Bakıda “Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ətrafında yaranmış təhlükəli vəziyyətə yönəldilir
AVCİYA 30 ölkədə seçkiləri müşahidə hüququ əldə etdi
Elşən Aslanov: “S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən qırğınlar sonralar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirildi”

Noyabrın 4-də Bakıda “Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hüquqşünasları Konfederasiyasının, Avrasiya Əməkdaşlıq Fondunun və İsveç Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və QHT-lərin nümayəndələri iştirak etmişlər.

Konfransın açılışında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Corc Zarubin çıxış edərək mövzunun əhəmiyyətindən danışmışlar.

Ə.Hüseynli bildirmişdir ki, tədbirin məqsədi Avronest PA nümayəndə heyəti ilə vətəndaş cəmiyyəti arasında dialoqun, əməkdaşlığın daha da dərinləşdirilməsinə kömək göstərməkdir. Ümid edirəm ki, bu öz nəticəsini göstərəcəkdir.

Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AVCİYA-nın sədri Elxan Süleymanov bildirmişdir ki, Avropa İttifaqına inteqrasiya Azərbaycanın əsas məqsədlərindəndir. Ötən illər ərzində ölkəmiz bu istiqamətdə bir sıra ciddi irəliləyişlərə nail olmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sahələrinə nəzər saldıqda görürük ki, əlaqələrimiz çox geniş sahələri əhatə edir.

Bildirmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər daha da genişlənərək tərəflər üçün qarşılıqlı əhəmiyyət kəsb edən tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Tərəflər arasında əməkdaşlığın hər bir yeni mərhələsi bizim üçün yeni imkanlar yaradır. Bunlardan biri də Şərq Tərəfdaşlığı prosesi çərçivəsində Avronest PA-nın yaranması olmuşdur.

Sonra “Avronest-Azərbaycan: birgə fəaliyyət, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün yeni imkanlar”, “Avropa İttifaqına inteqrasiyada vətəndaş cəmiyyəti institutları və dövlət qurumları arasında dialoq” mövzularında məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.