Azərbaycana gələn turistlər maraqlı vaxt keçirmək üçün yeni imkanlar axtarışında regionun paytaxtından kənara çıxmağa daha çox can atırlar. Əsl təbiət və mədəniyyət incilərinin olduğu regionlara səfər istirahəti rəngarəng etməyin ən gözəl yolu olacaq.
Azərbaycanın dilbər guşələrində yerləşən bir neçə kənd haqqında söhbət açacağıq. Onlarla tanışlıq sizə unudulmaz təəssürat bağışlayacaq.
Qusarın Lazası və Suduru
Qusar rayonunun gözəl Laza kəndi dəniz səviyyəsindən 1300 metr yüksəklikdə mənzərəli dağ vadisində yerləşir. Əslində, Azərbaycanda Laza adını daşıyan iki kənd, yaxud dəqiq desək, iki hissədən ibarət bir kənd var. Kəndin ikinci hissəsi dağın o biri yamacında, Dəmirçayın sahilində, Qəbələ rayonu ərazisində yerləşir.
Lazada yaşayan ləzgilər tarixən Azərbaycan ərazisində ən qədim dövlətlərdən biri olan Qafqaz Albaniyası ilə bağlı olan yerli əhalidir. Hələ antik dövr müəlliflərinin əsərlərində Azərbaycanın şimal hissəsində yaşayan qafqazdilli tayfalar haqqında yazılıb, onların sırasında müasir ləzgilərin əcdadları haqqında da danışılıb.
Qusardakı Lazada təxminən 30 ev var, əhalisinin sayı 150 nəfərdir, kənddə ibtidai məktəb fəaliyyət göstərir. Sakinlər öz arasında doğma ləzgi dilində danışırlar, lakin Azərbaycan və rus dillərini yaxşı bilirlər. Lazanın sakinləri adi dağ həyatını yaşayır, təsərrüfatla məşğul olur, mal-qara saxlayır, yayda sürüləri yaylağa aparırlar.
Lazanın ən qədim görməli məkanı yaşı 300-dən çox olan məsciddir. Kəndin ətrafı, qayalıqdan axan şəlalə xüsusilə diqqət çəkir. Qışda buz bağlamış şəlalədə qayalara dırmaşma və alpinizm yarışları keçirilir.
Laza turistlərin Azərbaycanda ən çox baş çəkdiyi kəndlərdən biridir. Bütün ili bura qonaqlı-qaralı olur. Bu yerləri etnoturizmlə maraqlanan əcnəbilər daha çox sevirlər. Səyahətçilər, bir qayda olaraq, yerli əhalinin kirayə verdikləri otaqlarda qalırlar. Lazanın yaxınlığında bir neçə turbaza da fəaliyyət göstərir, onlardan ən məşhuru “Şahdağ” turizm mərkəzidir.
Daha bir ləzgi kəndi Qusar rayonunun lap ucqarında, Şahdağın ətəyində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sudurdur. Kəndə yol sıldırım qayalıqdan keçir, buradan ətrafa valehedici mənzərə açılır. Yayda bu qayalar Şahdağın qarlı zirvəsi fonunda çiçəkli dağ çəməni ilə örtülür.
Sudur kəndində ənənəvi həyat tərzi qorunub saxlanılır. Turistlər burada xalq sənəti məmulatları ala bilər, yerli əhalinin adət-ənənələri, ləzgilərin məişəti və folkloru ilə tanış ola bilər, yaz bayramı Yaran Suvarda (Novruzun analoqu) pəhləvanların çıxışlarına baxa bilərlər.
Əsasən kənd təsərrüfatı ilə məşğul olan əhali yağ, pendir, bal istehsal edir, kələm, kartof yetişdirir. Kənddə mehmanxana yoxdur, lakin arzu edənlər yerli sakinlərin evlərində qala bilərlər.
Qəbələnin Bumu və Vəndamı
Bum kəndi Azərbaycanın şimal-qərbində turistik şəhər olan Qəbələnin 7 kilometrliyində dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir. Əhalisi 5 min nəfərdən çox olan bu kənd şifahi xalq və musiqi yaradıcılığını qoruyub saxlaması ilə məşhurdur. Yerli “Zopzopu” folklor ansamblı adını çoban oyunundan götürüb.
Kənddə, həmçinin xristianlığın ilk dini ocaqlarından olan Kilsədağ məbədi, yeraltı otaqlara malik Govur qalası, 1882-ci ildə tikilmiş Cümə məscidi, Şıxməmmədin evi qorunub saxlanılıb.
Qəbələnin digər koloritli kəndi mərkəzdən 11 kilometr məsafədə yerləşən Vəndamdır. Yerli əhali zarafatla deyir ki, məşhur kino aktyoru Jan-Klod Van Damm onların yerlisidir. Kənddə çoxlu meyvə, xüsusilə alma bağları var.
Kənd əhalisi mürəbbə və konserv hazırlayaraq Qəbələ rayonunun bütün yolüstü bazarlarında satır. Buradakı xalçaçılıq və ağacyoma sexlərindən suvenirlər almaq olar.
Vəndam kəndi olduqca mənzərəli yerdə – meşəli dağların əhatəsində yerləşir. Burada Azərbaycanın məşhur “Duyma” istirahət zonası yerləşir. İstirahət vaxtını balıq tutmaq və at belində gəzinti ilə də keçirmək olar.
Qızılağac və Masallının digər kəndləri
Masallı rayonunda mənzərəli kənd çoxdur. Burada cənubluların tarixi, ənənələri, məişəti ilə tanış olmaq, habelə şəhərin səs-küyündən kənarda dincəlmək mümkündür. Boradigah, Ərkivan, Şərəfə, Banbaşı, Qıpzılağac, Yeni Alvadı ən böyük kəndlərdir.
Masallının mərkəzindən 15 kilometr məsafədə yerləşən Qızılağac kəndinin qədim tarixi var. Kənddə neolit və eneolit dövrünə aid məşhur Həzi Təpəsi indiyədək qalır. Orta əsrlərdə Qızılağac Xəzər dənizinin digər limanları ilə ticarət əlaqəsi saxlayıb. Əhali dəniz səfərinə çıxıb, balıqçılıqla məşğul olub. Gilan və Mazandaradana aparan dəniz yolları Qızılağacdan keçib. Əsrlər boyu Qızılağac Avropa ilə Yaxın Şərq arasında ticarət münasibətlərində mühüm rol oynayıb.
Əhalisi 5500 nəfər olan kənddə iki orta məktəb, klub, üç kitabxana, tibb məntəqəsi, poçt şöbəsi fəaliyyət göstərir. XVIII əsrin sonu – XIX əsrin əvvəlinə aid hamam dövrümüzə gəlib çatıb. Kəndin ətrafında məşhur Qızılağac qoruğu yerləşir.
Masallının digər böyük kəndi Boradigah qəsəbə statusuna malikdir. Buna həm də köhnə Masallı deyirlər. Hesab edilir ki, rayonun əsası məhz bu kənddə qoyulub, sonralar rayon mərkəzi indiki yerinə köçürülüb.
Yüksək dağ kəndi Şıxları da yaddan çıxarmaq olmaz. Buradan Viləşçay su anbarına və Masallı şəhərinə gözəl mənzərə açılır. Kənddə ailələrin əksəriyyəti arıçılıqla məşğul olur. Şıxlar kəndi həm də ətirli heyvası ilə məşhurdur. Bütün rayon mərkəzinin təchiz edildiyi içməli su mənbəyini buradan götürür.
Digər bir gözəl kənd Xişkədərədə etnoqrafik muzey yerləşir. Muzeydə eneolit dövründən (e.ə. IV minillik) tutmuş XX əsrədək diyarın tarixini əks etdirən 8 mindən çox eksponat var.
Masallının yüksək dağ kəndlərindən biri də Bəndalandır. Talış dağlarının ən dadlı zirinci məhz burada yetişir. Məhsulu may ayından avqustadək toplayırlar. Qurudulmuş və üyüdülmüş zirincdən ət və balıq yeməklərində istifadə olunur.
Əhalisi 18 min olan Ərkivan kəndi isə hər kvadratkilometrinə düşən əhalinin sıxlığına görə rekordçudur. Kənddə hər kvadratkilometrə 220 nəfər düşür ki, bu da Çində olduğundan çoxdur. Bundan başqa, kənd 37-dən çox bulağı ilə məşhurdur.
Şəmkirin Çinarlısı
Çinarlı kəndi Şəmkir şəhərindən 15 kilometr cənubda yerləşir. Kəndin əsası 1888-ci ildə Şvabiyadan köçmüş alman kolonistləri tərəfindən qoyulub və əvvəllər Georqsfeld adlanıb. Şvablardan burada sahəsi 5 hektar olan cah-cəlallı park qalıb. Parkın ərazisində rəqs meydançası, Mədəniyyət Evi və Lüteran kilsəsi olub. Sıx yaşıllıq parka xüsusi gözəllik verir, adama elə gəlir ki, cəngəlliyə düşüb. Floranın müxtəlifliyi, o cümlədən sərv və şam ağacları, hər addımda rast gəlinən palmalar, nadir hind qozu, habelə bambuk ağacları belə təsəvvür yaradır. Bambuku vaxtilə almanlar gətirib.
Parkda 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş memorial qoyulub.
Çinarlı qəsəbəsinin digər görməli yerlərindən biri qədim körpüdür. Məşhur “Əhməd haradadır?” filmindən kadrlar bu körpüdə çəkilib.
Şamaxının Dəmirçi kəndi
Şamaxı şəhərindən 30 kilometr şimalda yerləşən qədim Dəmirçi kəndi Qafqaz Albaniyası dövründən mövcuddur. Buradan İsmayıllının Lahıc kəndinə çox yaxındır (22 kilometr). Hazırda kənddə 80 ailə, təxminən 240 nəfər yaşayır. Vaxtilə yerli əhalinin əsas məşğuliyyəti dəmirçilik olub ki, kəndin adı da bundan götürülüb.
Kənd əsrlər boyu strateji əhəmiyyət daşıyıb, çünki burada silah düzəldilib, atlara nal vurulub və s. Lahicda olduğu kimi, Dəmirçi kəndində də daşdan düzəldilmiş və indiyədək işləyən kanalizasiya sistemi mövcuddur. Son vaxtlaradək bu kənddə xalçaçılıqla məşğul olublar. Doğrudur, bu gün ənənəvi sənətlər zəifləsə də, qılınc düzəltməyi və at nallamağı bacaran ustalar hələ də var. Onlardan biri milliyyətcə tat olan Ağahüseyn Hüseynovdur. O, övladları ilə birlikdə öz kiçik emalatxanasında çalışır. Burada nal, mıx, bıçaq, balta, qiyməkeş, manqal, dırmıq və s. düzəldilir, metal qablara və digər dəmir əşyalara naxışlar vurulur.
Dəmirçi kəndi qonaqsevərdir. Burada sizi çaya qonaq edər və dəmirçi sənəti ilə tanış edərlər. Siz dəmirin döyülməsi prosesində iştirak da edə bilərsiniz. Əlbəttə ki, metal əl işindən eksklüziv məmulat da əldə etmək olar.
Sözardı
Azərbaycanda bənzərsiz koloriti ilə seçilən yüzlərlə yaşayış məntəqəsi var. Bütün bunlar bir kiçik məqaləyə sığmır. Biz hələ Qubanın öz dili olan qədim Xınalıq kəndindən, Qəbələnin Nic kəndindən və orada yaşayan udinlərdən, İsmayıllı rayonunun İvanovka kəndindən və molokanlardan danışmırıq. Azərbaycanın bu və digər kəndlərinə ayrı-ayrı məqalələr həsr etmək olar.
Emil Eyyubov