Azərbaycan müxalifəti bundan sonra nə etməlidir? – SORĞU

Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun qəbul olunmalıdırmı?
Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir?
Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində maraqlı deyil – Rusiyanın Milli Strategiya İnstitutunun prezidenti

Azərbaycanda prezident seçkiləri başa çatdı. Ölkədə bütün siyasi qüvvələr üçün artıq yeni mərhələnin başladığını söyləmək olar. Ötən prezident seçkilərində iştirak məsələsində fikir ayrılıqları ilə qarşılaşan müxalifət yeni mərhələdə nə etməlidir? Müxalifət düşərgəsi nə edəcəyini müəyyənləşdiribmi? Partiya rəhbərləri APA-nın “Nə etməli” sualını cavablandırıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, ilk növbədə müxalifətin sözün həqiqi mənasında səmimi münasibətlər əsasın ciddi bir mərkəzi yaradılmalıdır: “İkincisi, aydın fəaliyyət proqramı ortaya qoymalıdır. Üçüncüsü, isə Azərbaycanda ictimai siyasi situasiyanı dəyişdirmək istiqamətində ciddi beynəlxalq dəstəyə nail olmalıdır. Bu üç addım atılmasa, mənə elə gəlir ki, Azərbaycanda vəziyyət durmadan pisləşəcək. Müxalifətin uğursuzluqlarından biri də zamanı düzgün müəyyənləşdirməməsidir. Seçkilər qurtarmamış bu birlik yaradılmalı idi. Amma bir çoxları dedi ki, gözləyək. Bu da həmin qüvvələr arasında ziddiyyətlərin inkişaf etməsinə təkan verdi. Amma heç olmamaqdansa, yenə gec olması yaxşıdır”. 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifətin seçkilərdə iştirak etməməsinin başlıca səbəbinin ölkədə normal demokratik şəraitin olmaması olduğunu deyib: “Ona görə də müxalifət növbəti mərhələdə normal demokratik şəraitin yaradılması istiqamətində fəaliyyət göstərməlidir. Söz və mətbuat azadlığının, sərbəst toplaşmaq hüququ, seçki qanunvericiliyində islahatlar və digər sahələrdə dəyişikliklərin edilməsi üçün birgə fəaliyyət lazımdır. Taktiki məsələlər isə hazırda müzakirə olunur. Müxalifət düşərgəsi bu problemləri həll etmək üçün əylərini birləşdirməli, ardıcıl və sistemli mübarizə aparmalıdır”.

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə əsl müxalifət partiyalarının həm strateji, həm taktiki baxımdan ortaq məxrəcə gəlməsini vacib hesab edir. Onu sözlərinə görə, müxalifət bir komanda kimi Azərbaycandakı vəziyyəti dəyişmək uğrunda mübarizə aparmalıdır: “Birinci addım birləşmə olmalıdır. Sonrakı addımlar isə taktiki məsələlərə daxildir. Səmimi birlik yaradılacaqsa, o zaman qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olacaq”. L. Şövkət hesab edir ki, müxalifətin birliyi qarşılıqlı hörmət üzərində qurulmalıdır.

Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazovun fikrincə, müxalifət ənənəvi qaydada atdığı addımları bu mərhələdə atmamalıdır: “Müxalifət düşərgəsi birinci növbədə situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdır. Hakimiyyət bir partiyaya bir, başqasına isə fərqli yanaşacaqsa, o zaman fəaliyyət göstərmək çətin olacaq. Həmçinin hakimiyyətin yetişdirmək istədiyi müxalifətdən də müxalifət olmayacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov qarşıdan iki mühüm seçkinin – bələdiyyə və parlament seçkilərinin gəldiyini deyib və müxalifət düşərgəsinin bütün diqqəti bu seçkilərə yönəltməsinin vacib olduğunu bildirib: “Digər tərəfdən, müxalifət düşərgəsində pərakəndəlik var və bu pərakəndəliyin aradan qaldırılmasına çalışmaq lazımdır. Əks halda qarşıdakı illərdə hər hansı uğur qazanmaq çox çətin olacaq. Müxalifət hakimiyyətə təzyiqlər etməli, müəyyən azadlıqların alınmasına nail olmalı, qanunvericilikdə müəyyən dəyişikliklər və xüsusilə də əhalinin siyasi fəallığının artırılmasına çalışmalıdır”.

Prezident seçkilərinin artıq geridə qaldığını deyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun fikrincə, müxalifət Seçki Məcəlləsinin dəyişdirilməsi uyğun ciddi mübarizəyə başlamalıdır. Bununla paralel olaraq sərbəst toplaşmaq azadlığının bərpa olunması istiqamətində ləngimədən konkret addımlar atılmalıdır: “Biz əsas kimi bu iki istiqaməti qarşıya məqsəd qoymuşuq. Konkret addımlar isə müxalifətin birliyinə nail olub birgə tədbirlər həyata keçirməkdən ibarətdir. Birlik nəticəsində bələdiyyə və parlament seçkilərində iştirak etmək lazımdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, müxalifətin əsas işi növbəti seçkilərə hazırlaşmaq olmalıdır: “Müxalifət yalnız insanlarla işləməlidir, yerli təşkilatlar fəal iş aparmalıdır. Bunun alternativ yolu yoxdur. Bizim partiya artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. Hesab edirəm ki, digər müxalifət qüvvələri də analoji addımlar atmalıdırlar”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də müxalifət qüvvələrinin təmərküzləşməsini vacib sayır. Onun fikrincə, müxalifət bir araya gəlsə, növbəti seçkilərdə daha çox seçki bloku yaransa, o zaman həm bələdiyyə, həm də parlament seçkilərində bu düşərgənin şansı yüksək olar: “Digər tərəfdən, müxalifət indidən ciddi məsələlərdən biri olaraq elektron informasiya vasitələrinə çıxış tapmalıdır. Növbəti seçkilərə kimi qanuna da dəyişiklik olunmalıdır. Bunlarda irəliləyişə nail olmaq mümkün olsa, müxalifət uğurlar əldə edə bilər”./APA/