Belə bir dillemanı zəruri edən amil isə münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sərgilədiyi mövqedir. Belə ki, həmsədrlər münaqişənin həllində maraqlı görünmür. Əksinə, həmsədrlər işğalçıya dəstək verməklə, işğalçını işğalçılıq siyasətini davam etdirmək istiqamətində ruhlandırırlar. Elə Minsk Qrupu həmsədrlərinin son bəyanatını bunun bariz göstəricisi hesab etmək olar. Çünki həmsədr ölkələrin hər birinin Cənubi Qafqazda ciddi maraqları olduğundan maraqları toqquşur. O baxımdan da həmsdərlər maraqların uzlaşdırılmasına elə də maraq göstərmirlər. Maraqların toqquşması isə mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirir və münaqişənin sülh yolu ilə həlli ilə bağlı aparılan prosesi dalana dirəyir.
Bu gün həmsədr ölkələrin nəinki Qarabağ məsələsində maraqları uzlaşmır, eyni zamanda dünyanın digər bölgələrində də maraqlarının toqquşması, Qarabağ münaqişəsinin həllini daha da çıxılmaz vəziyyəti salır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi isə imitasiya xatirinə aparılan danışıqlardan uzağa getmir. Bu da effektli və nəticəli danışıqların bərpasına inamı azaldır. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli şanslarının azalması isə sülhün digər alternativ olan müharibə amilini gündəmə gətirir.
Həmsədr ölkələrdən olan ABŞ və Fransanın nə zaman Cənubi Qafqazın onun maraq dairəsinə düşəcəyi və buradakı problemlərə vaxt ayıracağı vaxt da bəlli deyil.
Bunu zəruri edən amillər mövcuddur. Birincisi, Donald Tramp prezident seçildikdən sonra Ağ Evin xarici siyasətində qeyri-müəyyənlik davam edir. Digər amillət isə Yaxın Şərqdə, Şəqri Avropada, xüsusən də Ukraynadakı problem ABŞ və Fransanın Qarabağ münaqişəsinin həllinə olan marağını indiki mərhələdə arxa plana salır.
Rusiyaya gəldikdə isə Moskva imperiya siysətindən əl çəkə bilmədiyindən Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında deyil, öz imperiya maraqları daxilində həll etmək istəyir.
O baxımdan da Moskva Qarabağ münaqişəsinin həllində nə hərb, nə də sülh variantına üstünlük verir. Rusiya elə bir həll variantına nail olmağa çalışır ki, bölgədə onun mövqeləri daha da güclənsin, Ermənistanla bərabər, Azərbaycan da onun nüfuz dairəsində qalsın. Bu səbəbdən də Kreml maraqlarını təmin etmək üçün Qarabağdakı gərginliyi daha da artırır. Kremlin həll variantlarından biri budur ki, işğal olunmuş ərazilərin bir qisminin azad olunması müqabilində Ermənistanla kommunikasiya xətləri açılmalıdır. Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması isə İrəvanla yanaşı, Moskvanın da maraqlarına uyğundur. Moskva bu yolla Ermənistan ərazisindəki 102-ci hərbi bazasını gücləndirmək niyyətindədir. Digər bir məqam isə Rusiya işğal olunmuş ərazilərdə daha çox özünün hərbi qüvvələrinin yerləşdirməsini təkid edir. Hələ Azərbaycanda digər formada hərbi qüvvələrini yerləşdirmək niyyətini demirəm.
Azərbaycanla Ermənistan arasındakı kommunikasiya xətlərinin açılmasından isə 102-ci hərbi bazanı lazımı texnika ilə təchiz etmək istəyir. Çünki Gürcüstan üzərindən 102-ci bazanı hərbi texnika ilə təchiz etmək problem yaratdığından Azərbaycan üzərindən bunu etmək istəyir. Necə deyərlər, Moskva “bir güllə ilə iki dovşan vurmaq” niyyətini , yəni 102-ci hərbi baza ilə birbaşa quru əlaqəsini bərpa etməyə və mövcud mühasirə vəziyyətindən çıxarılmasına çalışır. Baxmayaraq, Rusiya Abxaziya və Gürcüstan üzərindən keçən dəmir yolunun bərpası istiqamətində müəyyən işlər getməkdədir. Hazırda bu məsələlər danışıqalar səviyyəsindədir.
Bir müddət öncə Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistandakı 102-ci hərbi bazanın yenilənməsi və gücləndirməsi ilə bağlı açıqlamaları da buna dəlalət edir. Moskva 102-ci hərbi bazanı gücləndirməklə və bölgədə hərbi iştirakını artırmaqla bütövlükdə Cənubi Qafqazı öz təsir dairəsinə salmağa çalışır. 102-ci hərbi baza ilə quru əlaqəsinin təmin edilməsi Moskvanın bölgədə maraqlarını təmin etmək istiqamətində manevr imkanlarını genişləndirir.
Bu məsələdə İrəvan maraqları ilə Moskvanın maraqları üst-üstə düşür və İrəvan bacardığı qədər bu məsələdə Kremli irəli verməyə çalışır. İrəvan hətta Kremli üçüncü tərəf kimi münaqişəyə birbaşa cəlb etmək istəyir. Ermənistan bu məqsədlə müxtəlif təxribatlara əl atmağa cəhd edir.
Yaranmış durumda Rusiyanın və həmsdərlərin irəli sürdükləri təkliflər Azərbaycanın maraqlarına uyğun gəlmədiyindən, rəsmi Bakı təklifləri qəbul etmir. Azərbaycan məhz ədalətsiz sülh təklifləri səbəbindən Rusiyanın bütün həmsədrlər adından irəli sürdüyü həll planlarına razılıq vermir. Eyni zamanda, Azərbaycan Rusiyanın gözləntilərinin əksinə olaraq, Avrasiya İttifaqına qoşulmağa da hazırlaşmır. Bütün bunlar isə Rusiyanın regional planlarına əngəl törədir və Moskvada qəzəb yaradır. Və haqlı olaraq da Azərbaycan bu təklifləri qəbul etmir və bu müqavimət davam etdirilməlidir.
Müqavimətin daha effektli formada davam etdirilməsi üçün kompleks tədbirlərə əl atılmalıdır. Bura cəmiyyətin bütün təbəqələri cəlb edilməlidir. Hesab edirəm ki, rəsmi Bakı danışıqlar prosesinin gedişi ilə bağlı ictimaiyyət məlumatlandırmalı və bu məsələdə ictimaiyyətin dəstəyi alınmalıdır. Məlumatsızlıq isə bəzi qaranlıq məqamlara yol açır. Bu da maraqlarımıza cavab vermir.
Cəmiyyətin dəstək taktikasından zamanında Heydər Əliyev istifadə edib və bu taktikadan yenə də istifadə etməyin zamanıdır. Bunun üçün geniş ictimai dinləmələr təşkil olunmalıdır. Qarabağdakı vəziyyətlə bağlı Milli Məclisdə ya qapalı, ya da açıq bir dinləmə təşil etmək daha uyğun olar. Bu zaman hücum diplomatiyası yaddan çıxarılmamalı, Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunmasına nail olmalıyıq.
Düşünürəm ki, mövcud şəraitdə Bakının sakitliyi yolverilməzdir. Bundan daha çox əks tərəf yararlanır. Minsk Qrupu həmsədrlərinin İrəvana dəstək xarakterli bəyanatını bununla izah etmək olar.
Mürtəza Bünyadlı