Bədii qiraət müsabiqəsi

İSGƏNDƏR COŞQUN
İBRAHİM GÖYÇAYLI
RƏSUL RZA

Ölkəmizin ictimai həyatında xüsusi yer tutan, fəaliyyət göstərdiyi 30 il ərzində bir çox beynəlxalq və respublika səviyyəli layihələrə imza atmış Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) növbəti humanitar layihəsini Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Rəsul Rza, İsgəndər Coşqun, Əli Kərim və İbrahim Göyçaylının ədəbi yaradıcılığına həsr edib.

Layihə poetik əsərlərin bədii qiraət müsabiqəsi şəklində keçiriləcək və yuxarıda adlarını çəkdiyimiz göyçaylı şairlərin yaradıcılığına həsr olunacaq.

Müsabiqənin əsas məqsədi şagirdlərin nitq qabiliyyətinin inkişaf etməsi, fikirlərinin sözlə ifadəsinin təkmilləşməsindən ibarətdir. Böyük Füzulinin dediyi kimi:

Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. 

Yəni Sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Söz hansı dəyərdə olsa, sahibini də o dəyərdə edər. İnsana onun danışdığı sözə görə qiymət verilir.  

Keçirəcəyimiz müsabiqənin əsas məqsədlərindən biri də görkəmli şairlərin əsərləri vasitəsilə şagirdlərimizdə sözə, nitqə, şeirə, sənətə maraq və sevgini artırmaqdır. Onların gələcək təhsilində, əmək fəaliyyətində mühüm rol oynayacaq nitq, tələffüz, danışıq qabiliyyətinə dərindən yiyələnmələri, dolğun nitq və uyğun söz vasitəsi ilə fikirlərinin aydın, dəqiq ifadəsinə nail olmaqdır.

Bu bacarıq və vərdişlər  fidan balalarımızın cəmiyyətdə layiqli yer tutmalarında mühüm amillərdən biri olacaq.

Digər tərəfdən, keçiriləcək qiraət müsabiqəsi zamanı görkəmli şairlərimizin əsərlərinin oxunub öyrənilməsi, bu əsərlərin bədii ifası  gənclərimzə şeir vasitəsilə yüksək vətəndaşlıq hisslərinin aşılanmasına, onların şeirə, sənətə, ədəbiyyata marağının artmasına, eləcə də  məktəblilərin poetik duyumunun, ədəbi zövqünün,  inkişafına xidmət edəcək.

Nəhayət, onu qeyd etmək istərdim ki, AVCİYA tərəfindən belə bir müsabiqənin keçirilməsi təsadüfi deyil. Bu sahədə Assosiasiyamızın zəngin təcrübəsi var. Assosiasiyamız Şamaxıda 9 il davamlı olaraq Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələri təşkil edərək, uğurla həyata keçirib. Şamaxılı şagirdlər bu müsabiqələr sayəsində  böyük Azərbaycan şairinin yaradıcılığının məzmun və forma xüsusiyyətlərini daha dərindən mənimsəmiş, nitq və bədii qiraət vərdişlərini inkişaf etdirmiş, poeziyaya daha sıx bağlanmışlar. Müsabiqələrin bütün qalibləri mükafatlandırılmışlar. Sabir müsabiqələri respublika səviyyəsində əks-səda doğurmuş, televiziyada və mətbuat orqanlarında işıqlandırılmış, hətta iştirakçılar Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında yekun konsertlə çıxış etmişlər.  Keçmiş müsabiqə iştirakçıları bizi unutmur, hələ də razılıq məktubları göndərirlər.

Göyçay məktəbliləri arasında keçiriləcək bədii qiraət müsabiqəsinin də şagirdlərimizin poeziyaya, bədii ədəbiyyata marağının artmasına təkan verəcəyinə əminik.

 Bu əminliyi bizdə bu möhtəşəm tədbirin — Göyçay şairlərinin yaradıcılığına həsr olunmuş qiraət müsabiqəsinin artıq ilkin hazırlıq mərhələsinin orta məktəblərdə böyük maraq və həvəslə keçməsi, Layihəmizə Göyçayın bir çox istedadlı məktəb müəllimlərinin dəstək verməsi yaradır.

Səsimizə səs vermiş, Layihəmizə həvəslə qoşulmuş bütün fədakar müəllimlərimizə və valideynlərə Assosiasiyamız adından təşəkkürümüzü bildirirəm.

Lakin layihəmizin əsas iştirakçıları – bu müsabiqəyə, bədii qiraət yarışına qoşulmuş sevimli şagirdlərimizdir. Onların şeirə, poeziyaya, görkəmli ədiblərimizin yaradıcılığına olan maraqları bizi sevindirir və zəhmətimizin hədər olmadığını qətiyyətlə təsdiqləyir.

Bildirmək istərdim ki, biz də müsabiqənin fəal iştirakçılarının, qaliblərin zəhmətini mükafatlandıracağıq. Bu, onların həm öz zəhmətləri, həm də şəxsi istedadları sayəsində qazandıqları ilk mükafat olacaq və həm qaliblərin, həm də ümumən bütün iştirakçıların özünə inamını artıracaq. Düşünürəm ki, bu amil, özünəgüvənc onların gələcək təhsillərinə və fəaliyyətinə də müsbət təsir göstərəcək.

Qiraət Müsabiqəsində Göyçay rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak edə bilərlər. Müsabiqə 2024-2025-ci illəri əhatə edəcək, aşağıda qeyd edilən mərhələrdən ibarət olacaq;

Hazırlıq mərhələsində ədəbiyyat müəllimləri məktəblərdə şagirdləri müsabiqə üçün hazırlayacaqlar 10.12.2024 -19.04.2025,

Birinci mərhələ tədris müəssisələrində 20.04.2025-ci il – 20.05.2025-ci il,

İkinci mərhələ rayon səviyyəsində 20.05.2025-ci il – 30.05.2025-ci il tarixlərini əhatə edəcək.

Qiraət müsabiqəsinin qalibləri pul mükafatları ilə təltif ediləcəklər.

1-ci yer 2 nəfər, 2-ci yer 2 nəfər,  3-cü yer 3 nəfər olmaqla müsabiqə qalibləri mükafatlandırılacaq;

6 nəfər şagird həvəsləndirici, bir nəfər xüsusi istedadlı ilə fərqlənən şagird Qran-pri mükafatına layiq görüləcək.

AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN

İNKİŞAFINA YARDIM ASSOSİASİYASI