Bakı-Tbilisi-Qars layihəsi regionun nəqliyyat potensialını artıracaq

Azərbaycanda fəaliyyətsiz partiyaların dövlət qeydiyyatı niyə ləğv olunmur?
Veronika Kotek: “Moskva Bəyannaməsi xüsusi öhdəliyin yenidən təsdiqlənməsidir”
Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhlili

 

Cari ildə dəmiryollarında nə kimi yenidənqurma işlərinin görülməsi planlaşdırılır?
– Bu gün ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan Dövlət Dəmiryol İdarəsi (ADDİ) inkişaf mərhələsindədir. Bu geniş işlər, şübhəsiz ki, böyük siyasi xadim ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmiryoluna daim qayğısı sayəsində mümkün olmuşdur. Sevindirici haldır ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. ADDİ-də aparılan modernləşdirmə, yenidənqurma və bərpa işləri bu gün də davam etdirilməkdədir.

Cənubi Koreya ilə ADDİ arasında son illər genişləndirilən əlaqələr nəticəsində dəmiryol sisteminin yenidən qurulması, infrastrukturun yeniləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində xətlərin ötürücülük qabiliyyətinin və daşımaların sürətinin artırılması ilə bağlı təcrübələr mübadiləsi genişləndirilməkdədir. Koreyalı mütəxəssislər tərəfindən hazırlanmış Bakı-Böyük Kəsik dəmiryolu hissəsinin yenidən qurulması və yeni sürət qatarının xəttə buraxılması üzrə layihənin üçüncü variantının təqdimatı Nəqliyyat Nazirliyində reallaşmış və mütəxəssislər tərəfindən onun bir daha araşdırılması tövsiyə edilmişdir.

– Bakı-Tbilisi-Qars dəmiryolunun inşası istiqamətində hansı işlər aparılır?

– Bizim üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars yeni dəmiryol bağlantısı layihəsinin reallaşması üzərində müvafiq işlərin görülməsi tarixi hadisələrdir. Region üçün mühüm əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Qars yeni dəmiryol layihəsi”nin həyata keçirilməsi üzrə həm Gürcüstan, həm də Türkiyə ərazisində işlər davam etdirilir. Hazırda yolun Axalkələki-Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir. Artıq “Marabda-Kartsaxi Dəmiryol” ASC-nin 2009-cu il üçün dəqiqləşdirilmiş büdcəsi təsdiq edilib.

Mayda Türkiyə tərəfinin təşəbbüsü ilə İstanbul şəhərində 3 ölkənin nəqliyyat nazirlərinin iştirakı ilə “Bakı-Tbilisi-Qars yeni dəmiryol layihəsi” üzrə Nəzarət Komitəsinin 1-ci iclası keçiriləcək. Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmiryol tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.

Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmiryoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaq.

– ADDİ cari ildə nə qədər yük və sərnişin daşımağı planlaşdırır və ilin birinci rübünün nəticələri necədir?

– 2009-cu ilin birinci rübü ərzində nəqliyyat sektorunda əsas iqtisadi göstəricilərin yerinə yetirilməsi və infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi təmin edilib, dəmiryol ilə 4,7 milyon ton yük daşınıb. Bundan başqa yol təsərrüfatının, vaqon və lokomotiv parkının bərpası üzrə müxtəlif həcmli təmir işləri həyata keçirilib, 4,7 km yol əsaslı və 11,3 km yol orta təmir edilib, 1 ədəd elektrovoz və 3 ədəd teplovoz əsaslı təmir edilib, 1 ədəd elektrovoz isə modernizə olunub. 255 ədəd yük vaqonu və 13 ədəd sərnişin vaqonu əsaslı təmir olunmuş, 808 ədəd yük vaqonu və 68 ədəd sərnişin vaqonu depo təmirindən keçmişdir. Saatlı rayonuna dövlət büdcəsinin vəsaiti hesabına Araz çayı üzərində metal konstruksiyalı dəmiryol körpüsünün 88 metrlik ikinci aşırımı da dəyişdirilmiş və körpü istismara verilmişdir.

– Dövlət Dəmiryolunun inkişafı üzrə Dövlət Proqramı hansı işləri nəzərdə tutur və nə vaxt proqramın təsdiqi gözlənilir?

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Dövlət Dəmiryolunun infrastrukturunun yeniləşdirilməsi üçün tədbirlər müəyyən edilib və “Azərbaycan Dövlət Dəmiryolunun 2009-2013-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsi” hazırlanıb. Proqramda Azərbaycan Dövlət Dəmiryolunun sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə, rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, yüksək sürətli sərnişin qatarlarının istismara verilməsi, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramında öz əksini tapıb. Dəmiryolunun imkanlarından tam istifadə etmək üçün effektiv nəqliyyat siyasəti aparmaq, sərhədyanı infrastrukturu inkişaf etdirmək, gömrük qanunvericiliyini təkmilləşdirmək, müasir texnologiyaları tətbiq etmək lazımdır. Sənəd öz təsdiqini tapandan sonra bu işlər daha da sürətləndiriləcək.

– “Şimal-Cənub” dəmiryolu layihəsi ilə bağlı inşa işləri nə vaxt nəzərdə tutulub? Kakie rabotı provedenı dlə realizaüii proekta jeleznoy doroqi “Sever-Öq”? Layihə çərçivəsində birgə müəssisənin (BG) yaradılması və dəmiryol hissəsinin İran tərəfinin tikintisi nə vaxta planlaşdırılıb?

– Azərbaycan coğrafi mövqeyinə görə bütün tranzit daşımaların mərkəzində yerləşir. Buna görə də nəqliyyat sektorunun tərkib hissəsi olan Dövlət Dəmiryolu beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində də yaxından iştirak edir. Azərbaycan Respublikasının “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulması üçün bir sıra vacib addımlar atılıb. Görülən işlərin məntiqi nəticəsi kimi Milli Məclis “Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə” qanun layihəsini təsdiq etmiş, ölkə başçısı İlham Əliyev 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalamışdır. Həmin dövrdən başlayan işlər indi də davam etdirilməkdədir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində Azərbaycan Dövlət Dəmiryol İdarəsinin, “Rusiya Dəmiryolları” ASC-nin və İran DəmirYollarının işçi qruplarının 11-13 mart 2009-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş üçtərəfli görüşündə də bir sıra mühüm məsələlər, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara (İran) – Astara (Azərbaycan) xəttinin tikintisinin biznes-planı müzakirə edilib.

– ADDİ ölkə daxilində və xaricində qatarların hərəkət marşrutunun sayını artırır. Bu istiqamətdə hansı dəyişikliklər gözlənilir?

– 90-cı illərin sonlarından etibarən ADDİ özünün yeni inkişaf yoluna qədəm qoydu. İlkin olaraq sərnişin təsərrüfatında əsaslı yeniliklər aparıldı. 1997-ci ilin may ayından etibarən ümummilli liderimiz Heydər Əliyevin qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar nəticəsində əlaqələr daha da genişlənməyə başladı. O zamandan etibarən Rusiya Federasiyasının və İran İslam Respulikasının müxtəlif şəhərlərinə sərnişin qatarları hərəkət etməyə başladı. Hazırda “Bakı-Moskva”, “Bakı-Kiyev”, “Bakı-Tümən”, “Bakı-Rostov”, “Bakı-Xarkov”, “Bakı-Mahaçqala”, “Naxçıvan-Təbriz”, “Bakı-Tbilisi”, “Bakı-Sankt-Peterburq” olmaqla Azərbaycandan qonşu ölkələrə 9 beynəlxalq sərnişin qatarı hərəkət edir. Sonradan Rusiya Federasiyasının müxtəlif şəhərlərində sıx məskunlaşan həmvətənlərimizin xahişləri nəzərə alınaraq “Bakı-Kiyev” sərnişin qatarının tərkibində Simferopol, Lvov, Dnepropetrovsk, Odessa, “Bakı-Tümən” qatarının tərkibində isə Ufa, Samara, Çelyabinsk, Saratov, Novosibirsk, İjevsk, Kazan qoşma vaqonları hərəkətə buraxıldı. Bu ilin may ayının 31-dən etibarən sərnişin qatarlarının yay mövsümünə keçidlə əlaqədar hərəkət cədvəlində daha bir dəyişiklik ediləcəkdir. Belə ki, “Bakı-Tümən” sərnişin qatarının tərkibində Saranskadək qoşma vaqon hərəkət edəcəkdir. Bundan başqa hazırda 11 sərnşin qatarı yerli istiqamətdə sərnişinlərə mədəni xidmət göstərir.

– ADDİ Cənubi Koreyanın DAEWOO və HYUNDAI şirkətləri ilə lokomotivlərin alınması barədə görüşlər keçirib. Neçə lokomotivin və hansı qiymətə əldə edilməsi planlaşdırılır?

– XX əsrin sonlarından etibarən ADDİ-nin xarici ölkələrdəki həmkarları ilə əlaqələri daha da intensivləşməyə başlayıb. Aradan keçən vaxt ərzində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirilmiş, bir neçə layihə müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə Cənubi Koreyaya səfəri zamanı imzalanmış memoranduma əsasən, Azərbaycanda həyata keçiriləcək bir çox layihələr kimi, nəqliyyat sisteminin yenidən qurulması, inkişaf etdirilməsi və dəmiryol infrastrukturunun yeniləşdirilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan və Koreya dəmiryolçuları arasında bir sıra ikitərəfli görüşlər keçirilmiş, fikir və təcrübə mübadilələri aparılmışdır. Səfərlər çərçivəsində ADDİ mütəxəssisləri Cənubi Koreyanın DAEWOO, HYUNDAY, POSC/O, ROTEM zavodlarında olmuş, dəmiryollarının mövcud vəziyyəti, lokomotiv və vaqonların qurulması, yüksək sürətli qatarların təmiri prosesləri ilə yaxından tanış olmuşlar. “Azərbaycan Dövlət Dəmiryolunun 2009-2013-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsi” öz hüquqi təsdiqini tapandan sonra Cənubi Koreyadan lokomotivlərin alınması məsələsi də müzakirə oluna bilər./Trend/