Bakıda İƏT Gənclər və İdman Nazirlərinin 4-cü sessiyası başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı işini plenar sessiya ilə davam etdirib

Aprelin 19-da Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri Gənclər və İdman Nazirləri (GİN) Konfransının 4-cü sessiyası öz işini başa çatdırıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin ev sahibliyi ilə həyata keçirilən tədbir İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə reallaşıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən konfransda İƏT Gənclər strategiyası, Ortaq Gənclər Fəaliyyəti və İdman üzrə qətnamələr, konfransın yekun hesabatı, nazirlərin görüşünün 5-ci sessiyanın tarixi və yerinin müəyyənləşdirilməsi ilə bağlı qərar, eləcə də yekun Bakı Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.

Bakı tədbirinin özəl cəhətlərindən biri İƏT tarixində ilk dəfə olaraq bu arealda konkret sahələr – təhsil, elm, məşğulluq, biznes və s. üzrə gənclərin inkişafına xidmət edəcək Gənclər strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək Ortaq Gənclər siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İƏT ölkələrində gənclərlə bağlı ən əhatəli sənəddir. Bu sənədlərin qəbulu Azərbaycanın İƏT ölkələrinin gənclər siyasəti sahəsinə verdiyi önəmli töhfələrdən biri hesab olunur.

Konfransın yekun Bakı Bəyannaməsində bütün qəbul edilən qərarlara üzv ölkələrin öhdəlikləri qeyd olunmaqla yanaşı, Azərbaycan dövləti ilə həmrəylik və tam dəstək nümayişi olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqınların geri qaytarılması, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasına dəstək verilməsinə üzv dövlətlərin dəvəti, işğal olunmuş ərazilərdə bütün növ gənclər və idman tədbirlərinin boykotu kimi müddəalar da öz əksini tapıb.

Bakı Bəyannaməsində, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 11-də keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə üzv dövlətlərin yekdil təbriki də əks olunub.

Tədbirdə İƏT Gənclər və İdman nazirlərinin 5-ci sessiyasının 2020-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.

İƏT GİN nazirləri Bakı toplantısında 40-dan çox İƏT ölkəsini təmsil edən gənclər və idman üzrə nazirlər, agentlik və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edib.