Oktyabrın 25-də Bakıda Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə bu qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda 8-ci görüşü işə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbirə Şərqi Avropa və Mərkəzi Asiya regionundakı 20-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarının rəhbər şəxsləri, bilavasitə korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibini həyata keçirən müstəntiq və prokurorlar, antikorrupsiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər, OECD-nin rəsmiləri, eləcə də ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri daxil olmaqla 70-dən artıq iştirakçı qatılıb.
Azərbaycan Respublikası baş prokurorunun müavini – baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tədbirdə çıxış edərək korrupsiya fenomeninin qlobal miqyasda aktuallığını və ona qarşı mübarizədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın artan əhəmiyyətini qeyd edib, OECD-nin rüşvətxorluq, korrupsiya və oxşar mənfi təzahürlərə qarşı mübarizənin öncüllərindən olmasını vurğulayıb. Baş idarənin rəisi təşkilatın Antikorrupsiya Şəbəkəsinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrdə həyata keçirilən antikorrupsiya islahatlarına mühüm töhfə verdiyini bildirib.
Kamran Əliyev ölkəmizdə korrupsiya hallarına qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsi və bu sahədə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykənən qabaqlayıcı, cəza və maarifləndirmə tədbirlərinin kompleks tətbiqi ilə xarakterizə olunan genişmiqyaslı islahatların həyata keçirilməsi barədə iştirakçılara ətraflı məlumat verib.
Ölkəmizlə OECD-nin Antikorrupsiya Şəbəkəsi arasında qarşılıqlı əlaqələrə toxunan Kamran Əliyev Azərbaycan Respublikasının Şəbəkə ilə 2003-cü ildən İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq etdiyini, indiyədək respublikamızın üç monitorinq mərhələsini uğurla tamamladığını, IV monitorinq raunduna keçən ilk ölkələrdən biri olduğunu vurğulayıb. Baş prokurorun müavini cari ilin sentyabrında Parisdə keçirilən görüşlər zamanı IV monitorinq raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı inkişaf hesabatının uğurla qəbul edildiyini xatırladıb, baş idarənin əməkdaşlarının ekspert qismində İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində bir neçə ölkənin monitorinq prosesinə cəlb edilmələrinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıb.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov çıxışında korrupsiyaya qarşı mübarizəyə dair dövlət proqramları və onların effektiv icrası, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən mükəmməl qanunvericilik və beynəlxalq təşəbbüslərdə fəal iştirakla bağlı məlumat verib. O, açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 80 faiz səviyyəsində icra olunduğunu, Azərbaycanda və regionda ilk dəfə olaraq Milli Fəaliyyət Planının elektron formada qiymətləndirildiyini bildirib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin meneceri xanım Olqa Savran və Şəbəkənin Hüquq Mühafizə Orqanları Şəbəkəsinin sədri xanım Anka Yurma bu görüşün korrupsiya cinayətlərinin istintaqı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi sahələrində əldə edilmiş qabaqcıl təcrübənin paylaşılması üçün mühüm platforma olduğunu bildiriblər. Həmçinin bu tədbirin iştirakçılar arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi qeyd edilərək, Azərbaycanın Şəbəkənin fəaliyyətində fəal iştirakı ilə fərqlənən ölkələrdən olduğu vurğulanıb. Bu mühüm tədbirə ev sahibliyinin Azərbaycan Respublikasının korrupsiyaya və oxşar təzahürlərə qarşı mübarizə işinə sadiqliyinin bariz nümunəsi olduğu bildirilərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə edilib.
Açılış çıxışlarından sonra beynəlxalq tədbir işini məruzələrin dinlənilməsi və müzakirələrlə davam etdirib.
Oktyabrın 27-dək davam edəcək görüşdə ekspertlər tərəfindən təqdimatların keçirilməsi, korrupsiya ilə mübarizənin müxtəlif aspektlərinə dair aparılmış tədqiqatların, təcrübədə qarşıya çıxan problemlərin və onların həlli yollarının, habelə baş idarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələlərinə dair bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Eləcə də tədbir iştirakçılarının korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayan və bu sahədə səmərəli mexanizmlərin nümunəvi modeli kimi çıxış edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanışlığı da planlaşdırılır.