“Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri-1918-ci il iyun-iyul” kitabının təqdimatı olub

Obama administrasiyasına ünvanlanan petisiya çərçivəsində Bakı Slavyan Universitetində görüş keçirilib
Elxan Süleymanov: “Azərbaycanın problemlərini dünya ictimaiyyəti qarşısında inadkarlıqla qaldırmalıyıq”
Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə başlayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşr etdirdiyi “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri – 1918-ci il iyun-iyul” kitabı ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyunun 30-da Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən mərasimin iştirakçıları əvvəlcə Bığır və Qarabaqqal kəndləri ərazisində 1918-ci ilin iyun-iyul döyüşləri zamanı şəhid olmuş türk əsgərlərinin məzarlarını ziyarət edib, abidələri önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov, Türkiyənin Azərbaycandakı səfirliyinin katibi Abdullah Tüylü, “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri – 1918-ci il iyun-iyul” kitabının müəllifi, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, professor Kərim Şükürov və Şövqi Göyçaylı, tarixçi Pərviz Yəhyayev çıxış edib.
Bildirilib ki, 1918-ci ilin mart-iyun aylarında ermənilər Azərbaycanın bir çox şəhərlərində, eləcə də Göyçayda günahsız insanlara zülm edərək, onlara qarşı xüsusi amansızlıqla soyqırımı həyata keçiriblər. Düşmənlər qadınlara, qocalara, hətta uşaqlara da aman verməyərək onları ən qəddar üsullarla qətlə yetiriblər. 1918-ci ilin iyununda könüllü əsgər və zabitlərdən ibarət Türk Qafqaz İslam Ordusu general-mayor Nuru Paşanın komandanlığı altında xilaskarlıq missiyası ilə Azərbaycana gəlib. Türkiyə və Azərbaycanın 3 mindən çox əsgər və zabiti Göyçayın yerli könüllüləri ilə birləşərək 30 minlik daşnak-bolşevik birləşmələrinə qarşı mübarizəyə başlayıb və 1918-ci ilin iyun-iyul aylarında Göyçay ərazisində qızğın döyüşlərdə düşməni məğlub edərək Bakıyadək qovublar. Həmin vaxt Göyçay ərazisində bir ay iki gün davam edən döyüşlər Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi hesab edilir. Göyçayın Qarabaqqal, Bığır, Qarayazı, Qaraməryəm, İnçə kəndləri ərazisində gedən döyüşlərdə Türk Qafqaz İslam Ordusunun 200 əsgəri qəhrəmancasına şəhid olub, 156-sı yaralanıb.
Tarixi faktlara görə türk ordusunun erməni-bolşevik işğalçılarına qarşı apardığı ilk ölüm-dirim savaşı, düşmənlərə vurulan ilk ağır zərbə və bir aylıq müharibədə yaranan ilk dönüş nöqtəsi məhz Göyçay ərazisində olub. Gəncə istiqamətinə hərəkət edən düşmənin Göyçayda qarşısı kəsilib və onlar Bakıyadək qovulub, həmin ilin sentyabrında Bakı düşmənlərdən azad edilərək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilib. İyun-sentyabr aylarında Göyçaydan Bakıyadək davam edən döyüşlərdə Türk Qafqaz İslam Ordusunun 1140 əsgər və zabiti qəhrəmancasına şəhid olub.
Kitabın müəllifi Məhərrəm Zülfüqarlı qeyd edib ki, 1918-ci ilin iyun və iyul aylarında Göyçayda baş verən döyüşlər Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunub saxlanılması və ermənilərin xalqımıza qarşı növbəti soyqırımının qarşısının alınması baxımından böyük əhəmiyyətə malikdir. Kitabda türk əsgərlərini sevinclə qarşılayan, onların köməyi ilə düşməndən xilas olan Göyçay sakinlərinin dilindən müsahibələr yer alıb. Rayonun yaşlı insanları özlərinin və valideynlərinin başına gətirilən müsibətləri ürək ağrısı ilə dilə gətirib, 99 il öncə baş verən hadisələri gözləri önündə canlandırıblar. Tarixi faktlarla zəngin olan “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri – 1918-ci il iyun-iyul” kitabında döyüşlərin baş verdiyi kəndlər, aclıq və susuzluqdan əziyyət çəkən orduya kömək edən göyçaylı xeyriyyəçi Hacı Rəhim Əfəndinin xidmətləri, şəhid olan insanların dəfn edildiyi yerlər, həmin dövrdəki ictimai-siyasi vəziyyət və soyqırımı hadisələri, Göyçay qəzasına daxil olan Ucar dəmir yolu stansiyasının strateji əhəmiyyəti və Kürdəmirdə cərəyan edən hadisələr, qəhrəman türk əsgərlərinin məzarlarının bərpası barədə geniş məlumat verilib.
Tədbir iştirakçıları Azərbaycanın hərb tarixi baxımından kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.