiyanın özündə nəzərdə tutulmuşdur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, digər tərəfdən hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Şübhəsiz ki, demokratik cəmiyyətdə zəruri, qanunla müəyyən edilmiş və dövlətin beynəlxalq öhdəliklərinə uyğun tətbiq edilən məhdudiyyətlər insan hüquqlarının daha səmərəli təmin olunmasına, cəmiyyətin və millətin təhlükəsizliyinin qorunmasına xidmət edir.

Bununla yanaşı, Konstitusiyada təsbit olunmuş hüquqların real həyata keçirilməsinin mühüm mexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca hüquq və ya təminat kimi nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı Əsas Qanunda kifayət qədər geniş mənada ifadə olunmuşdur. Bu konstitusiya təminatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərində əks olunan “ədalətli məhkəmə araşdırılması hüququ”nun bütün zəruri elementlərini özündə ehtiva edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Yuxarıda göstərilənlərə əsasən, əminliklə qeyd etmək olar ki, Azərbaycan Respublikası Konstitusiyasının, onun bütün normalarının və müddəalarının özəyini məhz demokratik dəyərlərə əsaslanan hüquqi, sosial dövlət konsepsiyası, insan şəxsiyyətinə hörmət amili təşkil edir. Bu mənada, ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hüquqi prinsipləri özündə ehtiva edən tarixi sənəd olaraq, Azərbaycan xalqının rifahına xidmət göstərən dövlət idarəetmə mexanizminin təməlinə çevrilmişdir.

Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası ölkə Konstitusiyasında geniş əksini tapıb. Konstitusiya xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmağı dövlətin üzərinə vəzifə olaraq qoyur.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, ölkə Konstitusiyası dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Konstitusiyanın normalarından irəli gələrək, respublikamızda beynəlxalq hüququn norma və prinsipləri əsasında mükəmməl normativ hüquqi baza yaradılmış, milli qanunvericiliyimiz təkmilləşdirilmiş, ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq hüquq müqavilələrinə qoşulmuşdur. Həmin hüquqların səmərəli təminatı üçün mövcud qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, beynəlxalq müqavilələrin müddəalarının milli səviyyədə implementasiyası təmin olunmuşdur.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” qanunlar, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual və digər qanunlar və məcəllələr qəbul edilmişdir.

Qeyd olunduğu kimi, Konstitusiya prinsiplərinin həyata keçirilməsini təmin etmək məqsədilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, məhkəmə hakimiyyətinin müstəqilliyinin və hakimlərin statusunun əsasları qanunvericilikdə təsbit edilməklə onların fəaliyyəti üçün zəruri şərait yaradılmış, məhkəmə icraatında demokratik prinsiplərin həyata keçirilməsini təmin etmək mümkün olmuşdur.

Məhkəmə-hüquq islahatları nəticəsində qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizənin səmərəsinin artırılması, hüquq-mühafizə orqanlarında xidmətin saf mənəviyyat əsasında qurulması təmin edilir.

Əsas Qanunda, həmçinin dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni institutun – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuşdu. Qeyd edilməlidir ki, hüquqi mədəniyyətin mühüm ünsürü olan konstitusiya nəzarəti konstitusiyaların mövcudluğu ilə əlaqədar olub, konstitusiya ilə təsbit olunmuş norma və prinsiplərin qorunması, o cümlədən insan və vətəndaşların konstitusiya hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıyır və bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Başqa sözlə desək, konstitusiya nəzarəti Konstitusiyanın aliliyinin təmin edilməsi və Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiə olunması, qanunvericilik normalarının təfsiri vasitəsilə hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.

1995-ci il Konstitusiyasının digər mütərəqqi xüsusiyyətlərindən biri konstitusiya ədalət mühakiməsi institutu – Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi dövlət hakimiyyəti mexanizmində xüsusi yerə malikdir, hakimiyyətin digər qolları ilə qarşılıqlı əlaqə və təsirdə nüfuz etmək imkanları daha çoxdur, hətta hakimiyyət qolları arasında yaranan mübahisələrin həlli Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Bu onu ifadə edir ki, hakimiyyət bölgüsündə çəkindirmə və tarazlaşdırma mexanizmi və sistemində Konstitusiya Məhkəməsinin önəmli yeri var. Digər tərəfdən, bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında bunu yerinə yetirməklə, bütövlükdə, Konstitusiyanın özünün aliliyini qoruyur.

Məlum olduğu kimi, konstitusiyaların başlıca hüquqi əlaməti onların stabilliyidir, başqa sözlə, Konstitusiya – məzmununun sabitliyi olan, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş aktdır. Konstitusiyanın stabilliyi qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir. Bununla belə, Konstitusiyanın stabilliyi heç də onun tamamilə dəyişilməzliyi demək deyildir, ictimai münasibətlərin inkişafı prosesi konstitusiyaların zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsini labüd edir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişə bilər.

Bu baxımdan, hüququn müasir inkişaf tendensiyaları və ölkəmizin inkişaf etmiş və müasir ölkələrin ailəsinə fəal inteqrasiyası Azərbaycanda konstitusiya islahatlarının aparılmasını, Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdi. Bu zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq dəyişikliklər edilmiş, bu dəyişikliklər Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi məqsədlərinə xidmət etmişdir.

Belə ki, 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına uyğun olaraq Konstitusiyanın 24 maddəsində 29 əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyamızın, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlir. Bütövlükdə isə dəyişikliklər ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, dövlətimizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədinə xidmət etmişdir.

Bu referendumla Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə də dəyişikliklər edilmiş və məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsi xeyli genişlənmişdir. Referendumla təsbit edilmiş bu yeniliklə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa görə hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarını bərpa etmək məqsədilə Konstitusiya Məhkəməsinə şikayət verə bilər.

Bu şikayətlər məhkəmə qərarlarından verilən apellyasiya və kassasiya şikayətlərindən fərqli olaraq konkret işlər üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi məqsədilə deyil, yalnız insan hüquq və azadlıqlarını pozan aktların Konstitusiya və qanunlara zidd hesab olunması məqsədilə verilir. Ombudsman insan hüquq və azadlıqlarını pozan aktlardan Konstitusiya Məhkəməsinə sorğu verir, məhkəmələr isə Konstitusiya Məhkəməsinə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiya və qanunların şərh edilməsi haqqında müraciət edirlər.

Yeri gəlmişkən qeyd edilməlidir ki, hazırda İnsan Hüquqları üzrə Müvəkkil institutu ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm yer tutmaqdadır. Məlum olduğu kimi, Ombudsman şikayətlərə baxdıqdan sonra dövlət və ya yerli özünüidarəetmə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün ümumi məhkəmələrə müraciət etmək, həmçinin insan hüquq və azadlıqlarını pozan normativ hüquqi aktlardan, məhkəmə və bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə sorğu vermək hüququna malikdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili arasında formalaşmış ikitərəfli əməkdaşlıq ümumi işimizə öz töhfəsini verməkdədir. Xüsusilə də qeyd olunan konstitusiya islahatlarından sonra Ombudsmana insan hüquq və azadlıqlarını pozan müvafiq aktlarla bağlı Konstitusiya Məhkəməsinə sorğu vermək səlahiyyətinin təqdim olunması əməkdaşlığımızın yeni mərhələsi üçün əlverişli zəmin yaratmışdır. Bunun nəticəsidir ki, ötən dövr ərzində Müvəkkilin sorğuları əsasında Konstitusiya Məhkəməsi Plenumunun 19 qərarı və 4 qərardadı qəbul edilmiş, həmin sorğularda qaldırılan məsələlər ətrafında insan hüquqlarının daha səmərəli təminatına yönəlmiş mühüm hüquqi mövqelər formalaşmışdır.

Konstitusiyaya əlavə və dəyişikliklərin ikinci mərhələsi 2009-cu il martın 18-də Azərbaycan Konstitusiyasının 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilməsi ilə başlamışdır. Bu dəyişikliklərin özü də Konstitusiyanın bir çox müddəalarının təkmilləşdirilməsinə xidmət edirdi. Azərbaycan dövlətinin sosial-iqtisadi bazası daha da güclənmiş, onun vətəndaşların hüquq və azadlıqlarına bu sferada təminat vermək, sosial dövlət prinsiplərini təsbit etmək imkanları daha da genişlənmişdi. Bütün bunların həm də Əsas Qanunda təsbit olunması məsələsi ortaya çıxmışdı. Bu isə nəticə etibarilə, cəmiyyətin inkişafı demək idi. Məhz belə bir şəraitdə Konstitusiyaya əlavə və dəyişikliklər edilməklə insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, bu hüquqların məzmununun genişləndirilməsi və digər məsələlər vasitəsilə Əsas Qanun daha da təkmilləşdirildi.

Referendumda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur.

2009-cu ildən keçən 7 il ərzində Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında genişmiqyaslı inkişaf özünü göstərirdi. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, genişmiqyaslı infrastruktur və quruculuq layihələri həyata keçirilir, sosialyönümlü siyasət və əsaslı iqtisadi islahatlar konsepsiyası uğurla davam etdirilir. Bütün bu proseslər ölkəmizin siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, iqtisadi idarəetmə mexanizmlərinin çevik fəaliyyətinin təmin edilməsini, vətəndaşların hüquqlarının daha təsirli müdafiə olunmasını və bu məqsədlə növbəti dəfə Konstitusiya islahatlarının aparılmasını zərurətə çevirmişdi. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə” Sərəncam imzalamışdı. İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilmiş və Referendum Aktı layihəsinin Konstitusiyanın tələblərinə uyğun olması barədə rəy verilmişdi.

Referendum Aktında Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddədə əlavə olunması nəzərdə tutulmuşdu. Əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini; səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini; həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini; qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, dəyişikliklər ölkədə baş vermiş əsaslı inkişafdan irəli gələrək müasir dövrdə cəmiyyət həyatının əsas sahələrini əhatə etmişdir.

Bu mənada Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin əlavə edilməsi; 25-ci maddəsinə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə olunması; 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddəsində əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə lokautun qadağan edilməsi (qanunla müəyyən edilmiş hallar istisna olmaqla); 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatının gücləndirilməsi və digər mütərəqqi əlavə və dəyişikliklər xüsusilə qeyd olunmalıdır.

Dövlət orqanlarının vətəndaşlara, onların hüquqları və azadlıqlarının müdafiəsinə münasibətdə məsuliyyətinin artırılması, hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyi prinsipinin Konstitusiya normaları qismində təsbit edilməsi ölkəmizdə insan hüquqlarına və onların təmin olunmasına göstərilən yüksək diqqətin təzahürüdür.

Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsinin yeni redaksiyada verilməsi, hüquq və azadlıqların məhkəmə müdafiəsi ilə yanaşı, inzibati qaydada da müdafiəsinə təminat verilməsi, hər kəsin işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması hüququnun, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququnun təsbit edilməsi olduqca mütərəqqi əlavələrdir. Bu, ölkəmizdə insan hüquqları və azadlıqlarının daha səmərəli və təsirli müdafiəsini, bütövlükdə məhkəmə hakimiyyətinin daha effektiv fəaliyyətini təmin edən, mümkün süründürməçilik hallarının qarşısını alan əhəmiyyətli Konstitusiya normalarından biridir.

Bununla da dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əsas Qanununa – Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ölkədə insan hüquq və azadlıqlarının konstitusiya təminatının daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərmişdir. Konstitusiyaya təklif olunmuş və ölkə vətəndaşları tərəfindən dəstəklənmiş dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

Beləliklə, hazırda Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir. Bu Konstitusiya hüquqi, demokratik, konstitusion dövləti inkişaf etdirmək üçün yetərincə hüquqi bazanı təsbit edib.

Qeyd etdiyimiz kimi, Konstitusiyanın Azərbaycanın dövlət və hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də ölkəmizdə konstitusiya nəzarəti orqanının yaradılması olub. Bu baxımdan, məhz ulu öndər Heydər Əliyevin müəllifliyi ilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması olduqca mütərəqqi və əhəmiyyətli hadisə olmuşdur. Demokratik dəyərlərə əsaslanan, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ali məqsəd kimi bəyan edən Azərbaycan Konstitusiyası konstitusiya nəzarəti mexanizmini və Konstitusiyanın aliliyini təmin edən Konstitusiya Məhkəməsinin dövlət hakimiyyəti sistemində mühüm rolunu və yerini müəyyən etmişdir.

Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin Əsas Qanunda təsbit edilmiş hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və ölkəmizin milli hüquq sisteminin inkişafına öz töhfəsini verir.

Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri sırasında qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası və hökumətlərarası müqavilələrinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması, Konstitusiyanın və qanunların şərhi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi xüsusi yer tutur.

Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinə daxil olan digər məhkəmə orqanlarından fərqli təbiətə malikdir, ümumi məhkəmə orqanlarının davamı, növbəti məhkəmə instansiyası deyil. Konstitusiya Məhkəməsinin qərarları ilə əlaqədar olaraq isə bu fərqlilik özünü daha aydın şəkildə büruzə verir. Qəbul edilən qərarlar vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın birbaşa hüquqi qüvvəsini təmin edir, Konstitusiyaya uyğun olmayan aktları ləğv edir, hüquq sistemində və hüquq tətbiqetmə təcrübəsində mövcud olan boşluqları aradan qaldırır.

Qeyd edilməlidir ki, normativ hüquqi aktların Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə, onu qüvvədən düşmüş elan edir. Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılır.

Konstitusiya Məhkəməsinin başqa bir mühüm səlahiyyəti olan Konstitusiyanın və qanunların şərhi Məhkəməyə bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla, onun real konstitusion hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq norması müasir dəyərlər baxımından dolğunlaşdırılaraq daha təkmil forma alır və həmin normanın hər hansı digər qeyri-konstitusion formada tətbiqi mümkünsüz olur. Beləliklə də, normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Məhz ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq, Konstitusiya Məhkəməsi bu gün Konstitusiyanın aliliyini qoruyur.

Konstitusiya Məhkəməsi zamanın tələbindən çıxış edərək yarandığı gündən beynəlxalq əlaqələrə, xarici ölkələrin Konstitusiya Məhkəmələri və digər beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişlənməsinə böyük diqqət yetirir.

Bu ilin avqust ayında hazırda Qazaxıstan Respublikasının Konstitusiya Şurasının sədrlik etdiyi Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının “XXI əsrin Konstitusiyası – hüququn aliliyi, insan dəyəri və dövlətin effektivliyi” mövzusunda təşkil olunan onlayn formatda keçirilmiş IV Konqresində iştirakımız zamanı qanunun aliliyinin təmin olunmasında konstitusiya nəzarəti orqanlarının rolu; COVID-19 pandemiyası şəraitində insan hüquqlarının müdafiəsi; rəqəmsal transformasiya dövründə demokratik dəyərlərin və insan hüquqlarının müdafiəsi; müasir dövlətin inkişafı və digər mövzular üzrə məruzələr səsləndirilmiş və müzakirələr aparılmışdır. Tədbirin sonunda Konqresdə iştirak edən dövlətlər Bəyannamə qəbul etmişlər. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təklifi ilə ölkələrin ərazi bütövlüyü və sərhədlərin pozulmaması kimi beynəlxalq hüququn fundamental prinsipləri Assosiasiyaya üzv olan ölkələrin Konstitusiya Məhkəmələri tərəfindən dəstəklənərək yekdilliklə Bəyannamənin mətninə daxil edilmişdir.

Bu gün demokratik dövlətlərin konstitusiya nəzarəti orqanları qarşısında duran mühüm vəzifələrdən biri də konstitusiya ədalət mühakiməsinin müasir meyillərinin davamlı olaraq izlənilməsi və bu orqanların fəaliyyətində tətbiq edilməsidir. Nəzərə alınmalıdır ki, insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq-hüquqi aktların məhz məhkəmə təcrübəsində geniş tətbiq edilməsi insan hüquqlarının müdafiəsinin mühüm mexanizmlərindən biri kimi çıxış edir.

Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb.

Ötən illər ərzində Konstitusiya Məhkəməsi ümumilikdə 443 qərar və 123 qərardad qəbul etmiş və bu qərarların böyük bir hissəsi birbaşa və ya dolayı yol ilə məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olmuşdur. Qəbul edilmiş qərarlardan 179-u, qərardadlardan isə 94-ü fərdi şikayətlər əsasında qəbul edilmişdir ki, bu da ümumilikdə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların 40,4 faizini təşkil edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 2020-ci il 10 avqust tarixli Qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında qorunan əmanətlərin cəlb olunma tarixlərinin dəyişdirilməsi yolu ilə qorunmayan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin və Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təshih tədbirinin tətbiqindən sonra fiziki şəxslərdən müddətli əmanətlərin qəbulunun qadağan edildiyi dövrdə qəbul olunmuş, həmçinin qorunan əmanətlərin həcminin artımı, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanması yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsinə münasibətdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi şərh edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Konstitusiyada təsbit olunmuş hüquqların real həyata keçirilməsinin mühüm mexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca hüquq və ya təminat kimi nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar qeyd edib ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Ümumiyyətlə, mövcud normativ hüquqi aktlara əsaslanan fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə olunması ilə ayrılmaz və sıx əlaqədədir.

Göründüyü kimi, Konstitusiyanın qəbul edilməsindən ötən 25 il ərzində dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar öz mənbəyini məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürmüş, Əsas Qanunda təsbit edilmiş ümumi prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaratmışdır.

Əsas Qanuna ciddi riayət edilməsi dövlətin uğurlu inkişafının və cəmiyyətdə vətəndaş həmrəyliyinin əsasıdır. Qarşımızda duran əsas vəzifələrdən biri Konstitusiyamızın təbliği, onun prinsip və müddəalarının bütün Azərbaycan vətəndaşları tərəfindən öyrənilməsidir. Konstitusiyaya hamı tərəfindən ardıcıl və dönmədən əməl olunması, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuzun tələblərinə uyğunlaşdırılması hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

Bu gün Azərbaycan xalqı gələcəyə daha inamla addımlayır, çünki dövlətimizin sükanı müstəqil Azərbaycan Respublikasının memarı, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlindədir və onun müdrik siyasəti ilə idarə olunur.

Respublikamız son illərdə inkişafının elə uğurlu mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində mühüm dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən islahatları gerçəkləşdirmək imkanı yaradır. Vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan dəyişikliklər ümumbəşəri səciyyə daşıyan demokratik-hüquqi idealların ictimai şüurda adekvat dərkinə, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatına geniş imkanlar açır. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması vacib şərtlərdən biridir.

Son illər dövlətimizin başçısının rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, hakimlərin ən şəffaf seçim qaydası müəyyən edilib, bu sahədə potensialın və infrastrukturun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb.

2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bu islahatların məntiqi davamıdır. Həmin Fərmanda məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olmuşdur.

Fərmanın imzalanmasından bir ildən artıq vaxt keçir. Bu gün geriyə nəzər saldıqda ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna əhəmiyyət daşıyan dövlət sənədinin icrası çərçivəsində həyata keçirilmiş mühüm dəyişikliklərin, eləcə də yeni müstəvidə dəyişən hüquqi konfiqurasiyanın şahidi oluruq. Demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının ən müxtəlif sahələrində bərqərar olmasının çevik hüquqi mexanizmlərin yaradılmasından bilavasitə asılı olduğuna diqqət yetirən dövlətimizin başçısı siyasi, sosial, iqtisadi tərəqqiyə paralel olaraq dövrün tələblərinə müvafiq qaydada hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələri özündə ehtiva edən siyasət yürüdür.

Bu yeniliklərin və islahatların məntiqi davamı olaraq, Azərbaycan Respublikası Milli Məclisinin buraxılması barədə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası tərəfindən irəli sürülmüş müraciətlə bağlı Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinə sorğu göndərmişdir. Dövlətimizin başçısı sorğuda parlamenti buraxmaqla bağlı son qərarı vermək üçün “hazırkı şəraitdə Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının” Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmadığı məsələsini qaldırmışdır. Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə cənab Prezidentin sorğusuna baxılmış və qərar qəbul edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu 2019-cu il 4 dekabr tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin.

Məlumdur ki, ölkədə aparılan siyasi və iqtisadi islahatlarla yanaşı, Azərbaycanın beynəlxalq arenada da nüfuzu artmaqda davam edir. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən milli maraqların müdafiəsinə yönəlmiş xarici siyasətin pozitiv nəticələridir.

Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə və Qoşulmama Hərəkatına uğurla sədrlik etməsini qeyd etmək lazımdır. Xüsusi olaraq vurğulanmalıdır ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi platformadır. Məhz bu amilin özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsi prosesində tutduğu yerindən və rolundan xəbər verir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirəyə çıxarılan məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da ciddi şəkildə təsir edir.

Qoşulmama Hərəkatı bizim üçün mövcud beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi, habelə yeni ikitərəfli münasibətlərin qurulması və təbii ki, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından bir növ siyasi arenadır. Qoşulmama Hərəkatının əsaslandığı, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür. Bakıda keçirilən Zirvə görüşünün Yekun Sənədinə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edilmişdir. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsi işlədilir ki, bu da Ermənistanın 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Şübhəsiz ki, Müstəqil Azərbaycanın həm daxili, həm xarici uğurlu siyasəti, o cümlədən beynəlxalq arenada əldə etdiyi nailiyyətlər Ermənistanı öz əhalisinin diqqətini ölkə daxilində olan problemlərdən yayındırmaq üçün mütəmadi olaraq Azərbaycanla sərhəddə və işğal altında olan torpaqlarımızdan dövlətimizə qarşı təxribatlara əl atmağa vadar edirdi. Zaman ötdükcə, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, bu ilin iyul ayında Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribatı nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. Bu təxribatlar Ermənistanın avantürist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işğal siyasətinin davamı olmuşdur.

Qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhəddə, Tovuz istiqamətində baş verən hadisələr zamanı və həmin vaxtdan başlayaraq Ermənistanın geniş miqyasda daha böyük plan hazırladığı bəlli idi və Tovuz hadisələri sentyabrın 27-də baş verən hücuma hazırlıq rolunu oynayırdı. Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhə zonasında yerləşən Azərbaycanın silahlı qüvvələrinin mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutmuşdur. Bu hücum Azərbaycanı özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı sülhə məcbur etmək, onun təxribatlarının, hərbi avantüralarının və dövlətimizə qarşı işğalçı siyasətinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qoydu.

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilmişdir. Düşmən xeyli itki vermiş, onun döyüş texnikası sıradan çıxarılmışdır. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəf almışdır. Belə ki, Ermənistan silahlı birləşmələri hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı əraziləri və məntəqələri ağır artilleriyadan atəşə tutaraq dinc əhaliyə qarşı cinayətlər törətməkdə davam etmişdir. Vətən müharibəsi başlanan vaxtdan Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi, Goranboy şəhərləri və digər yaşayış məntəqələri raket hücumuna məruz qalmışdır.

İstifadəsi qadağan olunan xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn normalarını, Cenevrə konvensiyalarını, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirmişdir. Bu əməllər Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı zamanı xalqımız bu vəhşiliyin şahidi olmuşdu.

Düşmənin silahlı qüvvələrinin çirkin əməlləri və Azərbaycan xalqına qarşı törətdikləri növbəti dəhşətli və insanlıqdan uzaq cinayətin nəticəsində 94 dinc sakin həlak olmuş, 407 nəfər yaralanıb və mülki infrastruktura çox sayda ziyan vurulmuşdur.

Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı Konstitusiya Məhkəməsi də öz növbəsində səy göstərməkdədir. Belə ki, Gəncə şəhərində Ermənistan tərəfindən törədilən hərbi cinayətlə bağlı Məhkəməmiz bütün dünya ölkələrinin Konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu düşməndən azad etmək məqsədilə Azərbaycan ərazisində keçirdiyi uğurlu əməliyyatlara cavab olaraq Ermənistan silahlı qüvvələrinin beynəlxalq və humanitar hüququ pozaraq dinc sakinlərə istifadəsi qadağa olunmuş raketlərlə zərbələr endirməsi diqqətə çatdırılmışdır.

Müraciətdə, həmçinin qeyd edilmişdir ki, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və yaşayış məntəqələrində yerləşən mülki obyektlər və yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalmışdır. Dəymiş ziyan və həlak olanlarla bağlı məlumatlar qeyd edilərək, bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürü kimi qiymətləndirilmişdir.

Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə bəyanatla müraciət edərək Azərbaycan həqiqətlərini diqqətə çatdırmışdır.

Konstitusiya məhkəmələrinin nəzərinə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin həmin qətnamələr Ermənistan tərəfindən könüllü olaraq icra edilməyib.

Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” 2015-ci il 16 iyun tarixli qərarında Dağlıq Qarabağdakı proseslərin Ermənistanın nəzarəti altında həyata keçirildiyi Strasburq Məhkəməsi tərəfindən qeyd edilib. Xüsusilə qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları mülki əhali və mülki infrastruktura qarşı yönəlməyib. Həyata keçirilən əməliyyatlarda beynəlxalq humanitar hüququn prinsiplərinə və Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərə əməl olunub.

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanın rəşadətli ordusunun öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda apardığı əməliyyatların başlanğıcından daim öz mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövlətinin Konstitusiya Məhkəməsinin sədrinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə zəng edərək Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləməsi, Türkiyə Konstitusiya Məhkəməsinin kollektivi adından qardaş Azərbaycanın Vətən uğrunda şəhid olmuş əsgərlərinin, dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsindən kədərləndiyini bildirərək xalqımıza dərin hüznlə başsağlığı verməsi bir daha Türkiyənin daim Azərbaycan xalqının yanında olduğunu vurğulamışdır.

Erməni vandalizminin davamı olaraq, düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş böyük dağıdıcı qüvvəyə malik ballistik “cluster” tipli raketlərdən istifadə edilməklə iki dəfə zərbə endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Konstitusiya Məhkəməsi Bərdə şəhərində mülki əhaliyə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinin Konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edərək həqiqətləri bəyan etmişdir. Ermənistan rəhbərliyinin vətəndaşlarımızda ruh düşkünlüyü yaratmağa yönəlmiş bu çirkin əməllərinə cavab olaraq, Azərbaycan xalqı birlik nümayiş etdirmişdir. Bu birlik isə öz növbəsində, ön cəbhədə vuruşan ordumuzu ruhlandırmışdır.

Azərbaycanın rəşadətli ordusu dünya miqyasında güclü ordular sırasındadır. Müzəffər Ali Baş Komandanın uğurla həyata keçirdiyi ordu quruculuğu siyasəti nəticəsində silahlı qüvvələrimiz ən müasir silahlar, döyüş texnikası ilə təchiz olunmuşdur. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından Azərbaycan Ordusu düşmən ordusunu dəfələrlə üstələyir, öz güc və qüdrətini ərazi bütövlüyümüz uğrunda aparılan haqlı mübarizəmizdə düşmənin tapdağından azad olunmuş torpaqlarımızda sübut etmişdir.

Azərbaycan xalqının apardığı mübarizə haqq işidir, haqq mübarizəsidir. Bu barədə cənab Prezident qeyd etmişdir: “Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik”.

Beləliklə, Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə etmişdir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim əzəli tarixi torpağımız olduğunu tanıyır. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti və digər aparıcı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz

çıxarılmasını tələb edir. Lakin bütün qeyd olunan bu beynəlxalq aktların kağız üzərində qalmasına baxmayaraq, Azərbaycan Ordusu öz şücaəti ilə bu qətnamələri icra edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Düşünülmüş mahir hərbi strategiyaya əsaslanan əməliyyatlar nəticəsində Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı zəbt edən düşmənə sarsıdıcı zərbələr endirərək ərazilərimizi 30 illik işğaldan azad etmiş və tarixi zəfərə imza atmışdır.

Azərbaycanın beynəlxalq hüquq çərçivəsində apardığı haqlı müharibənin tarixi nəticəsi olaraq noyabrın 10-da Ermənistan faktiki olaraq hərbi kapitulyasiyanı imzaladı. Dövlətimizin başçısının sərgilədiyi siyasi qətiyyəti nəticəsində ilk olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları, sonradan isə işğal altındakı bütün torpaqlarımız heç bir itki olmadan işğaldan azad edilməkdədir. Bu tarixi zəfərdir və bu zəfəri müzəffər Azərbaycan Ordusu qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli Azərbaycan Ordusu ilə Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli bir vəzifəni yerinə yetirdi.

İşğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması həm də vətəndaşların konstitusion hüquqlarının bərpası və dövlətin əsasını bərqərar edir. Belə ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Konstitusiyanın qəbul edilməsində bəyan etdiyi ülvi niyyətlərdən birini – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqdadır.

Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə 30 ilə yaxındır öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradacaq. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu.

Bu gün ərazi bütövlüyümüzün bərpası uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılan tarixi qələbə hər birimizi qürurlandırır, çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha əzmlə işləməyə ruhlandırır.

Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.

Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin Sədri