Azərbaycan və Konqo prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilir
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Zəngilan rayonu
Dövlət Komissiyası: Ermənistan əsirlərin və saxlanılan şəxslərin azad edilməsi, və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə indiyədək cavab verməyib

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz. Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq.

Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.

Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.

Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq.

Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır.

Biz bu gün təbii ki, iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.

Onu da bildirməliyəm ki, rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var.

Bir məsələ də bu gün müzakirə edildi. Cənab Prezident xatırladı ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar, biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi.

Bir sözlə, mən deyəndə ki, bu səfər tarixi səfərdir, sadəcə, ona görə yox ki, bu, ilk səfərdir. Hesab edirəm ki, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.

Mən bu gün cənab Prezidenti COP29 tədbirində iştirak etmək üçün dəvət etmişəm və nümayəndə heyətlərinin üzvlərinə də göstəriş verildi ki, bu məsələ ilə bağlı da ciddi əməkdaşlıq yaradılsın. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər.

Bir daha hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə cansağlığı, xalqınıza daim firavanlıq və rifah arzulayıram. Sağ olun.

X X X

Sonra Konqo Respublikasının Prezidenti bəyanatla çıxış etdi.

Prezident Deni Sassu-Nqessonun

bəyanatı

-Cənab Prezident.

Hörmətli dostlar, media nümayəndələri.

Cənab Prezident bir az əvvəl tarixi məqamlardan danışdı və bu, həqiqətdir. Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq. Mən Prezidentə səmimi-qəlbdən təşəkkür etmək istərdim ki, bizi dəvət edərək bu rəsmi səfəri reallaşdırmaq üçün bu şəraiti yaradıb. Bu səfər bizə bu ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Cənab Prezident, mən bu dəvətə görə Sizə təşəkkür etmək istərdim.

Prezident bizə Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi. Hesab edirəm ki, Prezident bir az əvvəl apardığımız danışıqların bir sıra aspektlərini çox yaxşı şərh etdi. Mən əlavə etmək istərdim ki, biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun. Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi – Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik. Ondan sammitin nəticələrini nəzərə almasını ancaq xahiş edə bilərik, çünki bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Biz, eyni zamanda, bu il iyulun 2-3-də Brazzavildə keçiriləcək Afrika və Qlobal Meşəsalma Onilliyi tədbiri barədə məlumat verdik. Bu, Şarm-əl Şeyxdə keçirilmiş COP zamanı Konqo tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz Afrika və Qlobal Meşəsalma Onilliyi ideyasını irəli sürdük. Bu ideyanı konkretləşdirmək, bu layihəni reallaşdırmaq üçün Afrika İttifaqı, BMT və Konqo konfrans təşkil edəcək. Biz COP29-un təşkili ilə məşğul olan Azərbaycan rəsmilərini bu ideyanın reallaşdırılması və sonra onun Nyu-Yorkda BMT-nin Baş Assambleyasının növbəti sessiyasında qəbul olunması üçün iyulda bizə qoşulmağa dəvət etdik.

Prezident tərəfindən digər əməkdaşlıq məsələlərinə də toxunuldu. Karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialının olduğu qeyd edildi. Biz öhdəlik götürdük ki, ölkələrimiz arasında qeyd olunan bütün sektorlarda bu əməkdaşlıq inkişaf etsin. Prezident də dedi, biz öz nümayəndələrimizə təlimat verdik ki, bu layihələri yekunlaşdırmaq üçün birgə işləsinlər. Biz danışıqlarımızın nəticələrindən çox məmnunuq. Burada bizə göstərilən səmimi və dostcasına qəbula görə çox xoşbəxtik.

Biz inanırıq, düşünürük ki, burada ölkələrimiz arasında əməkdaşlıq istiqamətində çox yaxşı addım atdıq və biz mütləq qalib olacağıq. Ona görə də mən cənab Prezidentdən xahiş etdim ki, Konqoya dostluq səfəri etməklə bizi şərəfləndirsin. Mən ona dəvətnamə göndərəcəyəm və biz Prezidenti ölkəmizdə qəbul etməkdən şərəf duyacağıq. Bu da başqa bir tarixi hadisə olacaq. Prezidentin bizim ölkəmizə səfəri məhsuldar əməkdaşlığımızda növbəti addım olacaq.

Mən bizim tərəfimizdən ünvanlanan bütün sorğulara müsbət cavab verdiyinə görə Prezidentə təşəkkürümü ifadə edirəm. Bildirmək istərdim ki, biz beynəlxalq səviyyədə – istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacağıq. Çünki söhbətimiz zamanı fikirlərimizin bir-biri ilə yüksək səviyyədə üst-üstə düşdüyünü gördük. Prezident və mənim tərəfimdən imzalanan Bəyannamə mühüm mərhələdir. Fikrimcə, bu, gələcək aylarda və illərdə ölkələrimiz arasında bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək.

Sonda mən bu qəbula və keçirdiyimiz görüşlərin uğurlu olmasına görə Prezidentə təşəkkürümü bildirirəm.