Azərbaycan dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq göstərməyə çağırır

Metropoliten nümayəndəsi: “İndiki məqamda COVID pasportunu yoxlamaq qeyri mümkündür”
Füzulinin “Ərəb divanı” Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb
Azərbaycan Prezidenti: BMT TŞ qətnamələrinin bəzi hallarda 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır

Azərbaycan dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana təzyiq göstərməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dərhal və şərtsiz yerinə yetirməyə çağırır:

“Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, erməni xalqına iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir dövlət qurmaq vədləri sülh, qonşuluq münasibətləri və qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil”.

Bununla yanaşı, nazir BMT tribunasından Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, ölkə əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin dərhal yerinə yetirilməsinə nail olmaq üçün İrəvana təzyiq göstərməyə çağırıb:

“Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokrat adlandırırsa, onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməlidirlər və doğma yurd-yuvalarından didərgin düşmüş insanlara öz vətənlərinə qayıtması üçün şərait yaratmalı və silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların müvafiq qətnamələrində tələb olunduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartmalıdırlar”.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hesab edir ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və münaqişənin tezliklə siyasi həllində ən maraqlı tərəfdir.

Trend: