Azərbaycan nümayəndə heyəti Vladiqafqazda Muxtarov məscidinin açılışında və konfransda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfər edib.

İƏT Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
Ermənistanın işğal etdiyi Qarabağdan xaricə daşıdığı dəyərli tarix və mədəniyyət nümunələrinin qaytarılma problemi…

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfər edib. Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib. 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlətimizin başçısına müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Sonra nümayəndə heyəti Vladiqafqaz Milli Elmi Kitabxanasının binasında keçirilən konfransda iştirak edib.

Tədbirdə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə məlumat verib. O, şeyxülislam A.Paşazadənin dini lider kimi Azərbaycan və Qafqaz xalqları qarşısındakı xidmətlərindən danışıb.

Şeyxülislam A.Paşazadə çıxışında bildirib ki, bu gün Vladiqafqazda memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrlə ucalır. Azərbaycan xalqının ləyaqətli oğlu Murtuza Muxtarov tərəfindən inşa edilmiş, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscid uzun əsrlərboyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaq.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladiqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözlərimiz önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təcəssüm etdiyini vurğulayıb. Ölkəmizin daxilində və xaricində dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlətimizin başçısının qlobal miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirdiyini vurğulayan QMİ sədri bu işlərin Azərbaycanda davamlı olaraq həyata keçirildiyini bildirib. O, Azərbaycan Prezidentinin bu ili ölkəmizdə dahi mütəfəkkir, Şərqin humanist filosofu İmadəddin Nəsiminin şərəfinə “Nəsimi ili” elan etdiyini diqqətinə çatdırıb.

Çoxmillətli və çoxkonfessiyalı Rusiyada ənənəvi dinlər, o cümlədən İslam dininin ardıcılları üçün bütün lazımi şəraitin yaradıldığını bildirən QMİ sədri Vladiqafqazdakı tədbiri də bu baxımdan gözəl nümunə kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi vurğuladıqlarını söyləyən şeyxülislam sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının bu istiqamətdə bundan sonra da səy göstərəcəyini bildirib.

Vladiqafqazdakı Muxtarov məscidinin ərsəyə gəlmə tarixinə dair nadir arxiv sənədləri Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq A.Paşazadəyə təqdim olunub.

Vladiqafqaz Tarix və Arxeologiya İnstitutunun direktoru professor Ruslan Bzarov iştirakçılar üçün nümayiş etdirilən və məscidin tarixçəsindən bəhs edən sənədli film haqqında danışıb.

Tədbirdə Şimali Osetiya-Alaniya Respublikasının tanınmış alimləri professor Marzoyev və professor Kanukova məruzələrlə çıxış ediblər. Məruzələrdə Murtuza Muxtarovun şəxsiyyəti, onun xeyriyyəçilik fəaliyyəti, Azərbaycan-Şimali Osetiya dostluğunun möhkəmlənməsində tarixi rolu vurğulanıb, Azərbaycan ilə Osetiya arasında dostluq və qardaşlıq əlaqələrinin keçmişi və bu günü barədə danışılıb.

Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri iştirak ediblər. Bütün çıxışlarda Azərbaycan və Şimali Osetiya xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsi olan Muxtarov məscidinin mövcudluğu, onun yenidən qurulması yüksək dəyərləndirilib. Şimali Osetiya müftisi H.Gatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edib və dövlət başçısının Qafqaz xalqlarına ehtiramlı münasibətindən xeyli məmnun olduqlarını, bunu çox yüksək dəyərləndirdiklərini vurğulayıb. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev də Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlığını ifadə edib.

Daha sonra Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov Azərbaycan nümayəndə heyətini qəbul edib. Şimali Osetiya-Alaniya parlamentinin sədri A.Maçnevin də iştirak etdiyi görüşdə Azərbaycan və Şimali Osetiya arasında tarixi, ənənəvi münasibətlər zəmini üzərində həyatın müxtəlif sahələrində əlaqələrin inkişafından razılıq ifadə olunub. Azərbaycanın xalqına, onun Prezidentinə dərin ehtiramının və qardaş salamlarının çatdırılmasını xahiş edən Şimali Osetiya Respublikasının başçısı V.Bitarov Muxtarov məscidi ilə əlaqədar tədbirin böyük önəm daşıdığını vurğulayıb. O, QMİ sədri A.Paşazadənin dini lider olaraq fəaliyyətinin Qafqaz bölgəsi üçün çox dəyərli olduğunu vurğulayıb.

QMİ sədri görüşə görə minnətdarlığını bildirib və bu istiqamətdə işlərin davamlı olmasının vacibliyinə diqqəti cəlb edib. Şeyxülislam Azərbaycan Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidinin xalqlarımız arasında mənəvi dostluq abidəsi kimi önəmini yüksək qiymətləndirib. O, gələcəkdə Vladiqafqazda Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adını daşıyacaq məktəb binasının ucaldılmasını da arzu etdiyini bildirib.

Şeyxülislam Şimali Osetiyadakı Azərbaycan diasporunun xalqlarımız arasında dostluq və əməkdaşlığın dərinləşməsi işinə verdiyi töhfələri vurğulayıb və onların fəaliyyətindən məmnun olduğunu bildirib.

Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev Azərbaycan ilə Şimali Osetiya arasında mədəni-mənəvi əlaqələrin inkişaf etdirilməsi zərurətindən, habelə iqtisadi sahədə qarşılıqlı investisiya yatırımlarının genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Vladiqafqazdakı görüş və tədbirlərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Cavanşir Paşazadə, Hikmət Məmmədov, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və QMİ sədrinin birinci müavini müfti Salman Musayev iştirak ediblər.