Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayıb
“Airbus” şirkəti ilə “Azərkosmos” arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Oktyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib.

Cəmiyyətin, ölkənin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycanda bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycanda məscidlərin, eyni zamanda, rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikilməsi və təmiri dövlətin bu istiqamətdə apardığı siyasətin göstəricisidir. Bu sahədə Heydər Əliyev Fondunun da gördüyü işlər böyük əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verdi.

Bildirildi ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.

Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.

Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Qurani-Kərim hədiyyə etdi.

Dövlət-din münasibətlərinin Azərbaycan modeli bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Azərbaycanın bu istiqamətdəki siyasəti artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq edib. Azərbaycan öz milli-mənəvi, dini dəyərlərinə sadiq, onları qoruyan, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyən bir ölkə kimi tanınır.