Bakıda diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası keçirilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib
Məzahir Pənahov səs verib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib

“Hyatt Regency” otelində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı keçirilən “Executive Model OIC (İƏT Modeli) – Xarici İşlər Nazirlərinin Konfransı” beynəlxalq tədbirinin qapanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin aprel ayından davam edən “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası 2019” proqramının yekun mərhələsi olan simulyasiya konfransı 15 iyun tarixində 100-dən artıq gəncin, o cümlədən 20 beynəlxalq universitet tələbəsinin iştirakı ilə keçirilib.

Bağlanış mərasimində İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndəliklərin, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, ictimai xadimlər və həmçinin bu ilki proqramın məzunları olan gənclər iştirak edib.

Bağlanış mərasimində, öncə tədbir iştirakçıları üçün bu proqramın Azərbaycandakı gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov tədbir iştirakçılarını salamlayaraq ötən illərdə proqramın Azərbaycanda və beynəlxalq miqyasda nailiyyətlərindən danışıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gəncləri təbrik edərək, bu cür platformaların onların gələcək fəaliyyəti və inkişafında rolunu vurğulayıb.

Mərasimdə, həmçinin Fələstin dövlətinin Azərbaycandakı səfiri Naser Əbdülkərim Rəhim tədbirdəki bütün səfirlər və diplomatik nümayəndələrin adından çıxış edərək, layihənin İƏT arealında gənc liderlərin formalaşmasında və əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulayıb.

Sonda çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunmuş builki proqramın özəlliklərindən bəhs edərək, artıq 9 ildir təşkil olunan proqramın milli mərhələsinin həm mühazirələrinin, həm də konfransın işinin bu il ilk dəfə ingilis dilində təşkil edildiyini və həmçinin 20 xarici tələbənin dəvət edildiyini bildirib.

E.Mehdiyev ümumi proqramın təşkilində ana tərəfdaş kimi çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, həmçinin akademiyanın mühazirələrinin təşkilində əməkdaşlıq edən Azərbaycan Dövlət İqtisad Universitetinə xüsusi təşəkkür ifadə edib. O, həmçinin Bakıdakı İƏT ölkələri səfirliklərinə hər il olduğu kimi bu ildə proqrama göstərdikləri maraq və gənclərin konfransda təmsil etdikləri ölkələrin səfirliklərində qonaq edilməsi, həmin ölkələrin tarixləri, mədəniyyətləri və xarici siyasət prioritetləri ilə tanış edilməsində göstərdikləri dəstəyi vurğulayaraq bu formatın Bakıda keçirilən proqramın əsas fərqləndirici xüsusiyyətlərindən biri olduğunu qeyd edib.

Proqramda xüsusi istedad və bacarığı, Executive Model OIC (İƏT Modeli) – Xarici İşlər Nazirləri Konfransında fəallığı ilə seçilən gənclər diplomatik missiyalar və dövlət qurumları nümayəndələrinin iştirakı ilə qiymətli hədiyyələr və diplomlarla təltif olunublar. Xatırladaq ki, builki proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Dipomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və 15-ə yaxın digər universitet və ali məktəblərdən 100-dən artıq tələbə iştirak edib, 7 həftə ərzində onlar İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş seriya mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki tanışlıq əldə ediblər.

Proqramın əsas hissəsi olan yekun tədbirdə isə proqram iştirakçıları İƏT Xarici İşlər Nazirləri Şurasını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən konfransda iştirak edib, İƏT məkanında mühüm siyasi xarakter daşıyan problemləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək müvafiq qətnamələr qəbul ediblər.