Azərbaycanda fəaliyyətsiz partiyaların dövlət qeydiyyatı niyə ləğv olunmur?

Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır
ABŞ ekspertləri Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat ötürməsi barədə informasiyalardan narahatdır
Estoniyanın müdafiə naziri: “Azərbaycan müttəfiqlər üçün vacib tərəfdaşdır”

Azərbaycanda 53 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Bu partiyaların böyük əksəriyyətinin adı isə hətta siyasətlə fəal məşğul olan şəxslərə belə bəlli deyil. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyəti öz Nizamnaməsinin tələblərinə əməl etmir, hətta illərlə qurultaylarını keçirmir. Bununla bağlı qanunvericilik hər hansı məsuliyyət nəzərdə tuturmu? Fəaliyyət göstərməyən siyasi partiyanın hüquqi subyekt olaraq qalmasına ehtiyac varmı?

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər, vətəndaş vəziyyətləri idarəsinin baş məsləhətçisi Etibar Mustafayev APA-ya bildirib ki, qanunvericilikdə siyasi partiyaların fəaliyyətinin dayandırılması üçün konkret səbəblər göstərilib. “Siyasi partiyalar haqqında” qanunun 16-cı maddəsinə görə, məqsədi və ya fəaliyyət metodu Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirməkdən, zorakılıqla dəyişdirməkdən və ya ərazi bütövlüyünü pozmaqdan, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməkdən, habelə irqi, milli və dini ədavəti qızışdırmaqdan, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq-hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətməkdən ibarət olan partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir. Həmçinin, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən partiyaların fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırıla bilər. Hər hansı partiya öz Nizamnaməsi ilə müəyyən edilən məqsəd və vəzifələrdən kənara çıxan və ya qüvvədə olan qanunvericiliyə uyğun gəlməyən hərəkətlər etdikdə həmin partiyanın rəhbər orqanına Ədliyyə Nazirliyi tərəfindən yazılı xəbərdarlıq edilə bilər. E. Mustafayev bildirib ki, həmçinin partiyalar öz nizamnamələrinə uyğun olaraq qurultayda fəaliyyətin dayandırılması barədə qərar qəbul edə bilər. Bəzi partiyaların illərlə qurultay keçirməməsi və Nizamnamə tələblərini yerinə yetirməməsinə gəldikdə, E. Mustafayev bildirib ki, bununla bağlı hər hansı məsuliyyət nəzərdə tutulmur: “Əgər qurultaylar vaxtında keçirmirsə, hər hansı cəza, məsuliyyət müəyyənləşməyib. Bu partiyalara yalnız irad tutula bilər”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də APA-ya bildirib ki, qanunvericilikdə siyasi partiya fəaliyyət göstərmədiyi üçün onun qeydiyyatının ləğvinin əsasları müəyyən olunmayıb: “Ona görə də partiya seçkiyə qatılmırsa, qurultay keçirmirsə, bu o demək deyil ki, həmin partiyanın qeydiyyatı ləğv olunmalıdır. Partiyalar hər il üzvləri ilə yanaşı, cəmiyyət qarşısında da hesabat verməlidir. Azərbaycan təcrübəsində isə bu hal yoxdur. Baxmayaraq ki, qanunvericilik də bu tələbləri qoyur. Hətta formal olaraq belə hesabatlar təqdim edilmir”. Partiyaların Nizamnaməyə uyğun fəaliyyətinə Ədliyyə Nazirliyinin nəzarət etdiyini bildirən Ə. Nuriyev Nizamnamə pozuntuları ilə bağlı partiyaya nazirlik tərəfindən xəbərdarlığın nəzərdə tutulduğunu qeyd edib: “Amma bu vaxta qədər heç bir partiyaya belə xəbərdarlıq olmayıb. Nazirlikdə düşünürlər ki, belə bir addım başqa cür qiymətləndirilər, dövlətin siyasi partiyalara təzyiqi kimi təqdim oluna bilər. Ona görə də partiyaların Nizamnaməyə uyğun hərəkət edib – etməməsinə müdaxilə edilmir”. Ə. Nuriyevin fikrincə, dövlət qeydiyyatından keçən partiyaların yalnız 5-7-si müəyyən fəaliyyətə malikdir: “Digər partiyaların isə təsadüfü hallarda adlarını, tədbirini eşidirik. Onların əksəriyyətinin proseslərə təsir etmək imkanı yoxdur. Düşünürəm ki, bu kimi hallar qanunla tənzimlənməsinə, partiyaların qarşısına tələblər qoyulmasına ehtiyac var”.
Millət vəkili Siyavuş Novruzov isə hesab edir ki, fəaliyyət göstərməyən partiyanın qeydiyyatının ləğv olunması dünyada qəbul olunmuş normadır: “Avropanın aparıcı dövlətlərində partiya iki ildən artıq fəaliyyət göstərmirsə, seçkilərə qatılmırsa, fəaliyyəti avtomatik olaraq dayanır. Azərbaycanda bir sıra partiyaların fəaliyyəti hüquqi baxımdan dayanmasa da, faktiki olaraq dayanıb. Partiyanın əsas funksiyası seçkilərdə iştirak edib yer qazanmaq, elektoratını səfərbər etməkdir. Bu prosesdə iştirak etməyən partiyaların elektoratı da təbii ki, tədricən onlardan uzaqlaşıb digər aktiv qüvvələrə yaxınlaşır. Çünki insanlar öz əməklərini faydalı işə həsr etmək istəyirlər”. Millət vəkilinin sözlərinə görə, bir sıra partiyanın yalnız möhürü, qovluğu və sədri var: “Bu isə partiya yox, dərnəkdir. Biz parlamentə “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı təklif vermişik. Burada partiyaların hüquqi institutlaşması, maliyyələşməsi və beynəlxalq qurumlarda təmsilçilik məsələləri daxildir. Partiyaların yenidən qeydiyyatdan keçmə proseduru olmalı, yalnız fəaliyyət göstərmək iqtidarında olanlar saxlanmalıdır. Yoxsa Azərbaycanda 50-dək partiya qeydiyyatdan keçib, 50-yə qədəri isə keçməyib. Bu partiyalara nə ehtiyac var?”
Lakin digər millət vəkili Pənah Hüseyn APA-ya açıqlamasında bildirib ki, qanunda partiyanın fəaliyyət göstərmədiyinə görə qeydiyyatının ləğvi tələbi yoxdur, ona görə də belə partiyaların qeydiyyatının saxlanılmasını təbiidir: “Qanunda konkret göstərilib ki, hansı şərtlər partiyanın fəaliyyətinin dayanmasına səbəb ola bilər. Bu da dövlətin təhlükəsizliyi ilə bağlı məsələlərdir. Təşkilati məsələlərlə bağlı partiyanın fəaliyyətini dayandırmaq məsələsi yoxdur”. Millət vəkili hesab edir ki, siyasi partiyaların fəaliyyəti kifayət qədər liberal qaydalarla tənzimlənməlidir, onlara müəyyən hüquqlar verilməlidir: “İnsanların siyasi fəaliyyəti üçün təşkilatlanması işi kifayət qədər asan olmalıdır. Məhdudiyyətlərin qoyulmasına isə ehtiyatla yanaşılmalıdır. Azərbaycanda belə məhdudiyyətlər yoxdur və mən bunu normal sayıram. Azərbaycanda çoxpartiyalılıq sistemi formalaşma mərhələsindədir və bu mərhələ kifayət qədər çətin gedir. Buna görə də əlavə məhdudiyyətlərin olmasını məqsədəuyğun saymıram”. P. Hüseyn partiyaların seçkilərdə iştirak edib-etməməsini də onların öz hüququ sayır, qanunvericilikdə seçkiyə qatılmaq kimi məcburedici normanın olmadığını qeyd edir. Millət vəkilinin fikrincə, zaman keçdikcə, bu kimi məsələlər təbii yolla həllini tapacaq.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüçeyn Əlibəyli APA-ya açıqlamasında dünya təcrübəsindən danışıb, buna misal olaraq Almaniya qanunvericiliyində iki dəfə ardıcıl olaraq seçkilərə qatılmayan partiyanın qeydiyyatının ləğv olunması ilə bağlı müddəanın olduğunu qeyd edib. Bununla belə, o, indiki şəraitdə bunu Azərbaycanda mütləq şərt kimi qoymağın düzgün olmadığını düşünür: “Yəni seçkiyə münasibət partiyaların mövcudluğunun əsas şərti olmamalıdır. Amma fəaliyyəti olmayan, qeydiyyatdan keçmiş, adı olub mövcudluğu hiss olunmayan partiyaların qeydiyyatının ləğvinə ehtiyac var. Bu gün Azərbaycanda qeydiyyatı olan 53 partiyanın 7-8-nin fəaliyyəti var. Əgər partiya fəaliyyət göstərmirsə, qanunvericiliyin tələblərini və Nizamnaməsini pozur”. Q. Əlibəyli ümumilikdə Azərbaycanda partiya sisteminin zəif inkişaf etdiyini də vurğulayıb: “Partiyalar birinci növbədə ideoloji müstəvidə yox, şəxsi, fərdi müstəvidə qurulub. Bu gün partiyaların əksərinin ideologiyası yaxındır, hətta eynidir. Digər tərəfdən, hakimiyyət partiyalara ayrı-seçkilik münasibəti göstərir, müxalifət partiyalarının bütün imkanları məhdudlaşdırılır”.
Politoloq Rasim Musabəyov isə Avropa ölkələrində seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğv olunması qaydasının əsas səbəbinin dövlətin siyasi partiyalara dəstəyi ilə əlaqələndirib: “Fəaliyyət göstərməyən partiyanın qeydiyyatının ləğvi o ölkələrdə baş verir ki, orada partiyalara dövlət tərəfindən yardımlar edilir. Bu yardımların müqabilində də partiyalar ictimai məsuliyyət daşıyırlar. Daşımayanda isə qeydiyyat ləğv edilir və maliyyə dəstəyindən məhrum olunur”. Azərbaycanda isə heç bir partiyaya dövlət tərəfindən maliyyə dəstəyi verilmədiyini deyən politoloq buna görə onların məsuliyyət daşımadığını vurğulayıb: “Belə partiyaların mövcud olub-olmaması, qeydiyyatının ləğvi heç nəyi dəyişmir. Bunun nə cəmiyyət, nə də dövlət üçün fərqi var. Amma qanun qəbul edilsə ki, partiyalara dövlət tərəfindən yardım verilsin, o zaman ictimai xidmət göstərməyən partiyaların qeydiyyatı ləğv olunmalıdır. Bu gün mövcud olan partiyaların əksəriyyətinin rəhbəri 10 ildir, möhürünü evində saxlayır, hərdən mediada nə isə deməkdən başqa heç bir işlə məşğul olmur”. Belə təşkilatların qeydiyyatının saxlanılmasının məqsədinə gəldikdə, politoloq bildirib ki, əslində burada məqsədsizlik var: “Onların heç bir məqsədi yoxdur. Sadəcə, belə təşkilatlar heç bir maneə törətmədiyi üçün dövlət qurumları da onların qeydiyyatının ləğvinə ehtiyac görmür”.
Qeyd edək ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 1992-ci ilin 3 iyununda qəbul edilib. Həmin qanuna 1996, 2001, 2002, 2003, 2004, 2005, 2006 və 2007-ci illərdə bir sıra əlavə və dəyişikliklər edilib.
Onu da əlavə edək ki, bu vaxta qədər Azərbaycanda cəmi iki partiyanın dövlət qeydiyyatı ləğv olunub. Azərbaycan Ali Məhkəməsi 1995-ci ildə həm Bozqurd (indiki Azərbaycan Milli Demokrat Partiyası), həm də İslam partiyalarının dövlət qeydiyyatını ləğv edib. Məhkəmə Bozqurd Partiyasının adının müvafiq olmadığını əsas gətirib. İslam Partiyasının qeydiyyatının ləğvinə gəldikdə, bu barədə qərar partiya sədrinin İrana casusluqda ittiham edilərək həbs olunması ilə əsaslandırılıb.
O vaxtdan Azərbaycanda qeydiyyatdan keçən hər hansı partiyanın fəaliyyətinin dayandırması halı qeydə alınmayıb./APA/