Azərbaycan Prezidenti: Türkiyə ilə münasibətlərimizin zirvədə olmasından böyük fərəh hissi duyuruq

San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
Bakıda “SAP Discovery Day Baku” forumu keçirilir
Azərbaycan və Konqo prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda şəxsən öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirib: “Fəxrlə qeyd etmək istərdim ki, Türkiyə Respublikası tarixinin ikinci yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli, qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanmış, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basmışdır. Bütün bu möhtəşəm nailiyyətlərin əldə olunması məhz Sizin uzaqgörən və müdrik rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün olmuşdur”.

Azərbaycan Prezidenti, həmçinin vurğulayıb: “İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir”.

AZƏRTAC