«Azərbaycandakı miqrantların mövcud durumu və problemləri» müzakirə edilidi

Bələdiyyə seçkilərində səsvermə başa çatıb
Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib
Yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi

«Azərbaycandakı miqrantların mövcud durumu və problemləri» mövzusunda «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım» Assosiasiyasının və «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin 17 fevral 2009-cu ildə Dəyirmi Masa keçirilmişdir. Son illər ərzində ölkədə müşahidə olunan sosial-iqtisadi yüksəliş, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, Qarabağ probleminin sülh yolu ilə həll olunma ehtimalının artması, Avropaya inteqrasiya proseslərinin güclənməsi, ölkədə siyasi sabitlik və s. hallar ayrı-ayrı ölkələrdən Azərbaycana gələnlərin sayının sürətlə artmasına səbəb olmuşdur. «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım» Assosiasiyasının və «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin 17 fevral 2009-ci ildə təşkil etdiyi Dəyirmi Masa «Azərbaycandakı miqrantların mövcud durumu və problemləri» mövzusuna həsr olunmuşdur. Tədbiri giriş sözü ilə açan İctimai Birliyinin sədri professor Nadir Abdullayev bildirmişdir ki, təxmini hesablamalara görə hazırda dünya əhalisinin 200 milyonu ölkəsindən kənarda miqrant həyatı yaşayır ki, onlardan da 1 milyona yaxını Azərbaycanın payına düşür. Belə ki, dünyada hər 35 nəfərdən biri, Azərbaycanda isə hər 8 nəfərdən biri miqrantdır. Dünyada miqrantların 97-98 faizi başqa ölkə vətəndaşları olduğu halda, Azərbaycanda miqrantların 70 faizi ərazilərin işğalı nəticəsində ölkə daxilində yaşayış yerini dəyişməyə məcbur olmuş daxili miqrantlar, yəni Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Sonra məruzə üçün söz İB-nin eksperti Dəyanət Musayevə verilmişdir. Natiq öz çıxışında bildirmişdir ki, müstəqil hesablamalara görə, bu gün Azərbaycanda dünyanın müxtəlif ölkələrindən gələn 100 mindən artıq miqrant yaşayır. Rəsmi məlumatlara əsasən isə, Azərbaycanda 54 mindən artıq miqrant Daxili İşlər Nazirliyində qeydiyyata alınıb, onlar bir aydan artıq yaşamaq hüququ olan insanlardır. Miqtrantlardan 3786-sı daimi yaşayanlar, 1954-ü isə vətəndaşlığı olmayan şəxslərdir. Miqrantların əksəriyyətini Gürcüstan, Orta Asiya Respublikaları habelə İran, İraq, Əfqanıstan, Hindistan, Banqladeş, Pakistan, Nigeriya, Çin, Filippin və digər ölkələrdən olan insanlar təşkil edir.
Ekspert bildirmişdir ki, Azərbaycana gələn miqrantları onların məqsədlərinə görə üç qrupa ayırmaq olar. Birincisi, əmək fəaliyyəti ilə məşğul olmağa gələnlər (əməkçi miqrantlar), ikincisi, qaçqın statusu almaq üçün gələnlər, üçüncüsü isə Azərbaycan Respublikasının ərazisindən tranzit ölkə kimi istifadə etmək istəyənlər. Azərbaycana üz tutanların əksəriyyəti işçi miqrantlardır.
D.M. Musayev bildirmişdir ki, qeyri-rəsmi məlumata görə, bu gün Azərbaycana xaricdən gələn əməkçi miqrantların sayı 60 minə yaxındır, onların təqribən 6 min nəfəri dövlət orqanları tərəfindən qeydiyyata alınıb. Ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin böyük hissəsinin qeydiyyatdan kənarda qalması respublika büdcəsinə xeyli ziyan vurur. Əgər 2007-ci il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cəmi 1,7 min-ə yaxın miqranta əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə verilmişdisə, 2008-ci ildə bu göstərici 6 minə çatmışdır. Həmin ildə fərdi icazə almış əcnəbilərin 43%-i neft sektorunda, 33,5%-i tikinti sahəsində, 4,3%-i maliyyə və sığorta sahəsində, 7%-i istehsalat və ticarət sahəsində, 8,5%-i isə digər sahələrdə çalışmış, əmək fəaliyyəti ilə leqal məşğul olan əcnəbilərin sayı 4 dəfə artmışdır.
Çinli miqrantların ölkədə çoxalmasına münasibət bildirən ekspert qeyd etmişdir ki, bunun bir neçə səbəbi var. Belə ki, Çinin əmək rəsmilərinin bildirdiyinə görə, bu ölkədə çalışan 20 milyona qədər fəhlə qlobal iqtisadi böhran üzündən iş yerlərini itirərək miqrant həyatı yaşamağa məcbur olub. Çinin hökumət araşdırmalarına əsasən, qlobal maliyyə böhranına görə hal-hazırda 7 fəhlədən 1 – işsizdir. Digər tərəfdən, hazırda əksər xarici ölkələrdə işçi miqrantlarla bağlı kvotalar müəyyənləşib. Azərbaycanda isə bu hələ tətbiq olunmayıb. 2009-cu il üçün Rusiya miqrantlara tətbiq etdiyi kvotaları 50% azaldıb. Rusiyada kvotaların azaldılması, işsiz qalan çinli miqrantlar Azərbaycanda iş yeri axtarmasına səbəb olmuşdur.
Sonra çıxış üçün söz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanova verilmişdir. V. Qəhrəmanov bildirmişdir ki, DMX-nə 8574 nəfər miqrant müraciət etmişdir. Həmin şəxslərdən 1410 nəfərin ölkədə olma müddəti uzadılıb, 1359 nəfərə müvəqqəti yaşama icazəsi verilib, 32 nəfərə immiqrant statusu verilib. DMX-nin rəsmisi bildirib ki, quruma 87 nəfər qaçqın statusu almaq üçün müraciət edib, yalnız 1 nəfərə status verilib. Natiq bildirib ki, qurumun şikayət və təkliflər üçün qaynar xətt (561-87-54) fəaliyyət göstərir və elektron ünvanı (www.migration.gov.az) fəaliyyətə başlayıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya idarəsi şöbəsinin sektor müdiri Fuad Cabbarov, Beynəlxalq Miqrasiya Təşkilatının layihə rəsmisi Sərxan Aktoprak, Azərbaycanda Çeçen icmasının rəhbəri Ramzan Mollayev, Ombudsman aparatının rəsmisi Zaur Əliyev, Azərbaycanda Türkiyə səfirliyinin nümayəndəsi Musatafa Gur, Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyev, Axıska türklərinin “Vətən” cəmiyyətinin Kamal İbrahim, Azərbaycanda Əfqan icmasının rəhbəri Həmzə İmami və başqaları mövzu ətrafında çıxış etmişlər.
Tədbirdə deyilənlərlə bərabər, miqrantların sosial təminatı, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların qeydiyyata götürülməsi, onların ölkəyə uyğunlaşması, əmək fəaliyyətinə görə rüsumların tutulması, insan alveri və qaçaqmalçılığa qarşı mübarizə və s. ilə bağlı müəyyən çatışmazlıq mövcud olduğu bildirilmişdir. Onların aradan qaldırılması miqrasiya proseslərinin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə cavab verə biləcək şəkildə tənzimləmək baxımından əhəmiyyətli və vacib olduğu bir daha qeyd olunmuşdur.

Samir Sadayev

AMMKHM İB-nin əməkdaşı