Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişiklikləri seçicilərin 69,7 faizi dəstəkləyib – “exit-poll”un yekun nəticəsi

AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi
Elşən Aslanov: “S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən qırğınlar sonralar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirildi”
AVCİYA Referendumla bağlı regionlarda seminarları başa vurdu

AVCİYA və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi birgə keçirdikləri “exit-poll” tədqiqatının yekun nəticələri barədə məlumat yayıblar.

“Referendum zamanı Azərbaycanda 118 seçki dairənin 800 məntəqəsində AVCİYA və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi “exit-poll” tədqiqatının yekun nəticələrinə əsasən, bülletenə daxil edilmiş 29 maddə rəyi soruşulan seçicilərin 69,7 faizi tərəfindən dəstəklənib”, – cümə axşamı Trend Xəbərlər Şirkətinin Beynəlxlaq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.

“ELS” Araşdırma Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumda “exit-poll” aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınıblar.

Hər iki qeyri-hökumət təşkilatı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” aparıb. Hər məntəqədə “exit-poll” iki nəfər tərəfindən həyata keçirilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin nəticəsinə görə, seçicilər 29 maddə üzrə əlavə və dəyişikləri 88-93 faiz dəstəkləyiblər.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan “heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz” hazırkı redaktəsinin “müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını” nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

/ Trend , müxbir A.Hüseynbala /