Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayıb

Məhərrəm Zülfüqarlı: Ermənistanı müdafiə edən insan haqları təşkilatından ədalət gözləməyə dəyməz
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
Ermənilərin Gəncədə törətdikləri ikinci terrordan bir il ötür

Mayın 16-da Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində “Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti” keçirilir.

Sammitin media tərəfdaşı AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkədə informasiya texnologiyaları sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, son dövrlər informasiya texnologiyaları sektorunda yeni inkişaf trendləri meydana gəlib. Dünyada blokçeyn qlobal fenomenə çevrilib: “Hazırda blokçeyn texnologiyalarının istifadəsi IT proqramları sahəsində, eləcə də digər sektorlarda daha geniş aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə maraqlıdır və araşdırmalar aparılmalıdır. Müasir texnologiyaların inkişafında, həmçinin startaplar mühüm rol oynayır. Nazirlik startapların da inkişaf etdirilməsində öz köməyini göstərir”.

Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev isə diqqətə çatdırıb ki, müasir dövrdə texnologiyaların inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektoruna öz təsirini göstərir. Dəyər zənciri daha da mürəkkəbləşir, sektora yeni iştirakçılar daxil olur, nəticədə bank olmayan provayderlərin iştirakı sürətlə artır.

Maliyyə texnologiyaları üzrə innovativ həllərin tətbiqinin genişlənməsi dünya miqyasında fintexlərə olan marağı durmadan artırmaqdadır. Qlobal səviyyədə bu gün maliyyə təşkilatlarının 80 faizi fintexlərlə əməkdaşlıq edir. Əgər 2011-ci ildə dünyada fintexlərə investisiyaların həcmi 1,8 milyard dollar idisə, ötən ilin sonuna bu göstərici 30,8 milyard dollara çatıb. Gələcəkdə fintexlərin effektivliyi və səmərəlilik göstəricisi artdıqca investisiyalar da artacaq.

Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı sammitdə Avropa Banklar Federasiyası, IFC, “Vısa Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və MDB ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatların nümayəndələri iştirak edirlər.