Azərbaycan siyasətçilərinin Türkiyə-Ermənistan münasibətlərində Dağlıq Qarabağla bağlı məqama aid fikirləri

Amerika, Rusiya və dünya: 2009-cu ilin sərt reallığı
Prezident İlham Əliyev: ““Nabucco” layihəsi ilə bağlı Rusiya tərəfdən Azərbaycana heç bir təzyiq olmayıb”
Münasibətlərin yaxşılaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı mümkün ola bilər

“ABŞ prezidenti Barak Obamanın Türkiyə iqtidarı ilə apardığı danışıqlarda ortaya qoyulan məsələlərdən biri də Ermənistanla münasibətlərin yaxşılaşdırılması olub. Bu onu göstərir ki, Türkiyə Ermənistanla yaxınlaşmanı öz iradəsi ilə etmir. Amma Türkiyə siyasətçiləri və dövlət rəhbərləri başa düşürlər ki, Azərbaycan Türkiyə üçün çox önəmlidir. Azərbaycanın maraqlarını və mənafeyini gözləməyən dövlət başçısı Türkiyədə uzun müddət hakimiyyətdə qala bilməz”. Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsindən əlavə Türkiyənin Ermənistanla öz problemləri var: “Lakin Türkiyə bu problemləri də kənara qoyub, əlaqələrini inkişaf etdirməyə çalışır. Bəllidir ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü də tanımır, amma ermənilərlə bir masa arxasında otururlar”. S. Rüstəmxanlı hesab edib ki, Türkiyə Qarabağ məsələsini danışıqlar masasından çıxara bilməz: “Türkiyə ilə Ermənistan arasında isə faktiki olaraq sərhədlər açıqdır. İstanbuldan İrəvana təyyarə və avtobus reysləri həyata keçirilir. Bu gün İstanbulda 50-60 min erməni işləyir. Türkiyədə ermənilərə bizimkilərdən daha yaxşı şərait yaradılıb. Sərhədin açılması şərti və psixoloji məsələdir. Türkiyədə bəzi qruplar elə danışırlar ki, guya sərhədlər açılan kimi Türkiyə xoşbəxtliyə qovuşacaq. Türkiyəni bu qədər yumşaq, öz mövqeyini nəzərə almadan addımlar atması doğru deyil”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması prosesi Azərbaycanla razılaşdırılmış şəkildə aparılır: “Türkiyənin Ermənistanla əlaqələrinin əsasında Azərbaycanın maraqlarından çox öz maraqları dayanır. Türkiyənin maraqları tələb edirsə ki, bu gün Ermənistanla hətta, Azərbaycanı maraqlarına zidd olsa belə yaxınlıq yaradılsın, bir müstəqil dövlət kimi bu addımı atmalıdır”. S. Cəlaloğlu Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələdə susqunluq nümayiş etdirməsini təbii hesab edib: “Biz yeni təzyiq vasitələrindən istifadə etməliyik. Əksinə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının bizə xeyri ola bilər. Yəni Ermənistan Rusiyanın təsirindən nisbətən azad olar, Türkiyə ilə dostlaşar və dostluqdan doğan müəyyən dəyişilmələr baş verər”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Türkiyə ilə Ermənistan arasında münasibətlərinin yaxşılaşdırılmasından narahatlığını açıqlayıb: “Türkiyə əvvəlki mövqelərindən geri çəkilib. Çünki Türkiyə həmişə bildirirdi ki, Dağlıq Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmasından və normal münasibətlərdən söhbət gedə bilməz. Bu gün isə faktiki olaraq bu istiqamətdə danışıqlar aparır. Buna ciddi təəssüfümüzü bildirirdik”. Q. Həsənquliyev bildirib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarda Qarabağ probleminin arxa plana atılması inandırıcıdır: “Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışında Çaldıran savaşından tərbiyə almasının vacibliyini qürurla söyləməsi AKP iqtidarından maraqlarımıza zidd hərəkətlərin etməsini gözləməyə əsas verir. Digər tərəfdən Türkiyə isə Rusiya arasında imzalanan sonuncu bəyannamənin müddəaları da narahatlıq doğurur. Türkiyə Xarici İşlər Nazirliyinin susqunluğu isə Ərdoğanın İsrailin prezidenti ilə mübahisəsinin bir məqamına bənzəyir. Davos Forumunda Ərdoğan Şemon Peresə dedi ki, siz suçlu olduğunuzdan qışqırırsınız. Mən isə hesab edirəm ki, Türkiyənin bəzi rəsmilərinin susması suçluluqdan qaynaqlanır”. Q. Həsənquliyevin fikrincə, proseslərin gedişi Ermənistanla sərhədlərin açılmasına və diplomatik əlaqələrin yaxşılaşdırılmasına xidmət edir: “Türkiyə ictimaiyyəti buna reaksiya göstərməlidir. Azərbaycan rəsmiləri ölkənin narahatlığını açıq şəkildə bildirməlidirlər. Türkiyə hökuməti bu məsələlərə aydınlıq gətirməlidir”.
Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə Türkiyə ilə Ermənistanın hər hansı formada əlaqələrinin inkişaf etdirməsini pis qiymətləndirdiyini söyləyib: “Amma Türkiyənin dövlət siyasətinin Azərbaycanın maraqları üzərində qurulmadığını bilirəm və bunu təbii qarşılayıram. Tarixi dönəmlərdə də belə hallar olub. Türkiyə hakimiyyətinin illərlə yaratdığı problemlər, indi bu ölkəni çıxılmaz vəziyyətə salıb”. İ. Ağazadə deyib ki, R.T. Ərdoğanın münaqişə ilə açıqlaması Ermənistan Türkiyə danışıqlarının mahiyyətini ortaya qoymur: “Bu açıqlama daxili auditoriya və Azərbaycana hesablanıb. İddia etmirəm ki, Türkiyə Azərbaycanın mövqelərini və mənafeyini satıb, amma hesab edirəm ki, Türkiyə indiyə qədər olan prinsiplərdən bu və ya digər şəkildə imtina edib”. O, Türkiyə ilə Ermənistan arasında sərhədlərin bu tezliklə açılacağına ümid etmədiyini də qeyd edib.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, Ermənistan-Türkiyə münasibətlərinə iki dövlətin münasibətləri baxımından yanaşdıqda normaldır: “Amma iş burasındadır ki, Türkiyə bir dövlət kimi Azərbaycanın strateji müttəfiqidir, bir çox məsələlərdə Azərbaycanla bağlı olan ölkədir. Tərəflər həmişə bir-birinin yanında olacağını bəyan edib və Azərbaycan bu prinsipə həmişə sədaqətlə yanaşıb. Türkiyə həmişə bəyan edib ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməli, Türkiyəyə qarşı əsassız torpaq və soyqırım iddiasından imtina etməlidir. Amma Ermənistan bu şərtlərin heç birini yerinə yetirməyib və hazırda Ermənistanla münasibətlər intensiv olaraq genişlənir. Yaxın vaxtlarda şərtlər yerinə yetirilmədən sərhədlərin açılacağı və Ermənistanın Türkiyənin ən yaxın müttəfiqinə çevrilməsi tamamilə mümkündür. Təəssüf ki, onlar Azərbaycanla bir yerdə olacaqları ilə bağlı bəyanatlara uyğun addım atmırlar».
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə son vaxtlar Türkiyənin Rusiya və Ermənistanla yaxınlaşmasının Azərbaycan üçün təhdid olduğunu bildirib: “Çünki biz Qarabağ məsələsində Rusiyanın mövqeyini bilirik, onlar status-kvonun qalmasında maraqlıdır. Türkiyə mətbuatında yazıldığına görə, artıq Qarabağ məsələsi Türkiyə tərəfindən şərt kimi irəli sürülmür. Bu sözsüz ki, Azərbaycan üçün yaxşı xəbər deyil. Amma hər bir dövlətin öz maraqları var və Türkiyə bir dövlət kimi ilk növbədə öz maraqlarını müdafiə edir. Azərbaycan da gərək bunu bacarsın”. L. Şövkətin sözlərinə görə, Azərbaycanda gedən proseslər Dağlıq Qarabağ məsələsini daha da böyük düyünə salır. Türkiyənin baş naziri Ərdoğanı məsələylə bağlı açıqlamasına gəldikdə, L. Şövkət bildirib ki, belə təkzib ilə çıxış etmək mümkündür: “Biri var nəyisə deyəsən – bu diplomatiyada var, biri də var əməli işə baxasan. Biz əməli işlərə baxsaq, görərik ki, artıq Dağlıq Qarabağa məsələsi Türkiyə tərəfindən şərt kimi qoyulmur”./APA/