Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib
AVCİYA Prezidenti Elxan Süleymanov: “Bir ildir ki, hər bir azərbaycanlı kimi mən də qürurluyam”

Dekabrın 12-də Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarı önündən keçir, onun ruhu qarşısında baş əyirdilər. Fəxri xiyabanda yaşanan izdiham, eləcə də bütün bölgələrdə keçirilən anım mərasimləri xalqın öz böyük oğluna tükənməz məhəbbətini təcəssüm etdirirdi.

Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimizin təşəkkülü bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderinin misilsiz xidmətlərini hər zaman minnətdarlıq hissləri ilə xatırlayır.

Bu fikirlər anım mərasimlərində iştirak edən insanların AZƏRTAC-ın müxbirlərinə müsahibələrində dönə-dönə vurğulanıb. Onlar müasir tariximizdə silinməz iz qoymuş bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətirib, xatirələrini bölüşüb, Ümummilli Liderin parlaq xatirəsinin yaddaşlarda daim yaşayacağına əminliklərini bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Anar Əliyev: “Ümummilli lider Heydər Əliyev Azərbaycana sabitlik, əmin-amanlıq, firavanlıq bəxş edib. Bu gün Azərbaycanda müxtəlif millətlərə, dinlərə mənsub insanlar dinc yanaşı, sülh şəraitində yaşayırlar. Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Bütün dini konfessiyalara eyni münasibət göstərilməsi, müxtəlif dinlərə və xalqlara fərq qoyulmaması bu siyasətin göstəricisidir. Azərbaycanda tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldıran Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətləri böyükdür. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın tolerantlıq modeli dünya miqyasında yüksək qiymətləndirilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət köklü şəkildə dəyişib. Bu zəngin irsin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar bərpa olunur, yeniləri tikilir. Bizim borcumuz bu tolerantlığın qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfələr verməkdir”.

Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Lətifə Əliyeva: “Heydər Əliyev hər bir azərbaycanlının lideri olub. Onun xidmətləri, xalqı, vətəni üçün etdikləri heç vaxt unudulmayacaq. Ulu Öndərimiz digər sahələr kimi, incəsənətə, mədəniyyətə də xüsusi diqqət yetirirdi. O, mədəniyyət xadimlərini həmişə yüksək dəyərləndirir, onların qayğısına qalırdı. Heydər Əliyev mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılmasında əvəzsiz xidmətlər göstərib. Mədəniyyət və incəsənətimizin bugünkü yüksək səviyyəsinə görə biz bu müdrik insana borcluyuq. Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev də bizdən qayğısını əsirgəmir. Dahi liderə qəlbimdə tükənməyən sevgi var. Allahdan Ulu Öndərə rəhmət diləyir, dövlətimizin başçısına da fəaliyyətində uğurlar arzulayıram”.

Gənc həkim Ləman Süleymanova: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə səhiyyəmizin inkişafı, xüsusən maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb. Yeni tibb müəssisələri tikilib, yaxud əsaslı surətdə yenidən qurulub, bir çox səhiyyə ocaqları müasir avadanlıq və cihazlarla təchiz edilib. Ulu Öndər insanların sağlamlığına, səhiyyənin və tibb elminin inkişafına, savadlı, peşəkar həkim kadrlarının hazırlanmasına xüsusi diqqət yetirirdi. Odur ki, hər birimiz ölkəmizin hərtərəfli inkişafına görə ümummilli lider Heydər Əliyevə borcluyuq. Gənclərə daim diqqət göstərən, onların qayğısına qalan, problemlərinin həllinə çalışan Ümummilli Lider gəncliyə böyük ümidlər bəsləyirdi. Dönə-dönə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. O, respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam, bu dövlətə sahib çıxa biləcək gənc nəslin yetişdirilməsini ən mühüm vəzifələrdən biri hesab edirdi. Biz gənclər bütün qüvvəmizlə ümummilli lider Heydər Əliyevin ümidlərini doğrultmağa çalışır, bunu özümüzə borc bilirik”.

Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov: “Ulu Öndərin iqtisadiyyatın güclənməsində, ordu quruculuğunda və ölkəmizin dünyada tanınmasında müstəsna xidmətləri olub. Onun məqsədyönlü siyasəti nəticəsində peşəkar hərbi kadrlar yetişib, veteranlar hərtərəfli qayğı ilə əhatə edilib. Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Ulu Öndər veteranların problemlərini daim diqqət mərkəzində saxlayıb və onların həlli üçün tədbirlər görüb. Odur ki, görkəmli siyasətçi Heydər Əliyevin xatirəsini bütün xalqımız kimi, veteranlar da daim əziz tutur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dahi şəxsiyyətin müasir Azərbaycan Ordusunun strukturunun, ixtisaslaşdırılmış ali hərbi məktəblərin yaradılması sahəsində gördüyü böyük işləri xatırlatmaq istərdim. Vaxtilə Heydər Əliyevin ali hərbi məktəblərə göndərdiyi gənclər müstəqilliyin bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında mühüm rol oynayıblar. Hazırda Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilib. İkinci Dünya müharibəsi veteranları ulu öndər Heydər Əliyevin bu misilsiz xidmətlərini unutmurlar və unutmayacaqlar”.

Qarabağ müharibəsi əlili Xəyyam Kərimov: “Ulu Öndərin siyasətində əlillərə, veteranlara, şəhid ailələrinə qayğı xüsusi yer tuturdu. Görkəmli dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifahının yaxşılaşdırılması məqsədilə tədbirlər görür. Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür. Mən də digər həmvətənlərim kimi, Ulu Öndərin məzarını ziyarət etməyi özümə borc bilirəm. Əlillər, fiziki məhdudiyyətli insanlar onun qayğı və diqqətini hər zaman hiss edirdi. Dahi liderin vəfatı bizi çox kədərləndirdi. Lakin o, öz xidmətləri ilə xalqın yaddaşında ölməzliyə qovuşdu. Azərbaycan xalqı öz Ümummilli Liderinin xatirəsini hər zaman qəlbində yaşadacaq”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Samir Baxşəliyev: “Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev dövlətçilik fəaliyyətində təhsilə xüsusi diqqət göstərir, təhsilə millətin gələcəyi kimi baxırdı. Ulu Öndər təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərəfli inkişafında həlledici rol oynadığını, müəllim əməyinin yüksək dəyərini dönə-dönə vurğulayır, savadlı gənc nəsil yetişdirilməsi istiqamətində davamlı və sistemli tədbirlər həyata keçirirdi. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsilə, təlim-tərbiyəyə strateji sahə kimi yanaşırdı. Müəllimlik peşəsinə yüksək qiymət verən Heydər Əliyev deyirdi ki, özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Ulu Öndər müstəqillik illərinin əvvəllərindən yeni təhsil sisteminə keçidi ən mühüm vəzifə kimi qarşıya qoymuşdu. Həmin dövrdə təhsil sistemində gedən proseslərə nəzər salanda görürük ki, yeni məktəb binalarının inşası, maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin dünya təhsil sisteminə inteqrasiyası Heydər Əliyevin diqqət mərkəzində idi. Ulu Öndərin təhsil sistemində apardığı köklü islahatlar tədrisi yeni mərhələyə yüksəltdi. Bu gün ulu öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Neft gəlirlərinin insan kapitalına yönəldilməsi sosial-iqtisadi islahatların davamlılığına və tarazlı inkişafa xidmət edir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral: “Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir. Ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycan qısa zamanda böyük yol keçib, çox mühüm mövqeyə gəlib çatıb. Dahi şəxsiyyət Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, öz mövqeyi olan bir ölkəyə çevrilib. Ümummilli Liderə Türkiyədə də çox böyük dəyər verilir. Türkiyənin hər bir bölgəsində onun xatirəsini əbədiləşdirən parklar, abidələr var. Bu, Heydər Əliyevin həqiqətən də böyük şəxsiyyət olduğunun göstəricisidir. O, Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucusudur. Heydər Əliyev Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olduğu vaxtlardan öz ölkəsinin gələcəyini qurmağa başlamışdı. O, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ən çətin günlərdə ölkəsinə sahib çıxaraq bugünkü səviyyəyə gətirən bir liderdir”.

Bu gün təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilib. Mərasim iştirakçılarının bir qrupu AZƏRTAC-ın bölgə müxbirləri ilə söhbətlərində Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırladıb, bununla bağlı fikirlərini bölüşüblər.

Ağdam rayon Xındırıstan kənd sakini Aybəniz Cəfərova: “Ulu öndər Heydər Əliyevin 1970-ci ildə kəndimizə gəlişini indi də xatırlayıram. O vaxt kolxoza atam rəhbərlik edirdi. Həmin görüş çox yaxşı yadımdadır və həyatımın ən qiymətli xatirəsidir. Heydər Əliyevin rayona səfərləri zamanı çəkilmiş fotoşəkilləri evimizin çox dəyərli xatirəsi kimi saxlayıram. Rayonumuz işğal olunanda biz ilk olaraq onları götürdük. Sonra həmin fotoşəkilləri Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzinə verdik. Heydər Əliyev kimi tarixi şəxsiyyəti yaxından gördüyüm üçün özümü xoşbəxt hesab edirəm”.

Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Əli Mustafayev: “Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Mən uzun illər aqrar sahədə mütəxəssis kimi çalışmışam. Aqrar sektor Azərbaycan iqtisadiyyatında daim önəmli rol oynayıb. Bu sahənin əsaslı inkişafı isə ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti illərinə təsadüf edir. Məhz həmin dövrdən etibarən ölkəmizdə meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələri inkişaf etməyə başladı. Rayonlarda ixtisaslaşma aqrar sahənin tərəqqisinə yol açdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra keçmiş SSRİ-nin geridə qalan ölkələri sırasında olan Azərbaycan qabaqcıl respublikaya çevrildi. Hamımız şahidiyik ki, 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatında yaşanan tənəzzül kənd təsərrüfatından da yan keçmədi. Olan-qalan emal, kənd təsərrüfatı müəssisələri məhv oldu. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra torpaq islahatı həyata keçirildi və gələcək uğurların təməli qoyuldu. Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. O cümlədən Xaçmaz da ən böyük kənd təsərrüfatı rayonu kimi bu inkişafdan öz payını alır. Bu gün fermerlər, sahibkarlar yaxşı gəlir əldə edirlər. Buna görə hamımız Ulu Öndərə minnətdarıq”.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon komitəsinin sədri Sona Qazıyeva:“Ulu Öndəri fərqləndirən başlıca cəhətlərdən biri sadəliyi, doğma Vətəninə, xalqına bağlılığı idi. Bu dahi insanla 1972-ci ilin martında respublika komsomolunun 28-ci qurultayı çərçivəsində keçirilmiş görüş yaddaşımda dərin iz buraxıb. Qurultayda mənə də söz verildi. Çıxışımı bitirdikdən sonra rəyasət heyətində əyləşmiş ulu öndər Heydər Əliyevə müraciət edərək bacım Sevil Qazıyeva haqqında yazdığım şeiri oxumaq üçün icazə istədim. Ulu Öndər gülümsəyərək soruşdu: “Sən şeir də yazmağı bacarırsan?”. Şeirim Ulu Öndərin xoşuna gəldi. Həmin qurultaydan az sonra ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən pambıqçılıq üzrə ümumittifaq müşavirəsində iştirak etdim. Ötən əsrin 70-ci illərində minlərlə azərbaycanlı gənc kimi, mənim də gələcək həyat yolumun müəyyənləşdirilməsində, əməyimin qiymətləndirilməsində Heydər Əliyevin böyük rolu olub. Bacım, məşhur pambıqçı, mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın yolunu davam etdirmək üçün Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozunda işə başladım. Gənclərdən ibarət briqada yaratdım. Həmin illərdə Ulu Öndər Beyləqana səfər edərkən bir neçə dəfə bizim briqadamıza da baş çəkdi, gənc mexanizatorlarla görüşüb söhbətləşdi. Biz bunları unuda bilərikmi?”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi qonşu Gürcüstanda da yaxşı xatırlayırlar.

Bu barədə danışan Kvemo Kartli–Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvilijurnalistlərə müsahibəsində deyib: “Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi Gürcüstan xalqı üçün də əzizdir. Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib və biz bunu unutmuruq. Dahi şəxsiyyət olan Heydər Əliyev Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında mühüm rol oynayıb. Onun Gürcüstanın inkişafında da danılmaz xidmətləri olub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə çox mühüm regional layihələr həyata keçirilib. Bu layihələrdə Azərbaycan və Gürcüstan birgə iştirak edirlər. Böyük İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi iri layihələr Gürcüstanın suverenliyinin möhkəmlənməsinə xidmət edib. Biz, Gürcüstan vətəndaşları Heydər Əliyevin əziz xatirəsini hər zaman anırıq və ona təşəkkür edirik. Gürcüstan və Azərbaycan arasında mövcud əlaqələr bu gün də uğurla inkişaf edir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.

X X X

Fəxri xiyabana səhər saatlarından başlayan insan axını axşamadək davam edib. Ziyarətçilər buraya həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəlirdilər. Azərbaycan Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edir, onun dünya miqyasında nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanır, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.

Dekabrın 12-də Fəxri xiyabanda yaşanan izdiham bir daha göstərdi ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzə deyil, gələcəyə aparan yollarımıza da işıq saçır.