Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşü keçirilib

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin açılışı olub
“Azərxalça” ASC-nin yeni sədri Emin Məmmədov qurumun kollektivinə təqdim olunub
Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli beynəlxalq təşkilatların nümayəndələri.

Xanımlar və cənablar.

Mən sizi səmimiyyətlə salamlayıram, qonaqlarımıza “Xoş gəlmisiniz!” deyirəm.

Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.

SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm.

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.

Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Hörmətli həmkarlar.

Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur.

Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.

2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik.

Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar.

Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi – Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm.

Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm.

x x x

Sonra digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri çıxış etdilər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında Zirvə görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yaxşı zəmin yaradacağını vurğulayaraq dedi:

– Hörmətli dövlət başçıları, hörmətli iştirakçılar. İlk növbədə, mən SPECA Zirvə görüşünün gözəl Bakı şəhərində, Xəzər dənizinin mirvarisi olan şəhərdə təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğluna dərin minnətdarlığımı bildirmək istəyirəm. Onu da deyim ki, bugünkü Zirvə görüşündə iştirak edən Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını və digər qonaqları salamlamaq istəyirəm.

Bu il SPECA xüsusilə Azərbaycanın təşkilatda sədrliyi ilə qeyd olunur. Düşünürəm ki, əldə edilən nəticələr bizim çox sahələrdə olan əməkdaşlığımız üçün yaxşı zəmin yaradacaq və bu, şəffaflıq, səmimiyyət, qarşılıqlı etimad əsasında davam edəcək.

x x x

Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına uğurlu sədrliyinə görə Azərbaycana təşəkkürünü bildirərək qeyd etdi:

– Hörmətli cənab İlham Heydər oğlu, hörmətli nümayəndə heyətlərinin rəhbərləri, hörmətli xanımlar və cənablar.

İlk növbədə, ənənəvi qonaqpərvərliyə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) fəal və uğurlu sədrliyinə və yubiley Sammitimizin gözəl təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirirəm.

x x x

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə sədrlik dövründə bir çox məsələlərin müsbət həllinə nail ola bildiyi üçün minnətdarlığını ifadə edərək vurğuladı:

– Zati-aliləri cənab İlham Əliyev.

Hörmətli xanımlar və cənablar.

Hörmətli həmkarlar.

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, dostum və qardaşım cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, bu Zirvə görüşünün ən yüksək səviyyədə təşkil olunmasını təmin etmişdir. Qardaş Azərbaycanı BMT-nin Xüsusi Proqramına uğurla sədrlik etməsinə görə təbrik etmək istəyirəm.

Onu da qeyd etmək istəyirəm ki, şəxsən Siz, hörmətli İlham Heydər oğlu, ən azından SPECA-nın istiqamətində iki əsas sıçrayışa müəllif oldunuz. Birincisi, SPECA-nın son 25 illik tarixi dövründə onun ilk dəfə səviyyəsini iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qaldırdınız. İkincisi, uzun müddət idi ki, bu Etimad Fondunun yaradılması alınmırdı, Siz öz sədrlik ilinizdə bu məsələnin müsbət həllinə nail ola bildiniz.

x x x

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşünün üzv ölkələr üçün əhəmiyyətinə toxunaraq dedi:

– Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin ünvanına söylənilən təşəkkür sözlərinə mən də qoşuluram. Bildiyiniz kimi, bu gün SPECA-nın Zirvə görüşü keçirilir və bizi burada səmimi-qəlbdən qəbul etdiyinə görə ona təşəkkürümüzü bildirmək istəyirəm.

Qeyd etmək istəyirik ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir. Bu baxımdan biz hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Əslində, əminəm ki, müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək.

x x x

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya – Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd etdi:

– Hörmətli Prezident, hörmətli Baş nazirlər.

Hörmətli Zirvə görüşünün iştirakçıları.

Çox sevdiyim Azərbaycanı və SPECA-nı burada salamlamaq istəyirəm.

Bu görüşdə fəxri qonaq qismində iştirak etmək mənim üçün böyük qürur hissidir. Əvvəlcə qonaqpərvərliyə görə cənab Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm, çox təşəkkür edirik. Gözəl şəhər olan Bakıya məni dəvət etdiyinizə görə minnətdaram.

Mən bu təşkilatın 25 illik yubileyi münasibətilə sizi təbrik etmək istəyirəm. Bu təşkilat regionun dayanıqlı inkişafı üçün gözəl bir platformadır.

Azərbaycan dəyərli qonşumuzdur və strateji tərəfdaşımızdır. Biz qürur hissi ilə demək istəyirik ki, artıq əsrlərdir ölkələrimiz arasında ən yüksək səviyyədə gözəl münasibətlər inkişaf etməkdədir.

x x x

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevi həm bu regionda, həm də qlobal siyasətdə şəxsi səylərinə görə təbrik edərək bildirdi:

– Hörmətli cənab Prezident.

Hörmətli həmkarlar.

Əvvəlcə mən Prezident Əliyevə bu dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl Bakıya gəlmək mənim üçün çox xoş bir hadisədir. Mən Macarıstanın ən xoş salamlarını gətirmişəm və SPECA təşəbbüsünü bərpa etdiyinizə görə Sizə təbrik sözlərimi çatdırmaq istəyirəm.

Azərbaycan və Macarıstan arasında dostluq təkcə qaz dostluğu deyil. Biz aramızda qardaşlıq münasibətlərini qururuq. Biz qardaş ölkələrik və bu yaxınlarda ölkələr arasında çox güclü enerji münasibətləri formalaşmışdır.

Biz cənab Prezident Əliyevin başladığı bu inkişafı dəstəkləyirik. İki ölkə arasında ticarət dövriyyəsi rekordlar vurmağa başlayıb. Biz sərmayə qoyuluşu sahəsində daha fəal olmaq istəyirik. Azərbaycandan ilk təbii qaz artıq Macarıstana çatmışdır.

Yekunda, cənab Prezident Əliyev, mən bir daha Sizi həm bu regionda, həm qlobal siyasətdə şəxsi səylərinizə görə təbrik etmək istəyirəm. Siz qlobal siyasətdə öz tərəfinizdən qarşılıqlı etimad və hörmət prinsiplərini təşviq edirsiniz. Macarıstan Mərkəzi Asiya iqtisadiyyatlarının inkişafında bütün formalarda iştirak etməyə hazırdır. Macarıstan adından Sizə təşəkkürümü bildirmək istəyirəm.

x x x

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov bugünkü Zirvə görüşünün region ölkələrinin iqtisadi inkişafı üçün çox gözəl imkanlar yaradan platforma olduğunu vurğulayaraq bildirdi:

– İlk növbədə, mən SPECA Zirvə görüşündə iştirak edənlərin hamısına və cənab Prezident İlham Əliyevə Prezident Sərdar Berdiməhəmmədovun salamlarını və bu tədbirin uğurla keçməsi arzularını çatdırıram.

SPECA-nın yaradılmasının 25 illik yubileyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, nadir bir platformadır, regionda olan dövlətlərin iqtisadi inkişafına yönəlik çox gözəl imkanlar yaradan platformadır.

x x x

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan SPECA-nın üzvü olan ölkələr tərəfindən həlli vacib məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmini qeyd edərək dedi:

– İcazə verin, mən öz çıxışıma Azərbaycan Respublikasına və xüsusən də cənab Prezident Əliyevə bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə və tədbiri – bu Sammiti və ümumiyyətlə SPECA həftəsini yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığımı bildirim.

Bildiyiniz kimi, SPECA 25 ildən sonra bu tədbirlərlə yenə də yeni təkan qazanır. Bildiyiniz kimi, bu yaxınlarda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş sessiyasında SPECA ilə bağlı xüsusi qətnamə qəbul olunmuşdur. Belə mühüm bir tarixlə mən Azərbaycanı və bütün digər iştirakçıları təbrik etmək istəyirəm.

Burada Etimad Fondunun yaradılması təşəbbüsü səsləndirilmişdir. Biz də istərdik ki, bu məsələ mümkün qədər tez müddətdə öz həllini tapsın. Biz bilirik ki, burada daha çox könüllü surətdə vəsaitlər köçürüləcəkdir. Azərbaycanın bununla bağlı könüllü şəkildə vəsaitlərin ayrılması qərarını alqışlayırıq. İnanırıq ki, digər tərəfdaşlar da bu nümunədən istifadə edəcəklər.

x x x

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbana yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək dedi:

– Mən, bu əlamətdar Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Zati-aliləri cənab Prezident Əliyevə və Azərbaycan Hökumətinə minnətdarlığımı bildirmək istəyirəm.

x x x

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi Zirvə görüşünün Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə təkan verəcəyini qeyd edərək bildirdi:

– Xanımlar və cənablar, yekunda mən bir daha öz təşəkkürümü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə çatdırmaq istəyirəm ki, o, məni buraya dəvət etdi. Azərbaycan Hökumətinə və xalqına çox sağ olun deyirəm ki, siz məni buraya dəvət etdiniz. Bu addım – hər iki tərəfin ümumi səyləri Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə yönəlib.

x x x

Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:

– Təşəkkür edirəm, əziz dostlar.

Hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilmiş və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunmuşdur.

Sənədlərlə bağlı əlavə fikir varmı?

Təşəkkür edirəm.

Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur.

Bununla da Zirvə görüşü başa çatır.

Zirvə görüşündə iştirak etdiklərinə görə dövlət və hökumət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə təşəkkür edirəm.

Sağ olun.

x x x

SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edildi.

President.az