Bakı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb

“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması haqqında Fərman
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
Ceyhun Bayramov: “Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək”

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.

Bu il 31 oktyabr – Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.

Bu şəbəkə inkişafını yaradıcılıq – musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.

Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.

Trend.az