Bərdədə törədilən terror aktları nəticəsində həlak olan mülki şəxslərin xatirəsi Latviyada da anılıb

TANAP daha bir mükafata layiq görülüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edib
Xarici işlər nazirinin məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Bərdədə törədilən terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən anılır, bu barədə həqiqətlər həmin ölkələrin ictimaiyyətinə çatdırılır.

AZƏRTAC xəbər verir ki, belə aksiyalardan biri Azərbaycanın Latviyadakı səfirliyinin binası qarşısında təşkil olunub. Ermənistan ordusunun Bərdəyə raket zərbələri endirməsi nəticəsində həlak olan mülki şəxslərin xatirəsini yad etmək üçün səfirliyin binası qarşısında soydaşlarımız tərəfindən guşə yaradılıb. Guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin hədəfə alınması nəticəsində həlak olan vətəndaşlarımızın fotoları, bu qanlı terror aktlarının fəsadlarına dair şəkillər və məlumatlar nümayiş etdirilir.

Bu ölkədə yaşayan həmvətənlərimiz, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək guşənin önünə gül dəstələri və şamlar düzür, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirir, xalqımızla həmrəylik nümayiş etdirirlər.

Qeyd edək ki, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan çox mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

AZƏRTAC