Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Milli Kitabxanası Düşənbədə keçirilən beynəlxalq konfransda iştirak edib
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bakı şəhərinin Baş planında əsas məsələlərdən biri də yaşıllıq normalarına nail olmaqdır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə layihələrin icrası uğurla davam etdirilir. Bu layihələrin fəaliyyət planına əsasən Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri və Aqrar İnkişaf Könüllüləri təşkilatının rəhbərinin, həmçinin layihənin benefisiar fermerlərinin iştirakı ilə Türkiyədə təlim səfəri başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi kəndli fermer qadınları və aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün “Qadınların iqtisadi güclərinin artırılması” (WEP), eləcə də AMAL layihələri çərçivəsində gənclərin və qadınların məşğulluğunun, kənd qadınlarının bacarıqlarının artırılması, müasir tələblərə əsaslanan bacarıqların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasında innovativ metodlar, müasir texnologiyalar, startap və sahibkarlığa texniki dəstəklə bağlı kənd yerlərində həyata keçirilən ən yaxşı təcrübələrlə yerində tanış olmaqdır.

Azərbaycanın müxtəlif dövlət qurumlarının, o cümlədən Azərbaycan Kənd Qadınları Assosiasiyasının, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının, Aqrar İnkişaf Könüllüləri təşkilatının nümayəndələrinin, həmçinin layihənin benefisiar fermerlərinin də iştirak etdikləri səfərin ilk günündə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı İslahatlar baş idarəsinin müdir müavini Osman Yıldız, Nazirliyin Təlim və Təbliğat şöbəsinin müdiri Mehmet Ergünlə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Türkiyədə icra edilən innovativ layihələr, aqrar sahədə innovasiyaların təşviq və tətbiqi, aqrar startapların inkişafı, innovativ metodlardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və aqrar idarəetmənin təkmilləşdirilməsi istiqamətində gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi və əməkdaşlıq imkanları müzakirə olunub.

Aqrar Kredit və İnkişaf Agentliyinın sədr müavini Leyla Məmmədova Agentliyin fəaliyyət istiqamətləri, kənd təsərrüfatının prioritet istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla birlikdə icra edilən layihələr və əldə edilən uğurlu nəticələrdən bəhs edib.

FATP-ın meneceri Namiq Məmmədov kənd yerlərində qadınların iqtisadi cəhətdən gücləndirilməsi, ümumilikdə, proqram çərçivəsində icra olunan layihələr barədə məlumat verib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, ucqar kənd və qəsəbələrdə yaşayan qadınların kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarının artırılması, o cümlədən məşğulluğun təmin edilməsi üzrə benefisiarı olduqları layihələr və dövlətin bu sahədə göstərdiyi dəstək tədbirləri barədə təqdimatla çıxış ediblər.

AZƏRTAC