Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib

Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək
AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı: İctimaiyyətdə pandemiya təhlükəsinə biganə yanaşanlar, ciddiyə almayanlar var
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib  

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

Hər bir azərbaycanlı üçün əziz olan bu bayram günündə Bakı Kristal Zalında sənət adamlarının çıxışları dövlətimizin gücünü, vətəndaşların dövlətə bağlılığını, xalq sevgisini və qürur hissini bir daha əyani təzahür etdirdi.

Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın ifasında “Qarabağ” şikəstəsi, “Natiq” ritm qrupunun “Sarı gəlin” kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, habelə Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, Xalq artistləri Azərinin, Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun ifalarında “Ey Vətən”, “Şuşanın dağları” və “Neftçilər” mahnıları böyük maraqla dinlənildi. Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, Əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, “Rast” qrupunun, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin çıxışları bayram təntənəsi yaşatdı.

Proqramdakı musiqi nömrələri, rəqslər Azərbaycanın zəngin tarixinə bir daha hərtərəfli nəzər salmağa imkan yaratdı.

Təqdirəlayiq haldır ki, 100 il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət qurmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, hazırda da şərəfli tarixini, parlaq nailiyyətlərini və durmadan artan qüdrətini dünyaya nümayiş etdirir.

Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı qüdrətli dövlətdir. İndi Azərbaycanın əldə etdiyi uğurlar öz miqyası və əhəmiyyəti ilə seçilir. Bunun məntiqi nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı qüdrətli, əzəmətli, müstəqil dövləti ilə fəxr hissi duyur. Hər bir xalqın ən ümdə arzusu olan müstəqilliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları xalqımıza 100 il əvvəl bəxş etdilər. Təəssüf ki, bu müstəqilliyin ömrü cəmi 23 ay oldu. Ölkəmiz müstəqilliyinə ikinci dəfə 1991-ci ildə qovuşdu. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən əsl müstəqil dövlətə məhz 1993-cü ildən – xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra çevrildi. 2003-cü ildən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli və dinamik inkişafdadır, ölkəmizin beynəlxalq imici durmadan möhkəmlənir. Fəxrlə qeyd edə bilərik ki, hazırda Azərbaycan dünyanın müstəqil siyasət yürüdən azsaylı ölkələrindən biridir. Bir sözlə, Ulu Öndərin dediyi kimi, müstəqilliyimiz əbədi, dönməz və daimidir.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirdiyi videoçarx da nümayiş olundu.

Eyni zamanda, tədbirdə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar da nümayiş etdirildi.

Konsertdə Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Qarabağımızda bayram ediləcəyinə əminlik ifadə olundu.

Sonda birlik və həmrəylik, müstəqilliyimizin əbədiliyinə qəti inam rəmzi olaraq incəsənət ustaları hamılıqla səhnəyə çıxaraq Azərbaycanın dövlət himnini oxudular.

İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs – tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilmişdi.

Bakı Kristal Zalındakı konsert proqramı Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda birbaşa yayımlandı.

Tədbirin sonunda Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı oldu.