Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı

Azərbaycan-Rusiya münasibətlərinin tarixi böyükdür. Bu iki xalqı təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial əlaqələr bir-birinə bağlayır.
İki dövlət arasındakı münasibətlər təkcə sərhədlərə söykənən qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.
Hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri baş tutdu, bir çox mühüm məsələlər üzrə sazişlər və müqavilələr imzalandı.
Heydər Əliyev siyasətinin uğurlu davamçısı İlham Əliyevin hakimiyyəti illərində bu münasibətlər öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Dəfələrlə Azərbaycan-Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri olub, yeni sazişlər və müqavilələr imzalanıb.
Rəsmi məlumatlara əsasən, təkcə 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Ötən illər ərzində Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir ki, onlardan da 1/3-i yüz faizlik Rusiya kapitalı ilə işləyir. Ötən illərdə sahibkarlıq subyektləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənmək üzrədir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.
Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlara “Qazprom”, “Transneft” və “LUKOYL”u misal göstərmək olar. Eyni zamanda, Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Qoyulan sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir. Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq “Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılması da ən perspektivli layihələrdən biri hesab oluna bilər. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək ki, bu arteriyanın da ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. “Şimal-Cənub dəhlizi”nin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək və bu marşrutun ayrı-ayrı hissələri üzrə işlər davam etdirilir. Bununla yanaşı, 2019-cu ildə ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir və bu istiqamətdə də işlər tamamlanmaq üzrədir.
Sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda rəsmi səfərdə oldu. Rusiya Prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izlədikdən sonra, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılaraq, çıxış edib.
Vladimir Putinin son 5 il ərzində 4-cü dəfədir Azərbaycanda olduğunu deyən Azərbaycan Prezidenti çıxışı zamanı özünün də müntəzəm olaraq Rusiyaya səfər etdiyini bildirib. Bu isə iki ölkə arasında tərəfdaşlığın, ölkələrimiz arasında dost, mehriban qonşuluq münasibətlərinin olmasını göstərir. Forumda iki ölkə arasında avtomobil istehsalı, turizm, ticarət əlaqələrinin inkişafı və s. sahələrdə müsbət dinamikanın olması qeyd olundu.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdən danışan Rusiya Prezidenti bir daha qeyd etdi ki, iki dövlət arasında həmişə maraqlar balansı axtarılır və tapılır.

Dəyanət Musayev
p.ü.f.d., AVCİYA-nın vitse-prezidenti