Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi açılıb

AMEA əməkdaşlarının Qarabağ ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatı
Miroslav Layçak: BMT Azərbaycanla əlaqələrə önəm verir

Bu gün Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb.

“Report” xəbər verir ki, mayın 17-nə qədər davam edəcək sərginin açılış mərasimi kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə baş tutub.

Nazir bildirib ki, Azərbaycanda aqrar sektor sürətlə inkişaf edir: “Bu ilin I rübündə kənd təsərrüfatı sahəsində 3,6% artım olub. Bu tendensiya ilin sonuna qədər davam edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsas məsələ aqrar sahədə innovasiyaların tətbiqidir. “Caspian Agro” sərgisinə maraq getdikcə artır. Bu sərgi fermerlər üçün əlverişli mühit yaradır”.

Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin 3 mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşir. Bu il sərgidə dünyanın 31 ölkəsini təmsil edən 400-dən artıq şirkət iştirak edir. Bu, ötən illə müqayisədə 10% çoxdur.

Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edirlər. Gürcüstan və Niderland sərgidə milli stendlərlə çıxış edirlər. Həmçinin, bu il Mərakeş sərgidə ilk dəfə çıxış edir. Sərgi çərçivəsində “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər əsnasında sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə edə, yeni əlaqələr quraraq mövcud əlaqələri gücləndirə və həm sərginin qonaqları, həm də öz həmkarları olan iştirakçılar arasında tərəfdaş və müştərilər tapacaqlar.

Sərgini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.