Azərbaycan diasporu yeni inkişaf mərhələsində – Macarıstanda yaşayan soydaşlarımızla görüş keçirilib

Milli Azərbaycan Tarixi Muzeyi 100 illik yubileyinə hazırlaşır
Dünyada koronavirusa yoluxanların sayı 150 milyon nəfəri ötüb
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

Son illər xaricdəki Azərbaycan icmaları ilə intensiv görüşlərin keçirilməsi, konkret fəaliyyət mexanizmlərinin mövcudluğu diasporun inkişafına ciddi təkan verib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macarıstanda yaşayan Azərbaycan icması ilə görüşündə diasporun inkişaf konsepsiyası, qlobal dünya düzəninə uyğun fəaliyyət prinsipləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılan şanlı Zəfərin 5-ci ildönümünə həsr olunan görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin müasir dövrün tələblərini özündə ehtiva etdiyini və dünya azərbaycanlılarının birləşməsini daha da sürətləndirdiyini diqqətə çatdıran sədr komitənin layihələri barədə məlumat verib.

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə diasporun fəaliyyətini yüksək qiymətləndirib, icmalaşma prosesinin sürətləndiyini ifadə edib.

Budapeştdə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabat çıxışı edib, evin icma daxilində və icma ilə yerli cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. O, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.

İcma üzvləri Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ictimai-siyasi istiqamətlərdə uğurlar qazandığını bildirib, perspektivə dair təkliflər veriblər.

Görüşdə soydaşlarımızla yanaşı, Azərbaycan Evindəki həftəsonu məktəbində dilimizi öyrənən macarlar da iştirak ediblər.

Tədbirdə soydaşlarımıza təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Görüş diaspor üzvlərinin ifalarından ibarət bədii hissə ilə yekunlaşıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt