“Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub

Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm tətbiq ediləcək
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 557 namizəd qeydə alınıb
AVCİYA-nın vitse-prezidenti Ankarada Türkiyə-Azərbaycan qardaşlığının inkişafına dəstək məqsədilə bir sıra rəsmi görüşlər keçirib

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırladığı rəqəmsal peyk həlləri təbii fəlakət riskinin qiymətləndirilməsi və qarşısının alınmasında istifadə olunub.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, təqdim olunan yüksək dəqiqlikli rəqəmsal relyef modeli (DEM – Digital Elevation Model) Qırğızıstanda potensial təbii fəlakətin qarşısını almaqda mühüm rol oynayıb və yüzlərlə insanın həyatını xilas etməyə kömək edib.

Qeyd olunub ki, DEM ərazinin yüksəklik məlumatlarını rəqəmsal formada təsvir edən coğrafi məlumat modelidir, relyefin quruluşunu və formasını dəqiq şəkildə təsvir etmək üçün istifadə olunur. Peyk təsvirlərinin təhlili və əlavə monitorinq məlumatları əsasında müəyyən edilib ki, Qırğızıstanda İssık-göl ərazisində dağ gölünün daşması ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi mümkün deyil və ətraf kəndlər ciddi daşqın təhlükəsi ilə üzləşə bilər. Bu məlumatlar əsasında Qırğızıstanda aidiyyəti qurumlar dərhal tədbir görərək risk altındakı yaşayış məntəqələrindən insanların evakuasiyasını təşkil edib. Evakuasiyadan cəmi dörd gün sonra gözlənilən daşqın baş verib. Lakin vaxtında görülən tədbirlər sayəsində 500 nəfərin həyatı xilas olunub.

Qırğızıstanda 2000-dən çox dağ gölü mövcuddur və onlardan 320-si potensial fövqəladə hallar üçün ciddi təhlükə yaradır. Yüksək dağlıq ərazilərdə yerləşən bu göllərin daşması Mərkəzi Asiya regionuna genişmiqyaslı təsirlər göstərə bilər. Təbii fəlakətin baş verməsinin əsas səbəblərindən biri dağ göllərinin iqlim dəyişiklikləri nəticəsində artan həssaslığıdır. Temperaturun yüksəlməsi buzlaqların əriməsini sürətləndirərək, göllərin səviyyəsinin kritik həddə çatmasına gətirib çıxarır.

Ümumilikdə isə riskli ərazilərdə daha detallı peyk monitorinqinin aparılması və bu göllərin təhlükəsizlik strukturunun gücləndirilməsi gələcəkdə bənzər fəlakətlərin qarşısını ala bilər. Rəqəmsal relyef modelləri və peyk məlumatları fəlakətlərin idarə olunmasında yüksək dəqiqlikli proqnozlar verərək həm insan, həm də maliyyə resurslarına qənaət etməyə imkan verir.

AZƏRTAC