Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışının izi ilə …

“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
Daxili İşlər Nazirliyi vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb
BMT-nin Baş katibi: Təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24sentyabr 2021-ci il tarixdə BMT Baş Assambleyasının 76-cı sessiyasında illik ümümi müzakirələrdə videoformatda çıxış etdi. Cənab Prezident öz çıxışında digər mühüm məsələlərlə bərabər Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi cinayətlər, ATƏT-in Minsk Qrupunun faktiki olaraq fəaliyyətsizliyi, İkinci Qarabağ müharibəsinin başlanmasının səbəbləri, Azərbaycanın 44 gün ərzində ərazilərimizi işğaldan azad etməsi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etmiş olduğu qətnamələrin müddəalarını yerinə yetirməsi barədə sessiya iştirakçılarına məlumat verdi. Prezident İlham Əliyev çıxışında eyni zamanda vurğuladı ki, “Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir”. Prezident daha sonra Ermənistanın işğalçı cinayətkar mahiyyətina və beynəlxalq təşkilatın qərarların məhəl qoymadığına diqqət yetirərək, qeyd etdi ki, “Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi”. Prezident eyni zamanda Ermənistanın Azərbaycanla transsərhəd çaylarının və bütövlüklə işğal altında saxladığı ərazilərdə su ehtiyatlarını çirkləndirməklə bölgənin ekoloji sisteminə ciddi zərər vurduğunu, bir çox hallarda isə bərpa olunmaz deqradasiya vəziyyətinə məruz qoyduğunu birdirdi. Cənab İlham Əliyev dedi ki, “ Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir”.

Qeyd etmək istərdim ki, Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşmişdi və onlara xidmət göstərilməməsi səbəbindən qəza təhdidləri idi. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində işğal altında qalmış Sərsəng su anbarı Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilməkdə idi. Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, cəbhəyanı rayonlarda yaşayan 400000 mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı artmaqda idi.

Bundan əlavə, Prezident çıxışında qeyd etdiyi kimi, işğalçı tərəf suyu Sərsəng su anbarından qışda buraxırdı və bunun nəticəsində torpaqlar su altında qalırdı, yollar dağılırdı, sel baş verirdi. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac olduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsirdilər. Bunun nəticəsində cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurulmuşdu, əkin sahələrinin suvarılmasında problemlər yaranmışdı, yaşıllıqlar quruyaraq məhv olurdu, torpağın bioloji strukturunda dönməz proseslər başlamışdı, bölgədə ciddi ekoloji gərginlik yaranmaqda idi, biomüxtəliflik ciddi təhlükə ilə üzləşmişdi.

Odur ki, Prezident İlham Əliyevin göstərişi və dəstəyi ilə rəhbəri olduğum Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi. Sərsəng su anbarının əhəmiyyəti, siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırdıq, AŞPA, Avropa Parlamenti və  AVRONEST PA kimi beynəlxalq qurumlarda böyük işlər gördük. Mən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olarkən, cənab Prezident İlham Əliyevin göstərişi əsasında “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə layihəsi təqdim etdim. Təqdim olunan, çoxsaylı Avropa ölkələrinin deputatları tərəfindən imzalanan bu qətnamə layihəsi Azərbaycanın qatı düşməni, AŞPA-dakı 10 illik baş katibi vəzifəsində olarkən istər torpaqlarımızın işğalı, istərsə, qondarma siyasi məhbuslar, istərsə də söz azadlığı problemləri ilə bağlı  Azərbaycana qarşı əsassız hücum  kampaniyasının rəhbəri Savitski tərəfindən rədd edildi.

Laki, biz AŞPA-da bu qətnamə layihəsinin qarşısını almaq üçün ermənipərəst qüvvələrin güclü müqaviməti ilə üzləşsək də gərgin mübarizədən sonra bu adlı  məruzənin hazırlanmasına dair qərarın qəbul edilməsinə nail olduq, Bosniyalı və Hersoqovinalı deputat Miliça Markoviç  qətnamə üzrə məruzəçi təyin edildi.

AŞPA katibliyi məruzəçinin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanladı. Lakin Ermənistanın AŞPA katibliyinə cavabı qeyri-ciddi və gülünc idi. Belə ki, işğalçı Ermənistan bu məsələnin onlara aid olmadığını və riyakarcasına heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “DQR”-ə müraciət etməyi məsləhət görmüşdü. Ermənistan bu təxribat xarakterli cavabı ilə AŞPA məruzəçisini qondarma “DQR”-lə əməkdaşlığa təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın guya “DQR”-i tanıması və onunla əməkdaşlıq etməsi barədə sərsəm xülyaları reallaşmadı. Ermənistan tərəfi bu addımı atmaqla, faktiki olaraq, məruzəçi ilə əməkdaşlıqdan imtina etdi və onun beynəlxalq müstəqil ekspertlə birlikdə faktaraşdırıcı missiya ilə bölgəyə səfər etməsinə imkan vermədi. Həmin dövrdə Ermənistan hakimiyyəti bütün resurslarını səfərbər edərək məruzəçiyə təzyiqlər göstərirdi və bu qətnamənin AŞPA gündəliyindən çıxarılmasına çalışdı. Ermənistanın destruktiv fəaliyyətinə baxmayaraq səylərimiz nəticəsində AŞPA-da xanım Markoviçin məruzəsi əsasında “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085(2016) saylı qətnamə qəbul edildi. Bu qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanması vurğulanır, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir, Azərbaycanın Ermənistan işğalı altındakı ərazilərində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə baxımsızlığın xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi qeyd edilir, təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş, “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilir və, nəhayət, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilirdi.

Əfsuslar olsun ki, digər beynəlxalq qurumların qəbul etmiş olduğu qərarlar kimi bu qətnamə də kağız üzərində qaldı. Bölgədə beynəlxalq hüququn pozulmuş normalarını yalnız rəşadətli Azərbaycan Ordusu bərpa etdi. Artıq Azərbaycanın tarixi qələbəsini və Ermənistanın məğlubiyyətini özündə ehtiva edən 10 noyabr üçtərəfli bəyannaməsi imzalandıqdan sonra ölkəmiz yenidən özünün ayrılmaz hissəsi olan Qarabağ bölgəsindəki su ehtiyatlarından istifadə etmək imkanı əldə etdi. Hələlik həllini tapmamış məsələlərin isə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi-diplomatik müstəvidə həlli istiqamətində mübarizə davam edir. Əminliklə inanırıq ki, bu mübarizə də 44 günlük hərbi əməliyyatlar kimi Azərbaycanın tam qələbəsi ilə nəticələnəcək və Azərbaycan Şərqi Zəngəzur iqtisadi zonasında olduğu kimi, Qarabağ iqtisadi zonasının da su ehtiyatlarından tam şəkildə istifadə edəcək.

Bu gün 30 il erməni tapdağı altında inildəyən torpaqlarımızın azad olunması üçün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun işğala dur dediyi, torpaqlarımızın azad olunması uğrunda müharibənin başladığı gündür. Biz xoşbəxtik ki, rəşadətli ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə torpaqlarımızı Ermənistan tapdağından azad etdi.

AVCİYA 25 ildir ki, yarandığı gündən işğal altında olan torpaqlarımız ilə bağlı təvazökarlıqdan uzaq da olsa, fədakarlıq edərək çox mühüm işlər görmüşdür.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin  bu günlərdə BMT-nin Baş  Assambleyasındakı nitqində  Sərsəng su anbarı ilə bağlı dedikləri AVCİYA üzvlərinin hər biri üçün əvəzsiz töhfədir.

Möhtərəm Prezidentimizin Sərsənglə bağlı çıxışı Assosiasiyamızın bütün üzvlərini ruhlandırır. Biz torpaqlarımızın bütövlüyü uğrunda fəaliyyətimizi əzmlə davam etdirəcəyik.

Elxan Süleymanov,

AVCİYA prezidenti